SON DƏQİQƏ:

“Qarabağa aparan yol” zaman yaddaşıdır...

  73126   |  
Şriftin ölçüsü  

Və yaxud Şuşadan doğan günəşin şəfəqləri

 

Xoş gördük, Əli Mahmud! “Ədalət”in və bütövlükdə Azərbaycan oxucusunun yaxşı tanıdığı bu imza sahibi ilə söhbət çox xoşdur. Deməli, artıq savaş bitdi. Zəfərin “Xarıbülbül” festivalı da Qafqazın incisi, şəhərlərimizin qəlbisi, yüzlərlə şəhidimizin, qazi və əsgərimizin düşmənin 30 il ərzində möhkəmləndirdiyi, alınmaz qala hesab etdiyi “ohanyan xətti” kimi istehkam, səngər düzəltdiyi ərazilərimizdə qanı bahasına azad etdiyimiz Şuşada təntənəylə qeyd olundu...

-Bəli, 30 illik düşmən təcavüzünün Azərbaycanın ürəyinə yeritdiyi qəsblərə, ağrı-acılara, xalqımızın mənliyinə, ləyaqətinə toxunan düşmən tənələrinə birdəfəlik son qoyuldu. Hər gün, hər saat quldur rejimin Bakını, Gəncəni hədəf seçərək bizi aciz bilib üzərimizə yeriməsinin də ağzına daş basıldı, başına xalqımızın toparlanaraq prezidentin dəmir yumruğuna çevrilən zərbəsi dəydi. İndi bizdə qəti bir inam yaranıb ki, düşmənin bir daha ərazilərimizə baxan gözü olmayacaq, çünki o gözü Azərbaycan zabiti, Azərbaycan əsgəri oyub-çıxardı. Düşmən indi kordur və kor-koranə hara getdiyinin də heç fərqində deyil. Bütün bunlar doğrudur, Azərbaycan ordusu, Azərbaycan prezidenti, Azərbaycan xalqı illərdir ərazi bütövlüyümüzün pozulmasına göz yuman dünyanın gözü qarşısında böyük zəfərə imza atdı. Ancaq bir həqiqət də var ki, ordu zəfəri təkcə hərbin gücünə əldə etmir. Əgər etmiş olsa da, bu zəfəri uzun müddət əldə saxlamaq mümkün olmaz. Ordunun döyüş meydanındakı inamını gülləyə çevirən, əsgəri səngərdə üzbəüz düşmən üzərinə cəsarətlə yeridən - əlbayaxa döyüşdə düşmənin şah damarını dişləriylə çeynəyib qıran intiqam hisslərinə sahiblənməsi, düşünürəm ki, təkcə hərbin işi deyil. Ordunu müharibə meydanında qələbə çalacaq duruma gətirən həm də dövlətin intellektual, mədəni-mənəvi potensialının yenilməz, qarşısıalınmaz bir gücə çevrilməsidir. Çox şükür ki, biz bunu da bacardıq - üç aya, üç ilə deyil, 30 ilə yaxın bir müddət ərzində həyatın bütün sahələrinə uzanmış gücümüzü, qüdrətimizi bir hədəfə yönəltməklə. Bu hədəfin vurulmasında təcavüzkar düşmənin öz yuvalarına qədər qovulmasında bizim də adımız, ünvanımız, yolumuz, yazımız, sözümüz var.

Yazı deyirəm, ağlıma yaz gəlir, bahar gəlir. Axı yaz da, bahar da bir yazıdır. Özü də təbiətin ən gözəl, ən duyğulu, ən mərhəmətli, şəfqətli yazısı. Bir vaxtlar Qarabağ həsrətinin, vətəndən ayrı düşməyin ağrısının canımda köz-köz olub yara bağladığı, “gözümün içində Vətən göyləri, gözümün içində körpələr yatar” duyğularımın gözünün qan yaşı axıtdığı vaxtlarda yazdığım sətirlər indi yenə düşüncələrimə işıq salır. “Mənim baharım yoxdu” demişdim. Baharım Şuşada, Laçında, Kəlbəcərdə... düşmənin “dağlarda toy” adıyla başlatdığı xəyanətlərinin, namərdliklərinin torpaqlarımıza səpildiyi yerlərdə qalıb... Vətənsiz illərdə doğan günəş məni isitmir, odur ki, ömrün qışı bitmir. Fəqət, ümid, inam göyərdi...

