adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: KÖY QORUCULARI

AQİL ABBAS
33885 | 2021-06-07 13:38

Qardaş Türkiyə ən çox terrora məruz qalan ölkədi, xüsusilə  şərq bölgəsində. PKK terrorçuları  təkcə əsgər qışlaqlarına, jandarm şöbələrinə deyil, dinc əhalinin yaşadığı kəndlərə də  hücum edir, onlara tabe olmayanları güllələyir, xüsusilə də tikinti-quruculuq işləri  aparanları, yol çəkənləri, məktəb tikənləri öldürürlər.

Dostum Fazil Mustafa Kəlbəcərdə diversantlar tərəfindən törədilmiş   terrorla bağlı özünün müəyyən təkliflərini  irəli sürüb. Həmin yazını bugünki  saytımızda və sabahkı qəzetimizdə dərc edəcəyəm deyin bu barədə  danışmaq istəmirəm.

Mən başqa bir məsələyə toxunmaq istəyirəm.  Uzun illərdir Türkiyədə PKK-nın fəallıq  göstərdiyi bölgələrdə «Köy qorucuları» deyilən qruplar yaradılıb. Bu köy qorucuları rəsmi  olaraq dövlət tərəfindən avtomatlarla  silahlandırılıb. Bunlar nə əsgərdi, nə də jandarm. Bu köy qorucuları çobandı, müəllimdi, əkinçidi, biçinçidi və sair və ilaxır. Və mətbuatı izləsəniz tez-tez köy qorucularının da PKK ilə atışmada  şəhid olduğu  xəbərləri ilə rastlaşarsınız.

Və ən maraqlısı da budur ki, həmin bölgələrdə əsasən kürd əsilli  əhali yaşayır. Və bu kürdlər PKK ilə ölüm-dirim savaşına çıxırlar  öz dövlətləri naminə. Çünki çox yaxşı bilirlər ki, PKK kürd xalqını təmsil eləmir, hansısa xarici dövlətlərin və siyasi qüvvələrin maliyyələşdirdiyi  və öz məqsədləri  üçün istifadə etdiyi bir təşkilatdır.

İndi Qarabağda bərpa işləri görülür və yaxın gələcəkdə əhali öz doğma yurd-yuvalarına, kəndlərinə qayıdacaqlar. Və heç kim zamin dura bilməz ki, ermənilər diversiyalarından, terrorlarından əl çəkəcəklər. Onlar əhalini  qorxu içində saxlamaq üçün  hər vasitəyə əl atacaqlar. Yaxşı olar ki, qardaş ölkədən nümunə götürərək sərhədlərimiz tam bərpa olunana qədər bizdə də köy qorucuları yaradılsın. Bu həm ermənilərlə həmsərhəd olan kəndlərimizin əhalisinin əmin-amanlıqda yaşamasına, həm də sərhəd  qoşunlarımıza, eləcə də Müdafiə Nazirliyimizə az-çox yardımçı olar.

Düzdür, Türkiyədə köy qorucuları maaş da alır, amma Birinci Qarabağ savaşında kəndlər  belə təşkilatlanmışdılar, ermənilərlə dör-dör döyüşürdülər, özü də maaşsız-filansız.

Az-çox maaş da versək, lap gözəl olar.

TƏQVİM / ARXİV