ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR

Detektiv roman

49510    |   2017-02-01 21:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəssabın indicə boğazına bıçaq çəkdiyi qoyun kimi fınxırır, dabanları ilə torpağı eşir və ildırım çaxmış adam necə qovrulurdusa elə qovrulur, nə baş verdiyini anışdıra bilmirdi. Və yəqin ki, anışdırmağa heç vaxtı da çatmayacaqdı, ömrünün son dəqiqələrini yaşayırdı. İlk anda ildırım sandığı güllə sağ çiynini parçalamışdı. Yaradan buğlana-buğlana axan qanın barıt iyinə qarışmış qəribə bir qoxusu gəlirdi. Amma artıq o bu qəribə qoxunu hiss edəcək, duyacaq halda deyildi.

Çox çətinliklə gözlərini açmaq istədi, qanı üz-gözünə dağıldığından kipriklərini zorla aralaya bildi, amma heç nəyi aydın görə bilmədi. Ağacların arasından süzülüb gələn gün işığının qarşısını nə isə kəsmişdi. İldırım sandığı qəfil güllə zərbəsindən sonra hissi yavaş-yavaş özünə qayıdırdı. Və nəhayət başa düşdü ki, onu ildırım vurmayıb, güllə dəyib. Əlini silahına atmaq istədi, amma nə illah elədi əli sözünə baxmadı, elə bil bədəninin bir tərəfi yox idi. Buğlanan qanının və barıtın qoxusunu da indi duymağa başladı. Alnına dayadılmış tüfəngin hələ soyumamış isti lüləsini də hiss elədi. Hissi özünə qayıtdıqca gözlərini bir az da geniş aça bildi və gördü ki, ağacların arasından süzülüb gələn gün işığının qarşısını kəsən nə isə yox, onun canını almağa hazırlaşan Əzrayıldı və qonub sinəsinə. Və bu Əzrayıl onun canını bir anda alıb ona öldüyünü bilməmək xoşbəxtliyini qismət etmək istəmirdi. Və sanki Əzrayıl bu əzablı ölümü ona yaşatmaqdan bir zövq, bir ləzzət alırdı.

Amma sinəsinə qonmuş Əzrayıl Allahın insanların içində həmişə vahimə ilə gəzdirdiyi və heç vaxt qaçıb qurtula bilmədiyi mələyinə qətiyyən oxşamırdı- nə əlində alma vardı, nə də qılınc. Adicə insan idi, üz-gözündən də zəhər-zəhrimar yağan bir insan. Və bu insan çox soyuqqanlılıqla tüfəngi onun alnına dayamışdı, amma atmırdı, ovunun ölüm qabağı çəkdiyi əzabı seyr edərək ürəyini soyudurdu.

Amma qan içində çabalayan ovunun əzab içində ölümünü sonadək izləməyə gücü çatmadı. Ürəyi ağzına gəldi, qusmaqdan özünü zorla saxladı. Və gördü daha dözə bilmir, tüfəngin lüləsini ovunun alnından sinəsi aşağı sürüşdürdü. Və kişilərin həmişə böhtan atmağı xoşladığı və öyündüyü yerdə saxlayıb, tətiyi çəkdi.

***

Qan iyinə bir sürü çaqqal qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar, barıtın qoxusundan qorxduqlarından hələ ki, cəsədə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar, pay üstə bir-birinə mırıldayır və hərdən də boğuşurdular. Əgər əsgərləri tikintidən hərbi hissəyə qaytaran maşın bir az da gec gəlsəydi yəqin ki, çaqqallar cəsədi parça-parça edəcəkdilər. Amma maşının qəfil gəlişi çaqqalları ömürlərində indiyədək görmədikləri belə dadlı yeməkdən məhrum elədi.