Sizi dinlədikcə xəyal qanadlanır. Bu da təbiidir. Amma həm də bu bir daxili inamın diktəsidir. Mənimlə razılaşırsınız?

-Bəli, Şuşada, eləcə də bütün Qarabağda yenidən günəş doğdu - azadlıq günəşi, budaqlarında torpaqlarımızın bütövlüyünü tumurcuqlayan, çiçəkləyən bahar gəldi. Bu qızıl bahara qədər “Qarabağa aparan yol”un itirilmiş Vətən torpaqlarımıza sarı saldığı körpünün üzəriylə yeridik. Qəzetin adının mənəvi yaddaşlara yazılmasını, bir körpü kimi formalaşmasını da zaman-zaman gördüyümüz işin, zəhmətin müqabilində qazandıq. Təsadüfi deyil ki, ötən illər ərzində ürəyinin sancdığını, qəlbindəki ağrını duyan hər kəs redaksiyamızın qarşısından ayaq saxlamadan ötə bilmədi. Azərbaycan nəşriyyatının 6-cı mərtəbəsində Qarabağ təbiətinin ruhu, mənəvi yaddaşı olan Aqil Abbasın “Ədalət”inə sarı gedən yoda hökmən çevrilib sola tərəf baxmasalar, olmazdı. Şüşəli ramkanın içərisindəki ağ-qaralı sətirlərdə “Qarabağa aparan yol”u görənlər “hamımız bir dərddəyik” anlamına köklənirdilər. Qəzetimizin həsrəti, ayrılığı ifadə edən adı hər kəsi birlik, bütövlük nümayiş etdirməyə sövq etməsi bizim də gözümüzdə, ünvanımızda işığa dönürdü. Kimisi ayaqüstü söhbətə, mühakiməyə qoşulur, kimisi yazılarını gətirir, kimisi işğal ərəfəsində başına gələn faciəli yaşantılardan, ağrılarından danışırdı...

...Beləcə, bizim həfətlik çıxan qəzetimizin materialları üst-üstə toplanaraq oxucularımızla növbəti görüşlərimizə səbəb olurdu.

Yaddaşı diri saxlamaq, xalqı dövlətin, dövlətçiliyin ətrafında sıx birləşməyə sövq etmək döyüşdüyümüz mənəvi cəbhənin əsas ideyası olub. Bu ideya ətrafında da qəzetin çoxsaylı oxucuları düşünüb, yazıb, yaradıb. Uzun illərdir heç bir dövlət təşkilatından, heç bir qurumdan, eləcə də bir kimsədən zərrə qədər maddi dəstək görmədən yurdun yaralı yerlərinin coğrafiyasını, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mədəni-mənəvi mühitini yaşadan bu qəzeti Qarabağın azad olunduğu bu günlərə qədər yaşada bilmişik. Hər sayımızın işıq üzü görməsinə böyük fədakarlıq və zəhmət sərf olunub. Bizi təkcə Azərbaycan oxucusu deyil, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız da izləyib, oxuyub. Əcnəbi diyarlarda – Almaniyada, İtaliyada, okeanın o tayındakı ölkələrdə, Amerikada, Əfqan türkləri, İraq türkləri, İranda, İraqda yaşayan soydaşlarımızdan işğalda qalmış vətəndən ürək ağrısıyla yazılmış nə qədər məktub almışıq. “Qarabağa aparan yol”un əsl mahiyyəti, məzmunu nədir- o məktubların birində çox həssaslıqla qələmə alınmışdı. Nə deyirdi müəllif?

“Uzun illərdən bəri yaxşı tanıdığım Vətən qayəli, yurd nəğməli qəzet- “Qarabağa aparan yol”, Siz Qarabağın qara günləri başlayandan bəri görünən və görünməyən müharibənin ilk əsgərlərindən birisiniz. Qarabağ uğrunda haqlı mübarizənizdə qismətiniz bir çox hallarda tənələr, təhdidlər də olub. Bol üzlü meşin qapılar çırpılıb üzünüzə. Didərginlik həyatı yaşamısınız. Və bu yolda demək olar ki, ölümlə, qanla belə üzləşməkdən çəkinmədən Vətənə sədaqətli iradə, yol nümayiş etdirmisiniz. Uzaqgörən siyasəti, düşmən üzərinə son hücum əmrinin hansı məqamda hansı anda verilməsini dəqiqliklə bilən sərkərdəmiz - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dövlətçilik və azərbaycançılıq yolunu yolunuz bilmiş, çoxmillətli Azərbaycan xalqını bir məram uğrunda birləşməyə səsləmisiniz”.

Daha sonra qəzetimizin yaradıcı kollektivinə müraciətlə nə dediyi də yadımdadır.

“Mən Sizləri, incə ruhlu qələm sahibləri, yüksək ədəbi zövqə malik jurnalistlər kimi tanıyır, sözün insan qüvvəsini səfərbər etməkdə rolunu, əhəmiyyətini yaxşı bilirsiniz və “Qarabağa aparan yol” qəzetinin əsasında məhz bu məqsəd dayanır. Mən heç də güman etmirəm ki, bu müharibədə, bəli, müharibənin bir üzü də elə budur- xalqın yaddaşını qoruya bilmək, gələcək böyük qələbəmizin mənəvi tərəfini təmin etməkdir. Elə əslində, bu gün yaddaşı qorumaq Qarabağ mənəviyyatını qorumaq, Qarabağ ağrılarını yaşatmaq özü ən böyük işdir”...

Müəllif haqlı idi. Biz bütün gücümüzlə doğma yurd-yuvalarından zor gücünə, insanlığa yaraşmayan bir erməni vəhşiliyi ilə didərgin salınmış qaçqın və köçkünlərimizin yaddaşını oyaq saxlamağa çalışmışıq.

Siz xəyalən doğma yurda qayıtdığınız kimi, yəqin ki “Qarabağa aparan yol”un da dünəninə hərdən üz tutursunuz...

-Rəhbərlik etdiyim, kiçik bir kollektivdən ibarət “Qarabağa aparan yol” qəzetinin fədakarlıq hesabına xalq, dövlət, hökumət vəhdətinin möhkəmlənməsindəki xidmətləri, Vətən, yurd sevgisinin bizi oxuyan hər kəsin qəlbinə aşılanması istiqamətində gördüyümüz işlər, bir an da olsun itirilmiş torpaqlarımızın ağrısından kənar yaşamağımıza imkan verməmək çabalarımızın sonda nəticə verməsi ünvanımıza yazılan ən böyük mükafatımızdır. Və bu mükafatın nüvəsində xalqa, dövlətə, tarixi keçmişimizə, bu günümüzə, gələcəyimizə olan məhəbbət dayanmasa, biz də biz olmazdıq. Zamanla, “Qarabağa aparan yol”un haqq uğrundakı savaşına qeyri-ciddi yanaşanlar da çox olub. Onlara cavabımız isə qəzetimizin, milli mənliyimizin, türklüyümüzün, inanc və inamlarımızın... ən nəhayət, bütün gücünü dövlətin başını uca etmək yolunda səfərbər etmiş liderimizin yanında olmağımızla bildirmişik.

Uzun illərdir oxuyub izlədiyimiz, qonşuluğumuzda yerləşən “Qarabağa aparan yol”un hər zaman aydın mövqeyilə seçildiyini deyə bilərəm.

-Hə, söhbətimizin bu məqamına toxunmağı mən də düşünürdüm. Baş redaktoru olduğum qəzetin ideoloji xəttində, nüvəsində obyektivlik, həqiqət dayanan siyasi məzmunlu məqalələr aldanan, aldadan adamları ayıldıb. Bu ayıltmaların, bu prinsipallığın, bu obyektivliyin, əslində, xalqı gələcək bəlalardan qoruduğunun da ciddi-cəhdlə fərqindəydik. Axı biz həm də hərc-mərclik dövrünü yaşamışıq. Gözümüz görəni, başımıza gələnləri unutmağa haqqımız yoxdur. “Qarabağa aparan yol” qəzeti nəşr olunduğu illər ərzində həm də unutqanlığın önünü kəsib, unutqanlığa bir sipər olub deyə bilməyim bəlkə də məni hər şeydən çox sevindirir. Bu mənada qəzetimiz hər bir Azərbaycan vətəndaşı üçün önəm kəsb edib - fikrindəyəm.

