adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Diktatorlar nə yeyib-içirdilər? 

EMİNQUEY AKİF
82937 | 2021-05-25 09:25

Dünyanı qana bulayan amansız diktatorlar.

Onların adlarını eşidəndə içimizdə nifrət hissi qabarır, ağlımıza kütləvi qırğınlar, ölümlər, işgəncələr, başdanxarablıqlar gəlir.

Bu diktatorların görmədiyimi tərəfləri mütləq ki var. Qan içən duruşlarının, canavarlıqlarının arxasında mütləq ki insana xas olan qəribə vərdişlər var. Məsələn, yemək vərdişləri, nədən xoşlarının gəlməsi, onları bizdən fərqləndirən cəhətlər və s.

Bu yazıda Viktoriya Klark və Melissa Skotun bu mövzuda apardığı araşdırmalar və başqa mənbələrdən götürülmüş məlumatlar yer alıb.

Hitler – Saxta vegeterian

Dünyanın ən amansız dictator, özünü xalqa vegetarian kimi tanıtmışdı. Əslində bu məsələdə bir az da olsa həqiqət payı var. Çünki həzm problemləri olduğu üçün ət və ağır xəmir yeməklərindən uzaq dururdu. Bunun səbəbi ödündə daş olması da göstərilir. Amma Hitler zəif tərəflərinin üzə çıxmaması üçün vegeterian olmuşdu.

Hitler gündə 28 dənə dərman içirdi. Bunların bir qismi vitaminlər idi. Həkimi Teodor Morrel Hitlerə hər gün Bolqar göyərçininin nəcisi ilə siçovul zəhəri vurdu. Digər həkimi Koester isə ona həm karminativ həblər, həm də zəhərli gecə çiləsi ekstraktından hazırladığı bir dərmanı içizdirirdi.

Hitler bütün diktatorlar kimi zəhərlənməkdən qorxurdu. Ona görə də yanında 15 nəfər yemək dequstatoru hər an əmrə tabe dururdu. Yeməklərin dadına əvvəlcə onlar baxır, bir saat içində ölməsələr yemək Hitlerə servis edilirdi.

Ən etibar etdiyi aşpaz Margit Volf idi. Xanım Margit yazdığı xatirələrdə Hitlerin ən çox Hollandes souzu ilə təzə qulançar, üyüdülmüş buğdadan hazırlanmış xəmirli tərəvəz şorbasını, qızardılmış qırmızı bibəri, plovu sevdiyi yazır. Amma ən çox sevdiyi yemək “Petits Poussins a la Hambourg” idi. Hitler bu yeməyin qarşısında vegetarian olduğunu yaddan çıxarırdı. İlk dəfə 1930-cu ildə Hamburqda yemişdi və bu yeməyin xəstəsi olmuşdu. İngilis aşpaz Dione Lukas göyərçin balalarını toyuq ciyəri, xoruz dili, fıstıq, fındıq ilə doldurub sobada xüsusi souzlarla bişirirdi. Hər bir göyərçin balası iki dişləklik bir şey idi. Hitler bunu yeməkdən doymurdu.

Ömrünün son aylarında isə kartof püresi və ət suyu ilə qidalanırdı.

Mussolini – Sarımsaq qoxulu diktator

Qara köynəkli faşist, gənc yaşlarında italtan mətbəxinin fanatı olmuşdu. Tapdığı ilk fürsətdə fransız mətbəxini pisləyər, dünyanın ən ləzzətli mətbəxinin İtaliyada olduğunu dilə gətirərdi. Emiliya-Romagnan və Toskana bölgələrinin yeməklərinin heyranı idi.

Yeməyini evdə arvadı və beş uşağı ilə yeməyi üstün tutardı. Yemək saatları mövzusunda çox vas-vası idi. Həmişə eyni saatda yemək yeyərdi və evdə yaşayan hamının həmin saatda masanın ətrafında olmağını istəyərdi. Çox sürətlə yemək yeyirdi. Onun üçün arada bir sarayda İtali Kralı III Viktor Emanuel ilə yediyi yeməklərdən bezdiyini, onunla yeməyin darıxdırıcı olduğunu etiraf edərdi.

Bir müddət sonra İtaliya mətbəxindən üz çevirdi. Heyranı olduğu Mahatma Qandi və Bernard Şoun iziylə gedərək vegeterian oldu.

