ANA SƏHİFƏ / YAZARLAR

Aran torpağının 65 yaşlı Səyyadı

Yazıçının “Sazaq”la gələn “Təmizlik kağızı”, “Balıq günü”, “Soyuq günəş”i

13889    |   2017-01-06 18:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış ictimai-siyasi xadim, istedadlı yazıçı-publisist Səyyad Aranın 65 yaşı tamam olur. Rəsmi və qeyri-rəsmi keçiriləcək tədbirləri, orada səslənəcək təbrikləri bir neçə gün qabaqlamağımızın özəl bir səbəbi var. Yubilyarın "Sazaq" adında yeni bir kitabı işıq üzü görüb. "Vektor" Beynəlxalq Nəşrlər Evində çap olunan kitaba Səyyad Aranın müxtəlif illərdə qələmə aldığı hekayələri daxil edilib.

"Sazaq"la gələn əsərləri barədə qeydləri yazının növbəti bölümünə saxlayaq. Əvvəlcə yubilyarın özü barədə qısaca bir neçə kəlmə qeyd etmək yerinə düşər. Beləliklə...

Səyyad Aranın özü

Söz vaxtına çəkər, Səyyad Aran 65 il öncə məhz yanvarda dünyaya gəlib, özü də Aran elində - İmişli rayonunun Qaradonlu kəndində. 1972-ci ildə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib, doğma rayona qayıtdıqdan sonra uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, sıravi müəllimlikdən İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.

1991-ci ilin əvvəlində Bakıya köçən Səyyad Aran mətbuat sahəsində çalışıb, "Elm" qəzetində şöbə müdiri, "Səs" qəzetində isə baş redaktorun birinci müavini olub. İstedadlı publisist mətbuatın inkişafındakı xidmətlərinə görə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Səyyad müəllim Azərbaycan ədəbiyyatını dərindən bilən bacarıqlı alimdir. Xalq yazıçısı Mövlud Süleymanlının yaradıcılığı barədə elmi işini uğurla müdafiə edib, filologiya elmləri namizədidir.

Səyyad Aranın yeri

Azərbaycan müstəqillik qazandıqdan sonra Səyyad Aran dəyəli ziyalı kimi həmişə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucularından biridir, təsis konfransında partiyanın Siyasi Şurasına seçilib. YAP Mərkəzi Aparatında şöbə müdiri kimi fəaliyyət göstərib. Millət vəkili olaraq parlamentdə həm hakim partiyanı, həm də Zərdab-İmişli seçki dairəsində yaşayan sakinləri təmsil edib, 1995 və 2000-ci illərdəki seçkilərdən sonra formalaşan Milli Məclisdə müxtəlif qanunların hazırlanmasında iştirakçı olub.

Səyyad müəllim diplomatik sahədə də öz bacarığını göstərib, Azərbaycanın Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Baş konsulu, eyni zamanda ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb, ona birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Təcrübəli və tanınmış ictimai-siyasi xadim bilik və bacarığını Azərbaycanın inkişafı, tərəqqisi üçün bu gün də əsirgəmir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi məsul vəzifədə çalışır.


Səyyad Aranın sözü

İlk hekayəsi 1978-ci ildə "Ulduz" jurnalında dərc edilən Səyyad Aranın bu illər ərzində həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif kitabları işıq üzü görüb. İstedadlı yazıçı-publisistin qələminin məhsulu olan "Körpü", "Soyuq günəş", "Xaosdan sabitliyə", "Heydər Əliyev və Azərbaycanın dövlət neft strategiyası", "Sandıqda qalan muştuluq" kitabları ədəbi ictimaiyyətin diqqətini çəkib. Səyyad müəllim Yazıçılar Birliyinin Rəyasət Heyətinin üzvüdür.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, Səyyad Aran 65 illik yubileyi ərəfəsində "Sazaq"la oxucularının görüşünə gəlib. Professor Elçin İsgəndərzadənin redaktorluğu ilə ərsəyə gələn bu kitabın üz qabığının rəssamı Əlisəmid Kürdü. Müəllifin yeni kitabında "Təmizlik kağızı", "Soyuq günəş", "Balıq günü", "Günün günorta vaxtı", "Havalar soyuyanda" və "Sazaq" hekayələri yer alıb. Səyyad Aranın qəhrəmanları oxucunun tanıdığı, üzbəüz gördüyü, haqqında eşitdiyi insanlardı.

Eldar atasının üzünü görməyib, hər gün şəkilinə baxır, xəyalı ilə söhbət edir, onun qayıdacağı günü gözləyir. Atası Kamalın şəkli divarda Stalinin portreti ilə yanaşı asılıb. "Dahi rəhbər" generalissimus formasında insanları salamlayır, atası Kamalın yaxasında isə "Qırmızı bayraq" ordeni var. Amma bu orden də Kamalı repressiya adlı divin hücumundan xilas edə bilməyib. Eldarın dünyaya gəlməsinə bir neçə ay qalmış atasını şərləyib tutublar. "Ayyta... Ayyta, kaş bircə günlüyə kəndimizə gələydin. Əlindən tutub bütün küçələrdən keçəydim. Sonra birlikdə rayonda şəkil çəkdirib, böyütdürüb bu şəkillə yan-yana asaydım..."