Qəzetimizin imkanlarından istifadə edib Qarabağ tarixini, Qarabağ mənəvi mühitini şərh edən, oxuculara oxunaqlı dildə çatdırılan məqalələrə geniş yer vermişik. Bu da Qarabağdan ayrılandan bəri dünyaya göz açıb böyüyən yeni nəslin mənəvi ruhunun formalaşması üçün vacibdir. “Baş redaktordan” rubrikasıyla yazdığım məqalələrin ruhundakı inamı hər zaman qorumağa çalışmışam. Deyirdim ki, biz hələ Qarabağı itirməmişik. Təbii ki nə vaxtsa xalq yenidən öz torpaqlarının sahibi olacaq. Siyasi dairələrin yeritdiyi xətt də bunu sübut edirdi. Demək, dövlətçilik yolunda atdığımız addımlar, qəzet və onun əməkdaşlarının böyük oxucu auditoriyasına ötürdüyü siqnallar həm də dövlət başçısının atdığı addımların ritmi, ahəngiylə tam səsləşirdi.

Qəzetiniz istedadlı gəncləri, tanınmış ziyalılarımızı da öz ətrafımıza cəlb edə bilib...

- Sözünüzün qüvvəti, bu günlərdə “Qarabağa aparan yol” qəzetinin ilk nüsxəsindən Qarabağ mücadiləsindəki zəfərimizi əks etdirən son saylarının cildiləndiyi kitabı yenidən vərəqləyirdim. Bu illər ərzində işıq üzü görən səhifələri çevirdikcə gözlərimin qabağında zəngin mənəvi aləm açılır. Bu zəngin mənəvi aləmi yaradanlar kimlərdir? Azərbaycanın tanınmış zəkaları, alimləri, ziyalıları, incəsənət xadimləri, peşəkar jurnalistər və ürəyinin səmimiyyətini yazıya köçürən, bölgələrdən bizə üz tutan sadə qələm adamları...

Kimsə düşünə bilər ki, Qarabağın azadlığa qovuşması ilə “Qarabağa aparan yol”un missiyası da başa çatmış olur. Siz necə düşünürsünüz?

- “Qarabağa aparan yol” Qarabağın azadlığa qovuşmasında sözün yaddaşında qoyduğumuz bünövrədir- deyə bilərəm və bu bünövrə kifayət qədər möhkəm qoyulub. Qarabağa aparan yol təkcə Şuşada, Zəngəzurda bitməyəcək. Ölkənin qədim sərhədlərinə, qədim hüdudlarına qədər, ulu öndər Heydər Əliyev və onun sədaqətli varisi, Ali Baş Komandan İlham Əliyevin də bələdçiliklə hədəflədiyi- şah babamız Xətainin qılıncının işlədiyi yerlərə qədər gedə bilərik. Həmişə sevinmişəm ki, qəzetimizin ətrafında istedadlı gənclər, vətənpərvər ziyalılar toplanıb. Mən və onlar az qala unudulmaqda olan dəyərləri, insanları, tarixi şəxsiyyətləri, müasir dünyanın tanıdığı, sözünü eşitdiyi adamları bu qəzetin vasitəsilə danışdırır, hamıya, hər kəsə doğmalaşdıra bilməyin sevincini də bərabər paylaşa bilmişik.

“Qarabağa aparan yol”un aydın mövqeyini ifadə etdikcə onun səhifələrində mövqeyimizi qiymətləndirən baxışları da yada salmadan keçə bilmirəm. Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetimizin 10 yaşı münasibətilə göndərdiyi təbrik məktubu da ön səhifədə diqqətimi çəkir.

“Hörmətli cənab baş redaktor, “Qarabağa aparan yol” qəzetinin 10 yaşının tamam olması son 10 ildə Qarabağımızla bağlı cərəyan edən proseslərə bir baxışdır. Tarixi zərurətdən yaranan bu mətbu nəşr həmin müddətdə baş verənlərin, yaşantıların güzgüsü və salnaməsidir.

“Qarabağa aparan yol”da jurnalistikaya qəlbən bağlı, Qarabağ həsrətli, ümidli, peşəkar insanlar cəmləşib. Məhz buna görə də, həftədə bir dəfə işıq üzü görən, hər sayı 2000 tirajla çıxan qəzet nikbin ruhlu yazıları ilə vətənpərvər duyğulu insanların, oxucuların görüşünə gəlir. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı rayon və şəhərlərdə təmənnasız yayımlanması onu bütün qarabağlılar üçün əlçatan edir.

