adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2021 10:48
3602
MARAQLI
A- A+

Baqqalın qızı, ölkənin yeganə qadın baş naziri, ölümü ilə soydaşlarını sevindirən "Dəmir Ledi"

Əfsanəyə dönmüş  Marqaret Tetçer – başqa sözlə, dünyanın yaddaşına “Dəmir ledi ” kimi yazılmış ən valehedici, mənfur, cazibədar, deyingən, radikal və mühafizəkar lider!

Bu gün  XX yüzilliyin son 20 ilinə öz möhürünü vuran və beynəlxalq aləmdə ən çox tanınan  britaniyalı liderin doğum günüdür.
Adalet.az xəbər verir ki, Marqaret Tetçer (qız soyadı Roberts) 13 oktyabr 1925-ci ildə Linkolnşirdə (Qrentem rayonunda) anadan olub. Atası Alfred Robertsin baqqal piştaxtası vardı. Buna baxmayaraq, ticarətlə yanaşı, siyasətə də qoşulur, yerli icmanın işlərində yaxından iştirak edir, bələdiyyə şurasının toplantılarına qatılırdı.
Müəyyən vaxtlarda Qrentemin meri vəzifəsini tutmağa müvəffəq olmuş Alfredin qızları Marqaret və Myuriel ciddi ənənələrə əsaslanan tərbiyə görmüşdülər. Onların təhsil cədvəli həddən artıq sıx qurulmuşdu. Qızlar boş vaxt tapa bilmirdilər. Təkcə onu deyək ki, gələcəyin xanım baş naziri məktəbdə oxuduğu illərdə əlavə olaraq çoxsaylı fakultətiv məşğələlərə də qatılırdı.
M.Tetçer kimya üzrə ali təhsil almışdı.

 

Dörd il ərzində Oksford Universitetində bu elmin sirlərinə yiyələnmişdi. Təbiət elmləri üzrə bakalavr dərəcəsi almışdı. Bir neçə il tədqiqatçı-kimyaçı kimi fəaliyyət göstərərək dondurma üçün lazım olan emulsifikatorun hazırlanması ilə məşğul olmuşdu.

 Addım-addım zirvəyə

 

Hələ Oksfordda təhsil aldığı müddətdə Marqaret Roberts Mühafizəkarlar Partiyasının universitet assosiasiyasının sədri vəzifəsini tutdu. 1950-ci ilin əvvəlində ölkə parlamentinə düşmək uğrunda mübarizə apardı. İstəyinə 1959-cu ildə çatdı - İcmalar Palatasına üzv seçildi. Öncə Təqaüd və Dövlət Sosial Sığortası Nazirinin parlament müavini vəzifəsini tutdu, sonra tikinti və torpaq sahibkarlığı məsələlərilə məşğul oldu. Ölkədə ölüm hökmünün saxlanılmasının tərəfdarı kimi çıxış etdi. Həmçinin homoseksualların cinayət məsuliyyətindən azad olunmasına səs verdi.
1960-cı illərin sonlarında Marqaret beynəlxalq səfər proqramlarına qatıldı və bu çərçivədə ABŞ-dan olan siyasətçilərlə görüşdü. Nəticədə rəsmi müxalifətin kölgə kabinetinin üzvünə çevrildi. 1970-ci ildə hakimiyyətə mühafizəkarlar gələndə Tetçer Tərəqqi və Elm Naziri postunu tutdu və 4 il bu vəzifədə qaldı. Mühafizəkarların məğlubiyyətindən sonra özünü müxalifətin lideri kimi təsdiqlədi.


1979-cu ildə Marqaret Tetçer Böyük Britaniyanın birinci və hələlik sonuncu qadın baş naziri oldu və üç müddətə bu postda qaldı. Ölkə tarixində 1827-ci ildən bəri belə bir göstəriciyə malik ikinci şəxs tapılmamışdı. Tetçer eyni zamanda Avropanın ilk qadın baş naziri kimi də tarixə düşdü. 1979-cu ildən 1990-cı ilədək yüksək vəzifədə qaldı.
Baş nazir postunu tutan Tetçer ən müxtəlif sahələrdə islahatlar reallaşdırdı və Britaniyanın tənəzzülünə səbəb saydığı bütün vəziyyətləri dəyişdirməyə çalışdı. İlk növbədə dövlətin iqtisadiyyata və həmkarlar ittifaqlarının işinə qarışması meyllərini, sosial sferaya yönələn xərcləri azaltdı. Bir sıra dövlət müəssisələrinin satışını həyata keçirdi, vergiləri artırdı. Bu, istehsal sanayesində geriləmələr yaratsa da, məhsulların yox, xidmətlərin istehsalına keçidlə nəticələndi.


"Dəmir ledi"nin iqtisadi siyasəti ölkədə işsizliyin artmasına gətirdi. Lakin 1982-ci ildə Argentina ilə baş vermiş Folklend müharibəsindəki qələbəsi populyarlığına müsbət təsir göstərdi. Xanım baş nazirin ən böyük üstünlüyü isə Sovetlər Birliyini kəskin tənqid etmək bacarığıydı. Kommunizm onun üçün sadəcə barışılması mümkün olmayan hadisəyə çevrilmişdi. Buna baxmayaraq Tetçer hesab edirdi ki, kommunist və kapitalist ölkələr qarşılıqlı kompromisslər sayəsində birgə yaşaya bilərlər. Konseptual xarici siyasətə gəlincə, "dəmir ledi" ABŞ yönümlüydü. SSRİ-dən yalnız Mixail Qorbaçovla işləməyin mümkünlüyünə inanırdı.

 

Məhz elə bu proseslərdən sonra “Dəmir ledi" təxəllüsünü qazanmışdı. Bu adı Tetçerə sovet jurnalistlərindən biri vermişdi. "Qırmızı ulduz" qəzetinin növbəti saylarından birində Tetçer haqda maraqlı məqalə dərc olunur. Müəllif Yuri Qavrilov öz yazısında SSRİ-yə qarşı sərt münasibətinə görə xanım Tetçerə "dəmir dama" deyə müraciət edir. Məqalə tərcümə edilib ingilis qəzetlərində də dərc olunur. "Dəmir dama" "dəmir ledi" ilə əvəzlənir. Britaniyalılar Tetçerə "tank" təxəllüsü vermişdilər. Ona verilən adlar xanım Marqareti heç də narahat etmirdi. Əksinə "Şəxsi iradlara həmişə sevinirəm. Bu o deməkdir ki, rəqibimin mənə qarşı siyasi arqumenti yoxdur", - deyirdi.

 

 Ailəli- uşaqlı Marqaret

 

Marqaret Roberts özünün gələcək həyat yoldaşı Denis Tetçerlə hələ 1949-cu ildə tanış olmuşdu. Bu hadisə Marqaretin Mühafizəkarlar Partiyasına namizədliyinin təsdiqlənməsilə bağlı gerçəkləşmiş rəsmi naharda baş verdi. 1951-ci ildə Marqaretlə Denis ailə həyatı qurdu. 1953-cü ildə cütlüyün əkiz övladları - Kerol və Mark dünyaya gəldi.
Marqaretdən 10 yaş böyük olan Denisin gələcəyin baş naziri ilə nigahı həyatının ikinci evliliyiydi. Maraqlıdır ki, onun birinci həyat yoldaşının adı da Marqaret olmuşdu. Marqaret Roberts-Denis Tetçer cütlüyü uzun müddət birgə yaşadı və "dəmir ledi" özü haqqında danışarkən bildirmişdi ki, həyat yoldaşının dəstəyi olmadan baş nazir postunu tuta bilməzdi.
2003-cü ildə dünyasını dəyişmiş həyat yoldaşı Denisdən sonra Marqaret on il yaşadı.

Xəstəliyi səbəbindən "dəmir ledi" son zamanlar ictimaiyyət içərisinə çox az-az çıxırdı. Bir neçə dəfə ürək tutması keçirmiş M.Tetçer demensiyadan, yəni qocalıq dövrünün əqli zəifliyindən əziyyət çəkirdi. Britaniyanın yeganə qadın baş nazirinin ölümünə səbəb isə insult oldu. 
2013-cü ilin aprelində. London polisi Böyük Britaniyanın keçmiş baş-naziri Marqaret Tetçerin ölümünü bayram edən ən azı 9 aksiya üzvünü həbs etdi. Trafalqar meydanında aksiya iştirakçıları arasında keçmiş şaxtaçı, solçu hərəkatların fəalları və tələbələr olub. Onlar özləri ilə keçmiş baş-nazirin müqəvvasını gətiriblər və onun ətrafında mahnılar oxuyaraq rəqs ediblər.

“Dəmir ledi” nin müstəqil Azərbaycana səfəri

“Dəmir ledi” 1992-ci il sentyabrın 7-8-də Bakıda qeyri-rəsmi səfərdə olub. Marqaret Tetçer həmin vaxt baş nazir deyildi, amma Böyük Britaniyanın bütün dünyada qəbul edilən dövlət adamı, siyasi xadimi idi.

Tetçer sentyabrın 7-də Bakıya səfəri zamanı o zamanki prezident Əbülfəz Elçibəylə görüşüb, sonra "Çıraq" yatağında və perspektivli "Şahdəniz" sahəsində ehtiyatların dəqiqləşdirilməsi və hazırlıq işlərinin aparılması haqqında Azərbaycan hökuməti ilə İngiltərənin "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri arasında sazişin imzalanması mərasimində iştirak edib.

Tetçerin o zaman yenicə müstəqillik qazanmış  Azərbaycana səfəri rəsmi Bakı üçün unudulmaz hadisə olub.
O zaman SSRİ-nin dağılmasından cəmi il yarım keçirdi və müstəqil Azərbaycan Respublikası Sovet İttifaqının ən barışmaz əleyhdarlarından biri hesab olunan siyasətçini qəbul edirdi. “Dəmir ledi”nin şərəfinə Bakıdakı “Gülüstan” sarayında ziyafət təşkil edilib. Tetçerə bu səfər zamanı Bakıdan xatirə kimi üzərində dahi şair Nizami Gəncəvinin portreti əks olunmuş kiçik bir xalça da hədiyyə edilib. “Dəmir ledi” məşhur şairin 850 illik yubileyi münasibətilə toxunmuş xalçanı özü ilə İngiltərəya apararaq şəxsi kolleksiyasına daxil edib. Tetçerin o vaxtkı prezident Əbülfəz Elmçibəyə təşəkkürü isə belə olmuşdu: “Prezidentdən Bakıda ən yaxşı mövsümün nə vaxt olduğunu soruşdum, o isə sentyabr və may aylarının olduğunu dedi. Sentyabrda artıq sizə gəldim, mayda da gələcəyəm. Amma bundan əvvəl prezidentinizi Londonda salamlamaq istərdim”. Təəssüf ki, bu heç vaxt baş tutmadı.

 P,S. Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin bütün dünyadakı cəmiyyətlərdə qadına verilən qiyməti bu sözlərlə ifadə edir:  "Qadın öz xarakterini göstərəndə “ləçər” deyirlər, kişi göstərəndə “yaxşı oğlan”.

 Əntiqə Rəşid