adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2021 13:38
924
MƏMLƏKƏT
A- A+

2907-nin biri - Rizvan Nəsiboğlu yazır

Şəhid Nicat Baxşəliyevin xatirəsinə

...1993-cü ilin isti bir yay günü doğulmuşdu qocaman Bərdədə. Bu gəlişi ilə evlərindəki balaca dünyanı da sevincə qərq eləmişdi. Pəncərədən Ziyafətin evinə düşən günəşin işığı da çoxalmışdı elə bil. Körpə Nicatın gəlişi ilə dünyası təzələnmişdi. İçində qəribə bir təbəddülat vardı. Bu münasibətlə deyilən təbriklər bir az da utandırırdı gənc atanı.

Beləcə illər bir-birini qovdu. Böyüyüb yaraşıqlı, yurdsevər, torpaqcanlı, istiqanlı bir oğlan olmuşdu. Doğmaların, dostların, hətta yaxın qonşuların sevdiyi bir gənc idi-Nicat.

Üzündə silinməz-pozulmaz bir təbəssüm var idi. Sakit və azdanışan idi. Azca ünsiyyətdə olsan, elə bilərdin ki, sizin evin uşağıdı. İnsana xas olan yaxşı nə var idisə hamısı onda cəmlənmişdi.

Cəbhəyə getməmişdən anasını itirmişdi. Dərd-sərini bildirən birisi deyildi. Hiss eləyirdin ki, çəkdiyini xəlvət-içində çəkir. Dərd bölən adama da oxşamırdı. Üzündəki təbəssüm onu tamam “örtürdü”.

Hərdən rastlaşırdıq. Tez salamlaşıb ötmək istəyirdi. Qəsdən onu bəzən ləngidirdim. Çox istəyirdim bu az-az gördüyüm oğlanı. İnsan onun səmimiyyətindən rahatlanır, darıxmırdı.

Bir dəfə evlərində (o mənim əmim nəvəsidi) çay süfrəsində bir azca dərdləşdik. Rəhmətlikdən söz almaq yayda dağdan qar almaq kimi bir şey idi.

Məni yola salanda gördüm ki, sözlü adama oxşayır. Bir az yaxın gəlib, utana-utana “əmi, bir söz desəm, atamgilə deməzsən ki?!”- dedi. Mən, bu qeyri-adi təmasdan diksinən kimi oldum. Ona söz verdim ki, nə sirr olsa, aramızda qalacaq.

“Müharibə başlasa mən cəbhəyə gedəcəm. Mən bu sarsıntıya, bu töhmətə dözə bilmirəm. Milləti bu üzüntüdən qurtarmaq gərəkdir”...Mən təəccüblə ona baxdım. Və hiss elədim ki, mən bu gülərüz, qara dinməz oğlanı yaxşı tanımıram

Dedi, əlimi möhkəm sığıb uzaqlaşdı. İkimiz də kövrəlmişdik... Onun arxasınca baxa-baxa qaldım.

Az sonra eşitdim ki, evlərinə çağırış gəlib. Güman ki, könüllü cəbhəyə getmək üçün ərizə vermişimiş. Atası, doğmaları çox dilə tutublar ki, fikrindən dönsün qətiyyətlə bildirib ki, torpaqlarımız azad olunmayana qədər burda dura bilmərəm. Öldü var döndü yoxdur!

...18 oktyabr 2020-ci il tarixdə Ağdərə uğrunda gedən qanlı döyüşlər zamanı səngərdə vuruşan 9 əsgərin 3-ü şəhidlik zirvəsinə ucalır. Nicat Ziyafət oğlu Baxşəliyev də onların arasında idi. Əslində Nicat, doğma Qarabağ torpağının azadlığını doğmalarından üstün tutan 2907 şəhiddən biri oldu.

Söz ardı. Son nəfəsində əsgər dostlarından birinə vəsiyyət edib ki, məni Bərdədə anamın yanında dəfn eləsinlər.

Bərdənin Dəmir yol vağzalının yaxınlığındakı Alaçadırlı qəbirstanında qara mərmərdən ucaldılmış bir məzar var. Ordan bir üzügülər əsgər boylanır-ana məzarının qonşuluğundan. Məqamın mübarək şəhid Nicat Baxşəliyev. Məkanın cənnət olsun!