Qəzet Qarabağa qayıdışın reallığını insanlara təlqin edir. Yaddaşalrı ayıq saxlayır, erməni işğalçılarına qarşı nifrət aşılamaqla kifayətlənmir, hər bir qarabağlını torpaqların azadlığı uğrunda mücadiləyə hazır olmağa çağırır. Bu mətbu nəşr işğal altında olan torpaqlarımızın hər daşı, abidəsi, yaşayış yeri barədə gənc nəslə dolğun bilgilər verir. Saxta erməni soyqrımının ifşasına yönələn materiallar, ağsaqqalların müdrik fikirləri, Qarabağ ədəbiyyatının, musiqisinin, folklorunun təbliği geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır. Bunların müxtəlif janrlarda, oxunaqlı dillə çatdırılması da “Qarabağa aparan yol” qəzetinə xas cəhətlərdir.

Azərbaycan Mətbuat Şurası qəzeti10 yaşı münasibətilə yaradıcı kollektivə və bütün qarabağlılara səmimi arzularını yetirir. Xoş mərama yetmələri yolunda uğurlar arzulayır”.

Hər dildə bir dua, hər düşüncədə bir ışıq həqiqətinin varlığına hər zaman inanmışıq. Hörmətli Əflatun Amaşovun da bizə xoş məram diləməyinin sevincini 30 il işğalda inləyən torpaqlarımızın azadlıq nəşəsini yaşayanda bir də hiss etdik, xatırladıq.

Qəzetin zamanla nəşrinin iqtisadi çətinliklərdən sıyrılıb çıxdığını, onun hansı imzalar, hansı mövzulara söykəndiyini təkrar-təkrar yada saldıqca, dünyaca məşhur, türk dünyasının aydını Çingiz Aytmatovla görüşlərim, onunla bağlı Azərbaycan publisitikasının ən dəyərli nümunələrindən hesab etdiyim təəssüratlarım da məhz bu qəzetdə işıq üzü görüb. Çingiz Aytmatovdan alığım müsahibədə onun Qarabağ ağrısını öz ağrısı, öz yarası kimi ifadə etməsi “Qarabağa aparan yol”un zaman yaddaşı olduğunu təsdiqləyən dəyərli göstəricilərdən biridir.

“Qarabağa aparan yol” zaman yaddaşıdır - deyəndə, nə qədər haqlı olduğumuzun da ağır məsuliyyətini çiyinlərimizdə bir daha duyuruq. Kimsəyə elə gələ bilər ki, Qarabağ işğaldan azad oldusa, “Qarabağa aparan yol”un missiyası da bununla bitmiş, başa çatmış hesab olunur. Ancaq biz belə düşünmürük. Qarşıda bizi Azərbaycanın gələcək inkişafına doğru üfüqlərə qədər uzanan uzun bir yol gözləyir. Zənnimcə, bu yolun qaranlıq hissəsini artıq Azərbaycanın qətiyyətli siyasi rəhbərliyinin, hadisələrin nəticələrini iti zəkası, aydın baxışı ilə qabaqlayan siyasi liderin iradəsi və əzmiylə keçmişik. 44 günlük Vətən savaşı da bizə çox şeyi - təkcə düşmənə qalib gəlməyi yox, həm də dönüb özümüzə baxmağın əhəmiyyətini, nəyə qadir olduğumuzu göstərdi.

Hə, yəqin siz həm də Ali Baş Komandanın qələbəyə hesablanmış addımlarını nəzərdə tutursunuz...

Qələbəni təmin edən ən mühim səbəbləri sadalamağa ehtiyac duymuram. Böyük yazıçı və ictimai xadim Kamal Abdullanın qələbənin əsas səbəblərini ümumiləşdirən fikirləri müharibə dönəmində xalq, ordu, siyasi rəhbərlik və prezident vəhdətinin varlığından güc alan düşüncələri bu yerdə demək istədiklərimdən də artıq səslənir:

“...Bütün sosial, iqtisadi, ideoloji, diplomatik, güc tətbiqi istiqamətlərdə elə bir harmonik, sistemli əlaqəni əldə etmək lazım idi ki, onlar hamısı bir yerdə bir ali məqsədə doğru tuşlansın, vaxtı gələndə bir-birini tamamlayan zərbələr endirsin. Burada, yəni, həmən gərəkli atributları hazır vəziyyətə gətirdikdən sonra ən vacib məsələ, zənnimcə, sistemlilikdir. Bütün bu saydıqlarımız bir orkestr kimi elə ahəng yaratmalıdırlar ki, nəhayətdə, kakafoniya yox, Möhtəşəm ZƏFƏR marşı alınsın. Azərbaycan bunu bacardı. Ali Baş Komandan böyük bir bacarıqla bu missiyanın öhdəsindən gəldi.