Bu ərəfələrdə ən sevdiyi yemək limon suyu və zeytun yağı ilə hazırlanmış sarımsaq salatı idi. Bu salatdan hər axşam yekə bir kasa yeyərdi. Arvadı Raşel Mussolinidən gələn sarımsaq qoxusundan zəhləsi getdiyi üçün onunla eyni otaqda yatmazdı.

1925-ci ildə yoğun bağırsaq xorasına tutulandan sonra gündə bir litr süd içməyə başladı. Əsla kartof püresi yeməzdi. Bu yeməyin başında şiddətli ağrılara səbəb olduğuna inanardı. Ən sevdiyi şirniyyat isə limonlu keks idi. Bir oturuma böyük bir keksin yarısını yeyərdi.

Səddam Hüseyn - Dənizdən atası da çıxsa, yeyərdi

Vücuduna çox diqqət etdiyi üçün çox yemək yeməzdi. Yemək porslarının kiçik olmasını istəyərdi. Vas-vası olduğu üçün mətbəxə baş çəkib təmizlik yoxlanışı aparardı. Mətbəxə girən bütün ərzaqları radiasiya və zəhər yoxlanışından keçirilirdi.

Səhər yeməyi çox bəsit idi. Dəvə südü, çörək və bal. Yemək seçimi isə dəniz məhsulları və balıqdan ibarət idi. Xərçəng isə hər gün yediyi bir şey idi. Ən çox sevdiyi yemək şirin su balığından və ya alabalıqdan hazırlanan Masgouf idi. İraqa səfəri zamanı bu yeməyi çox sevən o vaxtkı Fransa prezidenti Jak Şirakın təyyarəsinə ton yarım kefal yüklətmiş və yeməyi bişirsinlər deyə iki aşpazını Fransaya göndərmişdi.

Balıq yeməyi sevdiyi qədər tutmağı da çox sevərdi. Səhərə yaxın balıq ovuna çıxardı. Aşpazlardan biri səhər saat 5-6 arası Səddamın tutduğu balıqları qızartdığını öz xatirələrində yazmışdı.

Həftədə iki gün cangüdənləri Bağdadda Abu Nacas küçəsindəki məşhur balıq restoranından onun üçün növbənöv çərəzlər alardılar. Səddam balıqla yanaşı mərci şorbasını və toyuqlu düyünü də çox sevərdi.

Tərəvəzlər çox az insanın yerini bildiyi bir baxçada yetişdirilirdi. Zeytunu da çox sevərdi. Qolan təpələrindəki ağaclarda yetişən zeytunlara üstünlük verərdi. Bir gün zeytun yeyərkən məxfi xidmətin rəisinə “ gün gələcək, israillilərdən bu zeytun yetişən təpələri geri alacağam” demişdi.

Səddamın 22 dənə sarayı var idi və nə vaxt harada olacağını hətta doğmaları da bilməzdilər. Ona görə hər sarayda hər gün üç dəfə yemək bişərdi. Yemək süfrələrində bahalı çəhrayı şəraba üstünlük verərdi. Yeməkdən sonra isə bir bardaq viski içərdi.

Qəddafi – Spaqetti diktator

Dəvə südü onun imtina edə bilməyəcəyi bir şey idi. Hər gün bir litr süd içərdi. 1961-ci ildə Belqrad ziyarətində ona ayrılan otel əvəzinə baxçaya qurdurduğu çadırda qalmışdı. Onun üçün xüsusilə Liviyadan gətirilmiş dəvədən süd sağırdılar.

İtalyan mətbəxini, xüsusilə də makaronu çox sevərdi.

Səhər yeməyində qızarmış xurma ilə soyuq dəvə südü içərdi. Çöl gəzintilərində isə qızmar qumda bişmiş çörək və yumurta ilə səhəri açardı. Zeytun yağının heyranı idi. Mətbəxə bu yağdan başqa heç bir yağın daxil olmasına izn verməzdi.

İçkini və Kolanı sevməzdi. Yeməkdən sonra mütləq həzm üçün yaşıl çay içərdi.

Adam diktator olandan sonra istəyər vegeterian olar, istəyər ət yeyər. Biri var, kasıblıqdan ət yemirsən, biri var, kefdən. Bizim diktatorlarınsa kef içində necə bir ömür sürdüyü bütün dünyaya məlumdur.

 

Eminquey

 

TƏQVİM / ARXİV