Sürücü yolun ortasında "Cip"i görcək tanıdı və maşını saxladı. Əyləc səsinə çaqqallar bir an başlarını qaldırıb maşına tərəf boylandılar, amma əvvəl-əvvəl heç nəyi veclərinə almadılar. Kabinədəki zabit dərhal qapını açıb yerə sıçradı və "Cip"ə tərəf qaçdı. Qaça-qaça da çaqqalları qorxutmaq üçün havaya güllə atdı. Güllə səsindən qorxan çaqqallar vaqqıldaya-vaqqıldaya öz dillərində zabitə söyə-söyə narazı-narazı götürüldülər. Və zabit çaqqalların dağıtdığı meyidi görəndə yerindəcə dondug

***

İstidən günəş də yaxasını-başını açdığından göydən od yağmırdı ey, od tökülürdü. Bəziləri göydən tökülən oddan qorunmaq üçün özlərini vermişdi ağacların kölgəsinə, köynəklərini bürmələyib başlarının altına qoyub mürgü vururdu, üç-dörd nəfər başqa bir ağacın altında kart oynayırdı. O isə dörd-beş əsgərlə birlikdə çörək yeyirdi. Daha doğrusu yemirdi, qarşısındakı borşla midilənirdi.

İt kimi yox, itdən də betər yorulmuşdu. Onu yoran iş-güc deyildi, onu yoran çəkdiyi əzab da deyildi. Onu yoran əsgər yoldaşlarının mütiliyi, komandirlərin buyurduğu ən murdar işləri görməyə hazır olmaları və görmələri idi. Nə müddət idi o da başqa əsgər yoldaşları kimi komandirlərin bütün murdar əmrlərini yerinə yetirirdi. Amma içində bu əmrlərə qarşı bir qiyam vardı. Düzdü, bu qiyamı hələ içindən bayıra çıxara bilmirdi, hərdənbir deyinirdi. Və deyinəndə də əsgər yoldaşlarının arasında özünə bir həmfikir axtarırdı, amma tapa bilmirdi. Və hətta görürdü ki, əsgər yoldaşları nəinki təhqir olunmalarına dözürlər, əksinə özlərini daha rahat, daha xoşbəxt hiss edirlər.

Onların batalyonu o biri batalyonlardan fərqliydi. Hissəyə gecədən-gecəyə yatmağa gələrdilər. Nə təlimə çıxırdılar, nə posta gedirdilər. Şənbə-bazar günləri də günortadan sonra yemək-içməklərindəydilər. Telefonla çağırdıqları taksilərə doluşub şəhərə qız dalınca da gedirdilər. Bu batalyonu hərbi hissədəki əsgərlər qibtə ilə "bəxtəvərlər batalyonu" adlandırırdılar. Amma bu batalyon onun gözündə alçaldılmış və təhqir olunmuşların batalyonu idi. Və onu da bilirdi ki, əsgər yoldaşlarının ataları övladlarını bu alçaldılmış və təhqir olunmuşların batalyonuna saldırmaq üçün komandirlərə rüşvət də veriblər.

Əslində elmi işi üçün burda çox gözəl material vardı. Amma daha elmi işi də onu maraqlandırmırdı. Hər şeydən iyrənmişdi - qırmızı diplomundan da, həvəslə başladığı elmi işindən də, əsgər yoldaşlarından da.

Və artıq sevdiyi qıza məktub yazmaqdan da iyrənmişdi, nə yazaydı onag

Fəlsəfə müəllimi həmişə ona deyirdi ki, səbr bir dağdı, üstünə gəlir, əgər özünü saxlaya bilsən o dağın zirvəsinə qalxacaqsan, amma özünü saxlaya bilməsən o dağ səni altına alıb əzəcək. Yaratdıqlarının çoxdan boğaza yığdığı Tanrının onlara yazığı gəlib, bəşəriyyəti xilas eləmək üçün göndərdiyi sonuncu kitabı - "Qurani-Kərim"i də oxumuşdu. Səbr haqqında onlarla hədis də bilirdi, tələbəlik illərində səbrsizlik edən yoldaşlarına da o, səbr və dözüm aşılayardı.