Uzun və həsrətli illər bizi bu zəfərdən ayırırdı. Ancaq bir anlıq düşünək. Prezident İlham Əliyevin bu uzun və ağrılı yolda ən birinci və başlıca strateji məqsədi problemin beynəlxalq səviyyədə dondurulmasına yol verməmək olmuşdu. O, harda oldusa bu problemdən danışdı, onu regional təhlükəsizliyin ən vacib şərti kimi təqdim elədi. Hamını buna inandırdı. Bu gün sanki inanmayanlar var. Onlar inanıb özlərini inanmayanlar kimi göstərənlərdir. Onlara da sarsıdıcı, məğrur cavablar müharibə dövründə xarici jurnalistlərə müsahibələrində Prezident Əliyev tərəfindən artıqlaması ilə verildi.”

Yüksək dağlıq şəraitdə Şuşanın azad edilməsi isə Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərin dünyanın hər yerindən görünən nöqtəsi idi. Biz bu uca zirvədən baxanda həm də nəyi gördük? Gördük ki, Ermənistanın 30 il ərzində yaratdığı ordu, qəsb etdikləri ərazilərdə qurduğu istehkam qalalar içdən gələn bir qüdrətlə Vətən torpağını yağıdan azad etmək coşğusuyla silahlanmış ordumuzun qarşısında sadəcə 44 gün tab gətirə bildi. Ermənistanın öz orduları haqqında dünya ictimaiyyətinin yaddaşında yaratdığı “yenilməzlik mifi” qısa müddətdə viran qaldı. Azərbaycanın Ali Baş Komandanı öz qalib ordusuyla düşməni etiraf etməyə məcbur etdi. Düşmən başa düşdü ki, Azərbaycan öz ərazilərini 30 illik işğaldan təmizləmək uğrunda haqq savaşındadır.

Azərbaycanın İkinci Qarabağ savaşındakı mücadiləsi hərb tarixinə düşən bir yenilik kimi yadda qaldı. Müharibə dövründə minimal itgiylə döyüşdən çıxmaq, işğalçı qüvvələri kapitulyasiya aktına imza atmağa məcbur edərək ərazilərimizin böyük bir hissəsini döyüşsüz tərk etdirmək taktikası dövlətimizin və hərbimizin gücünün, peşəkarlığının Vətən salnaməsinə yazdığımız parlaq səhifələridir. O səhifələr ki, “Qarabağa aparan yol”un da üzünü ağ, alnını açıq elədi. Çünki fəaliyyət göstərdiyimiz 17 il ərzində biz də qələmimizi yerə qoymamış, papağımızı günə yandırmamışdıq. Dövlətimizin, xalqımızın tərəqqisi, dünyaya inteqrasiyası, milli birliyimiz, milli mədəniyyətimizin inkişafı, coğrafiyamızın, təbiətimizin, ekologiyamızın, tarixi-mədəni irsimizin qorunması yolunda əsgər hünəri, əsgər sayıqlığı ilə çalışmışıq. Çəkilən zəhmət isə hədər getmədi. Toparlanaraq dəmir yumruq kimi birləşməyimiz “dəmir yumruq” əməliyyatı zərbəsiylə düşmənin başına endi.

Müharibənin hərbi, təcavüzkarı güc yoluyla qandırmaq hissəsini başa çatmış hesab edə bilərikmi?

-Bəli, növbəti mərhələdə diplomatik savaşlar bizə uğur gətirməli, Azərbaycanın ədalətli mövqeyi siyasi masada da qələbə qazanmalı, düşmənin ərazi bütövlüyümüzü tanıması tərəflər arasında böyük sülh sazişinin imzalanmasına gətirib çıxarmalıdır. Heç şübhəsiz, bu belə də olacaq.

Əli müəllim, söhbətimizin sonunda Qarabağımıza, Azərbaycanımıza “Qarabağa aparan yol”la bundan sonra nələri çatdıracaqsınız?

-Müharibədə əldə etdiyimiz uğurlar, təntənəli zəfər marşının Şuşada qələbə nəğməsi kimi oxunması bu gün “Qarabağa aparan yol” qəzetinin kollektivinin də qarşısında çətin və fədakarlıq tələb edən yeni məsuliyyətlər qoyur. Vətən savaşı dönəmindəki qalibiyyətlərimizi salnaməyə çevirib gələcək nəsillərin yaddaşına ötürmək, müharibənin iqtisadi və psixoloji travmalarını aradan qaldırmaqda xalqımıza, dövlətimizə yardımçı olmaq, prezidentimizin, ordumuzun bundan sonrakı fəaliyyətinin mütəşəkkil formada həyata keçirilməsində gücümüzü səfərbər etmək, şəhid və qazilərimizin xatirəsini əbədiləşdirmək, onların müqəddəs qanı hesabına doğma torpaqlarımızın işğaldan hansı çətinliklərlə azad edilməsini tarixə çevirmək yolumuzun əsas istiqamətləridir.

“Qarabağa aparan yol”un ünvanı dəyişməz olduğu kimi, məramı da dəyişməzdir. İndi “Qarabağa aparan yol” Zəngəzur silsiləsindəki zirvələrdən səsi gələn ordumuzun, əsgərimizin qəzetidir. Zəngəzur yolu Azərbaycanı dünya ilə birləşdirən yol - əsgərimizin, zabitimizin, müzəffər ali baş komandanımızın açdığı yoldur.

Vaxt var idi ki, qəzetimizin səhifələri ayrılıq, həsrət körpüsünün tağları idi. Amma bu gün “Qarabağa aparan yol” özünü qarabağlı hesab edən hər bir vətəndaşımız üçün vüsal körpüsüdür.

Bu gün Qarabağda- əsasən Şuşada vüsət alan quruculuq işləri yeni yazılacaq səhifələrimizə işıq salır. İndi bizim üçün sanki iki günəş var... O günəşin biri də Qarabağdan doğub - azad edilən Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərə doğan günəşi deyirəm.

Tanrıya şükürlər olsun ki, “Qarabağa aparan yol”umuzun ışığını közərdə-közərdə onu bütün Azərbaycan üçün yanar günəşə çevirə bildik. İndi bu yol Bakıdan Şuşaya uzanır. Qarabağa doğru gedən yollarda azad edilmiş hər bir rayonumuza neçə kilometr məsafə qaldığını göstərən lövhələr də uğrunda çarpışdığımız böyük bir həqiqətin bəlkə də ən yaxşı, ən kamil göstəricisidir.

Qarşıya qoyduğumuz məqsəd və vəzifələrin zamanla həyata keçməsi yolundakı çalışmalarımız həmişə olduğu kimi yenə də Azərbaycanın beynəlxalq aləmdəki mövqeynin möhkəmlənməsinə, nüfuzunun daha da artmasına səbəb olacaqdır. İndi biz daha çox “Qarabağa aparan yol” vasitəsilə əməlimizdən su içən sözü səhifələrimiz vasitəsilə mənəvi yaddaşlara daşımaqdan daha da zövq alacağıq. Düşmənin 30 ildə qəsb etdiyi Qarabağ torpaqlarına mərhəmət, şəfqət daşımaq, qurub-yaratmaq, bəli, məhz yaratmaq eşqiylə... Müharibə dövründən sonra gücümüzü yalnız yaratmağa yönəltməliyik. “Qarabağa aparan yol”çular olaraq biz də özümüzü qurub-yaradan insanların arasında hiss edir, onların cəfakeşliyini sözümüzə, yazımıza, düşüncəmizə işıq bilirik. Həm də onu demək istəyirəm ki, dövlət və hökumətimiz tərəfindən azad olunmuş bölgələrə sərbəst şəkildə gedəcəyimiz günün arzusundayıq. Getməsək, görməsək, bir qələm adamı kimi yolumuz da yarımçıq qalar, ünvanımıza Qarabağdan doğan günəşin gətirdiyi şəfəqlərin istisini, hərarətini də hər kəslə paylaşa bilmərik axı...

Əli müəllim, təşəkkür edirəm Sizə. Baş redaktoru olduğunuz “Qarabağa aparan yol”un ərazilərimizin bütövlüyü istiqamətindəki cəfakeş addımlarından- yazıya, yaddaşa, sözə çevirdiyiniz irsindən maraqla danışdınız.

Əbülfət Mədətoğlu

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK