adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Oktyabr 2021 15:18
859
ƏDƏBİYYAT
A- A+

BİR XEYİR- DUANIN TARİXÇƏSİ - Əlisəfdər Hüseynov yazır

(Xalqın şairi Məmməd Arazın ruhuna)

Söz adamlarının nə yazmaları ilə yanaşı həm də necə yazmaları, yəni yaradıcılıqlarının necə deyərlər, texnoloji tərəfi də məni həmişə maraqlandırıb. Çünki bu, çoxlarının fikirləşdiyi kimi əhəmiyyətsiz fakt deyil, yaradıcılığın psixologiyası ilə bağlı ciddi bir məsələdir. Bizə əhəmiyyətsiz görünən hansısa bir nüans - məsələn, "dədə- baba" qaydası ilə yazanda qələmin rəngi, yaxud, deyək ki, otağın havasının temperaturu, günün vaxtı, sakit və ya səs-küylü aura...nə qədər qəribə səslənsə də yazılan əsərin taleyində iz sala bilər...

Nə isə, bu məsələni psixoloqların öhdəsinə buraxıb keçirəm əsas mətləbə

R. Qazıyev müdafiə naziri olanda onun " müdrik" qərarı ilə "dəfn olunmuş" Azərbaycan ordusu" qəzeti 1993 - cü ilin mayında yenidən nəşr olunmağa başladı və onun fəaliyyətinə xeyir - dua almaq üçun seçdiyimiz yaradıcı şəxsiyyətlərdən biri də xalq şairi, hamımızın sevimlisi Məmməd Araz idi. Qəzetin ilk ənəkdaşlarından biri kimi bu çətin missiyanı mən öz üzərimə götürmüşdüm. Çətin ona görə deyirəm ki, şair artıq neçə il idi ki, ağır xəstə idi, nitq qabiliyyətini itirmişdi, onunla ünsiyyət qurmaq, fikirlərini yazı mətni formasında əldə etmək lazım gəlirdi ki, bu da asan məsələ deyildi. Amma xoşbəxtlikdən mən bu işin öhdəsindən gəldim...

Məmməd müəllimin o vaxt "Gülnarə" kafesinin üstündə neçənci mərtəbədə yerləşdiyini xatırlamadığım mənzilinə daxil olanda o, fotosurətini gördüyünüz bu mətnin son abzasını yazırdı. Mən çay içə- içə gözləyir və fikirləşirdim ki, nə yaxşı bu böyük şairin masa arxasında oturub Azərbaycan əsgərinə müraciətlə yazdığı mətnin bu dünyaya gəlmə prosesinə şahidlik edirəm, qeyri- adi xətlə,qəribə bir yazı tərzi ilə yazılan mu mətn mənim gözlərim qarşısında doğulur.

...O xoş anları bir də yaşamaq, xəyalən də olsa şairin iş otağının o sehirli aurasına düşmək üçün tez- tez 26 ildən də çoxdur ki, arxivimdə qoruyub saxladığım bu avtoqrafa baxır, yazılanları Allah bilir, neçənci dəfə bir də oxuyuram. Bu dəfə isə istədim ki, siz də o o anların yaz günəşi kimi ilıq təəssüratını mənimlə birgə yaşayasınız, əziz dostlar.

Ruhun şad olsun, Məmməd Araz!