Və indi də neçə ay idi səbr edirdi. Amma day ona hədislər də kömək edə bilmirdi və bu səbr onu dağın zirvəsinə qaldırmır, əksinə altına alıb əzirdi. Və artıq səbr eləməkdən də iyrənmişdi və yorulmuşdu.

Yorulmuşdu, özü də elə yorulmuşdu ki, qarşısında bir boşqab borşu yeməyə də ərinirdi, midilənirdi.

Borş uşaq vaxtları onun ən çox sevdiyi xörək idi, qırmızı zılxla, özü də qoyun ətiylə. Onların evində heç vaxt borş bişirməzdilər. Bu rus xörəyi sayılırdı. Amma borşu rus xörəyi olduğuna görə yox, borş bişirmək ənənələri olmadığına görə bişirməzdilər. Və ailədə ondan başqa heç kimin bu xörəyə marağı olmadığına görə də anası borş bişirməyi öyrənməyə maraqlı olmamışdı. O borş yeməyi Bakıya olimpiadalara gələndə öyrənmişdi. Müəllimləri onları ucuz yeməkxanalara aparar və zorla borş yedirdərdi ki, həm çox xeyirlidi, həm də bədəni üşüməkdən qoruyur. O da ilk dəfə borşu həmin ucuz yeməkxanalarda yemişdi və çox xoşuna gəlmişdi.

Ürəyindən tez-tez borş keçərdi. Anası deyərdi ki, "ay oğul, bu urus yeməyini xalan yaxşı bişirir, get onlarda ye".

Xalası uzun müddət Rusetdə yaşadığından doğrudan da gözəl borş bişirirdi, həm də qaynanası bakılı idi. Bakılı olmaq o deyildi ki, bakılılar rus idilər, sadəcə olaraq bunu ruslardan öyrənmişdilər.

Xalası da bilirdi ki, o, borşu sevir, onun xətrinə hərdən borş bişirərdi və xəbər göndərərdi ki, gəl bizə. O da sevinə-sevinə qaçardı xalasıgilə. Sokratın bir sözündən xoşu gələrdi: "Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm". O da Sokrat kimi yeməkdən ləzzət almırdı, istəyir plov olsun, ya kolbasa, fərq etməzdi, təkcə borşdan ləzzət alırdı.

Əsgərliyə gələn günü borş verdilər, çox sevindi, az qalırdı borşu gözünə təpsin. Hətta əsgər yoldaşları onun bu ətsiz borşu belə ləzzətlə yeməyinə təəccüblə baxırdılar:

- Ə, elə bil bu aclıqdan çıxıb!

İkinci gün, üçüncü gün, onuncu gün və artıq borşdan da iyrəndi.

Və indi qarşısındakı borşdan bir-iki qaşıq almışdı, boğazından keçmirdi və midilənirdi.

Boşqabı bir kənara itələdi, başını qaldırıb gah mürgü vuranlara, gah kart oynayanlara, gah da onunla bir stolda çörək yeyən əsgər yoldaşlarına baxdı. Onların bəzilərinin üzündə təkəbbür də vardı, özündən razılıq da, mənasız sifətlər də çox idi. Amma bu təkəbbürlüyə, özündənrazılığa baxmayaraq ona elə gəldi ki, Dostoyevski "Alçaldılmış və təhqir olunmuş insanlar"ı onun bu əsgər yoldaşlarına yazıb. Həmin alçaldılmış və təhqir olunmuş insanlardan da biri elə onun özüdü, özündən də iyrəndi. Qalxdı ayağa və hirslə qarşısındakı borş dolu boşqabı götürüb tulladı həyətin ortasına və bağırdı:

- Bəsdi!

Bir anda qaşıq-boşqab davası dayandı, ortalığa bir sükut çökdü, kart oynayanlar da əl saxladı, bağırtı mürgü vuranları da oyatdı, başlarını tənbəl-tənbəl qaldırdılar və hamı təəccüblə ona baxdı.

O isə bir az da bərkdən bağırdı:

- Bəsdi!

Təəccüblə ona baxan uşaqlar:

- Nədi, ə? Dəli olmusan?

- Nə bəsdi?

- Niyə bağırırsan? Qoy zəhrimarımızı yeyək də!

O bir daha hamını diqqətlə süzdü və dedi:

- Deyirəm bəsdi! Bəsdi bizi bu qədər təhqir elədilər. Bu qədər alçaltdılar!

Kimsə yerdən:

- Ə, yenə nə özündən çıxmısan?! Kimdi bizi təhqir eləyən, bizi alçaldan?

Əlini vurdu stola:

- Alçaldılmaq, təhqir olunmaq necə olur?! Biz bura Vətəni müdafiə eləməyə gəlmişik, yoxsa hansısa komandirə villa tikməyə, tualet tikməyə, it damı tikməyə?!

Dədə əsgərlərdən biri:

- Akademik, bu olmadı də, sən yenə başladın? Deyəsən qarın, yağışın altında sitildəyə-sitildəyə səngərdə oturmaqdan xoşun gəlir. Get otur də, qabağını kəsən var?! Day niyə bağırırsan?

Yaxınlaşdı Dədənin yanına:

- Sən o səngərdə qarın, yağışın altında sitildəyən, yayda bişən uşaqlardan artıq oğlansan?

Dədə:

- Hə, artıq oğlanam ki, burda ağacların kölgəsində mürgü vururam də! Ayrı sözün var?

- Var! Nə sən, nə də bizim heç birimiz o səngərlərdəkilərdən artıq oğlan deyilik. Onları da bizim kimi ana doğub, inək doğmayıb. Mən də heç kimi nə təhqir eləmək istəmirəm, nə də alçaltmaq. Amma mən də istəmirəm ki, heç kim nə məni, nə də sizi alçaltsın. Siz də sizi alçaldanlardan əskik kişinin oğlu deyilsiz. Biz bura əsgərlik eləməyə gəlmişik, kimə isə nökərçilik eləməyə, qoyun otarmağa yox.

Kimsə gülüb dedi:

- Sevin ki, hələ donuz otartmırlar, mən donuzdan iyrənirəm.

Çiçəyi Burnunda olan əsgərlər susmuşdular, onların böyüklərin söhbətinə qarışmağa nə hüquqları vardı, nə də hədləri, gözləyirdilər görsünlər bu söz-söhbətin axırı necə olacaq, kimin xeyrinə qurtaracaq.

Əslində o da çiçəyi burnunda əsgər sayılırdı. Amma həm yaşına, həm də təhsilinə görə dədələr, ağsaqqallar ona hörmət göstərib öz sıralarına almışdılar və "Akademik" deyə müraciət edirdilər.

Ağsaqqallardan biri qabağındakı boşqabı əli ilə kənara itələyib dedi:

- Ə, Akademikin sözünü niyə qəribçiliyə salırsız?! Kişinin oğlu düz deyir də! Bizi qul kimi işlədirlər, biz də bunu hörmət kimi qəbul edirik, bundan ləzzət alırıq. Hər ay da komandirin bığının altından keçirik. Nədi, nədi, posta getmirik, səngərdə üşümürük. Nə qalxın deyən var, nə yatın.

Akademik dəstək aldığından bir az da ürəkləndi:

- Qardaşlar, biz bura Vətəni qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib gün keçirməyə yox! Evə dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalancaqsız? Sement qarışdırmağınızla, daş daşımağınızla?! Yoxsa axşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən daha heç kimə nökərçilik edən deyiləm. Sizə də məsləhət bilmirəm.

Bu vaxt darvazanın ağzında bir maşın dayandı, sonra darvaza açıldı və Batalyon Komandiri girdi həyətə.

Çavuş onu görcək yerindən dik atıldı və bağırdı:

- Batalyon, düzlən!

(Ardı var)




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK