adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
01 Dekabr 2021 10:05
154
ANALİZ
A- A+

Laçında həyat yenidən canlanacaq

Bu gün Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümüdür. 


 Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 ildən sonra öz azadlığına qovuşdu.   

Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən, füsunkar təbiətə malik olan Laçın, həm də faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur. 

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı  yalnız Azərbaycan iqtisadiyyatına deyil, mədəniyyətimizə, tarixi-mədəni irsimizə də ciddi ziyan vurdu. Erməni işğalı nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir.  Lakin  rəsmin İrəvanın işğalçılıq siyasəti bununla yekunlaşmamışdır. Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirmiş,  rayonun təbii resurslarını talan  olunaraq  əlavə qazanc mənbəyinə çevrilmişdir.  Xüsusi ilə  qeyri-qanuni olaraq Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini aparmışdır. Bununla da  işğalçı tərəf   demoqrafik tərkibin dəyişdirilməsinə  çalışmışdır.  Əfsuslar olsun ki, bütün bunlar  beynəlxalq təşkilatların gözü qarşısında baş verirdi.  Azərbaycanın etirazlarına baxmayaraq heç bir qurum  Ermənistanın beynəlxalq hüquqi norma və prinsiplərini pozduğuna görə qınamadı, ona qarşı hər hansı sanksiya tətbiq edilmədi. 
 
Zaman yetişdi və  Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
  
Artıq Laçın azaddır və burada tikinti- quruculuq işləri aparılır.  Bu ilin   fevral və  avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Laçın rayonunda səfərdə olmuşlar.  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. 

Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı yol, enerji infrastruktur layihələri reallaşdırılır.  
 İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Artıq Füzuli Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. 

Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Bəli, Azərbaycan  Vətən Müharibəsindən ötən bir il ərzindəişğaldan azad olunmuş ərazilərdə nəhəng miqyaslı layihələr həyata keçirməklə, bütün dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu bir daha nümayiş etdirir. Tezliklə, keçmiş məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdacaq, Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlacaqdır.
 
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 
professor Hicran Hüseynova

Digər Xəbərlər