Vəziyyət o qədər ağırdır ki, insanlar kənddə bir-birilərinə salam verməyə belə qorxurlar. Tutulan Kərimin arvadı Suğra dəli olub, gecələr ağacda yatır, uşaqlarını "detdoma" veriblər. Eldar inanır ki, anası Solmaz dözümlü qadındır, Suğra xala kimi eləməz. Ana-bala bütün çətinliklərə dözüb Kamalın "təmizlik kağızı"nı - bəraət alacağını günü gözləyirlər.

Matros Məhərrəm, onun Polşadan gətirdiyi Yelena, hamının əvəzindən Sibirdən sağ-salamat qayıdan İmran, Fitat xala... Hamı bu ağrılı-acılı günlərin tez sona çatması arzusu ilə yaşayır. Amma nə balaca Eldar, nə də anası Solmaz həmin o xoş günü görə bilmirlər ("Təmizlik kağızı"). Müəllif bu hekayəni 37-ci il qurbanlarına və onların ata üzü görməyən balalarına ithaf edib.

"Soyuq günəş" hekayəsinin qəhrəmanları da hər gün rastlaşa biləcəyimiz real insanlardı. Kənddə riyaziyyat müəllimi işləyən Kamil, onun paytaxtda ticarətçi işləyən qaynı Zahid, qaynı arvadı Namilə, baş müstəntiq Məmmədov, xəyanətə görə ərini baltalayıb məhbus həyatı yaşamağa məcbur olan qadın, təsadüfən tanış olduğu Nuray...

Bir neçə günlüyə Bakıya gələn Kamilin mehmanxanada etdiyi adi hərəkət onun həyatını dəyişir, mənəvi sarsıntı keçirir. Ailə üzvlərinin, rayonda ona hörmət bəsləyən insanların bu xəbəri eşidincə nələr düşünəcəyi daim onu narahat edir. Qatarla doğma rayona qayıdarkən yol məhz bunları fikirləşir. Ən çox sonbeşiyini-qızını xatırlayır, həmişəki kimi uşağı bağrına basıb nəfəsi kəsilənə kimi iyləmək istəyir. Lakin...

Miryusif böyük qızını yenicə gəlin köçürüb, toydan sonra iki adama borclu qalıb, ona görə də mövsüm bitməmiş özünə əziyyət verib hər gün balıq ovuna gedir ki, bol səfərlə borcu qaytara bilsin. Arvadı isə onun balıq iyi verən paltarlarını hər ütüləyəndə o dünyanı görüb gəldiyini deyir.

Balıqçı yoldaşı Niyaz, müəllimlikdən qəti xəbəri olmasa da, uşaqlara karate öyrətdiyinə görə hamının kənddə "müəllim"- deyə çağırdığı İlyas, Qarabağ savaşında çiyin-çiyinə vuruşaraq dəfələrlə ölümdən dönən Rauf və Ələsgər, tamahı üzündən bu ikin dostu çıxılmaz vəziyyətdə qoyan Zeyqəm... Bakıdan qonaq gələn Zeyqəmin yanlış hərəkəti üzündən balıqçıların ovuna haram qatılır, bununla da kənddəki mənəvi mühit pozulur (Balıq günü").


Ağsaqqalların dördünün də gözü yol çəkir - Ağarza, Mirəli, Cavad və Hüseynağa. Cəfərgildən gələn xəbəri gözləyirlər. Kəndin ən yaşlı sakinləridir, sıralarının seyrəlməyindən narahatdırlar, Cəfərin yatağa düşməsindən sarsılıblar. Təsbehin sapı qırılıb, dəc pozulub sanki. Növbəti kim olacaq? Qarapaltarlı qadınların Cəfərgilə tərəf yol almasından sonra dördü də üşüməyə başlayır ("Sazaq").

Kitabda yer alan digər hekayələr də maraqla oxunur, yazıçı Aran camaatının gündəlik danışığındakı şirinliyi, özünəməxsusluğu və koloriti saxlamağı bacarıb. Xalq yazıçısı Mövlud Süleymanlı necə də dəqiq müşahidə edib: "Səyyad Aran bütün olanlara-olacaqlara-yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi-ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa, qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir".

65 illik yubileyi qeyd olunan günlərdə yeni kitabı ilə oxucularının görüşünə gələn istedadlı yazıçı-publisisti, tanınmış ictimai-siyasi xadimi ürəkdən təbrik edirik!

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2017-06-24
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK