adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyun 2021 18:36
62348
ƏDƏBİYYAT
A- A+

İFTİXAR yazır : İŞĞAL ZİLLƏTİNDƏN ZƏFƏR ZİRVƏSİNƏ – ŞUŞA BƏYANNAMƏSİ

Hər qaranlıq gecənin bir işıqlı gündüzü var! – deyib, atalarımız. Atalarımız onu da yaxşı bilirdilər ki, zillət çəkən, illət tapar. Ancaq bütün zəfərlərin zirvəsinə gedən yol da, məhz acı ağrılardan keçir. Və bu ağrılar nə qədər kəskin də olsa, dözülməz də olsa, zəfərə doğru yüksəldikcə bütün ağrı-acılar keyiyir və zəfər zirvəsinə yetişdikdən sonra həmin ağrı-acılardan heç bir əsər əlamət qalmır. Necə ki, qırxdödr günlük qalibiyyət savaşımızda qazandığımız uğur təntənəsi bizə bütün ağrı-acıları unutdurdu. O müqəddəs savaş köksümüzdə çırpınan ürəyimizin döyüntülərində tüğyan edən qələbə ehtirasının sevinc sədaları ilə bizi bütün ruhumuzla sonsuz fəzalara doğru qanadlandırdı. Belə ovqat heç zaman milli yaddaşın səhifələrindən çıxmır və unudulmur!

         Təəssüf ki, tarix boyu böyük dövlətlər tərəfindən bizə həmişə qəsd olunub. Nə qədər səmimi də olsaq, nə qədər sədaqətli də olsaq, nə qədər mərd də olsaq, nə qədər vicdanlı və istiqanlı da olsaq, bizim fenomen keyfiyyətlərimiz heç vaxt dəyərləndirilməyibdir. Tarix boyu təpədən dırnağa qədər mükəmməl silahlanmış qəsbkar millətlərin üzərimizə yürüş edən saysız-hesabsız qoşunu qarşısında sayımızın az olmasına baxmayaraq əzmlə və mətanətlə mücadilə göstərmişik, savaşmışıq, mübarizə aparmışıq, lakin boyun əyməmişik. Sadəcə, qırılıb tükənməmək üçün və müvəqqəti olaraq, tarixi gerçəkliyin zorbasına uyğunlaşmağa çalışmışıq. İradəmizi sındıra bilməyən böyük güclər nəhayətdə bizi iki yerə böldülər. Biz bir-birimizə iki sahildən boylanmaq məcburiyyətində qaldıq. "İKİ SAHİL”... Ah bu iki sahil... hər iki sahilin də sahibləri bizik. Lakin aramızda narahat-narahat yırğalanaraq küskün-küskün lillənən, lili ilə axan Araz, sahillərinə çırpına-çırpına yorulmadan və ümidini itirmədən axır, bir gün sahilləri qovuşduracağına əminliklə inanaraq coşmağa tələsir...

Sonra torpaqlarımızda rahat yaşamağa imkan vermədilər. Param-parça etməyə, assimliyasiyaya uğratmağa qalxdılar. Yad milləti zorla, ordan-burdan dənlə-döşür edib, ərazilərimizə yerləşdirdilər. Bununla da ürəkləri soyumadı, zaman-zaman bizi yük qatarlarına "doldurub”, eşalon-eşalon müxtəlif səmtlərə sürdülər. Ərazilərimizdə başqa millət üçün dövlət qurdular. Bütün bunlarla da ürəkləri soyumadı, ərazilərimizin diğər dilbər guşələrini bizdən qoparıb, başqa millət üşün yaratdıqları qondarma dövlətin ərazilərinə qatdılar. Böyük torpaqlarla aramızdakı bağlar qırılsın deyə, bufer yaratdılar. Bu da yetməmiş kimi, doğma QARABAĞımızı işğal etdirdilər. Əhalimizi süngülərdən keçirdilər. Ev-eşiklərimizi yandırıb-yaxdılar. Müqəddəs yerlərimizi təhqirə məruz qoydular. İnsanlıqdan kənar nə varsa, hər bir əməli sınaqdan keçirdilər. Haqlı olduğumuz halda, dünyanın gözləri baxa-baxa nahaq duruma saldılar. Bütün bunlara baxmayaraq, biz öz genetik xüsusiyyətimizə uyğun şəkildə, öz humanizmimizlə yalnız sülh axtardıq, barış təklif etdik. Olmadı!.. İnsanlıq deyilən fenomeni yağı düşmənə, qaniçən cəlladlara heç vəchlə anlada bilmədik. Bir sözlə, biz öz haqqımızı isbat etmək üçün dəridən-qabıqdan çıxmaq məcburiyyətində qaldıq. Bu isə, yalnız bizim ziyanımıza işləyirdi. Yağı düşmən bizim humanizmimizi dərk edə bilmirdi. Yaxud da, dərk etmək istəmirdi. Ancaq dünya birliyi də, yağı düşmən də, yatmış, qoça ASLANın bir gün yuxudan ayılacağını heç eyinlərinə belə, gətirmirdilər. Bu məqamda yadıma tarixin səhifələrindən bir epizod düşdü. Osmanlı padşahılarının ən böyük fatehlərindən olan Sultan Fateh Məhmədin bir zamanlar 23 nəhəng dünya dövləti ilə qarşı-qarşıya gəldiyi anları xatırlamalı oldum. Sultan Fateh Məhməd tək başına həmin dövlətlərə elə bir toy tutdu ki, onların hər biri bir tərəfə dağıldı və uzun illər Osmanlının adı gəldikdə canlarına vəlvələ düşdü. Daha sonra şanlı tariximizin növbəti parlaq salnaməsində Çanaqqala savaşı adı ilə yaşayan o qəhrəmanlıq tariximiz gözlərim önündə canlanmağa başladı. Yenə də dünya dövlətlərinin qəfl saldırısı ilə üz-üzə dayandıq. Həmin o ölüm-dirim savavaşında Allahın verdiyi vəhlə və fövqəladə güclə kürəyində 250 kiloqramlıq top mərmisini təkbaşına daşıyan və topa yerləşdirib, üzərimizə gələn vahiməli gəmini dənizin dibinə gömən, bununla da savaşın səmtini xeyrimizə dəyişdirən, arıq-sısqa Əli Çavuşun hünəri, mümkünlüyünə inanılmayan və dillərdə dastan olan bir tarixi həqiqətdir. Məhz Şuşa qalasının sıldırım qayalıqlarından dırmaşmaqla, Şuşanı yağı düşməndən qəhrəmancasına azad edən igidlərimizin fenomen hünəri də öz parlaq həqiqətini hər an gözlərimiz önündə canlandırmaqdadır. Ümumən Qarabağımızı mənfur düşməndən cəmisi qırxdödr günə təmizləyən igidlərimiz məhz yatmış Aslanın törəmələridir. Bütün idrakı və hünəri ilə dünyanı qarşısına alan, heç bir qüvvədən çəkinmədən doğma yurd yerlərimizin azad olunması üçün həm siyasi, həm də hərbi-taktiki qüdrəti ilə dünyanı mat vəziyyətinə salan qəhrəman liderimiz İlham Əliyev oyanmış Aslanın nələrə qadir olduğunu bütün hünəri ilə göstərdi.

Baxın, bu gün doğma Şuşamızın qoynunda cövlan edən ərlərimiz, liderlərimiz bizim ruhumuzda hansı fərəh hisslərini qanadlandırır! Yüz illərdir ki, böyük Türkün sancağını başı üzərində göylərdə dalğalandıran bu hünərvər millət Şuşa bəyannaməsi ilə bütün dünyaya nümunə olmağa çalışır və "HAYDI, İGİDLƏR!”, – deyərək, bəlkə də bizi sarsılmaz yumruq olmağa və daha böyük güclə birliyə səsləyir! Bəlkə də bu çağırış böyük Turana qovuşmaq üçün bir vəsilədir. Odur ki:

Yeni tarix yaradir,

Türkiyə – Azərbaycan!

Turana imza atır,

İlham ilə Ərdoğan!

 

Cahan boyu yüksəlir,

Ucalır Türkün səsi.

Turan təntənəsidir,

Şuşa bəyannaməsi!

 

Tanrı Türkü qorusun,

Yağıların felindən!

Dünyaya barış gəlsin,

Türkün xoş əməlindən!

 

Silkələnir bu cahan,

Dönür, dəyişir dövran.

Yenə haqqı hayqırır,

Türkiyə - Azərbaycan.

 

Tanrı Türkə yar olsun,

Duaların diliylə!

Cahan bəxtiyar olsun,

Böyük Türkün əliylə!

 

Zəfər nəğməsi çalır,

Türkün TURAN savaşı!

Şuşa böyük Turanın

Baş kəndi, baş qalası!

 

Hər nə etsə cahanın

Doğusu və batısı,

Elə təməl atıb ki,

Çökməz Türkün çatısı!

 

Yeni tarix yaradir,

Türkiyə – Azərbaycan!

Turana imza atır,

İlham ilə Ərdoğan!