Zəfər müjdəli qayıdış
Əbədi, əzəli torpaqlarımız, bu torpaqlarda yurd-yuva quran dinc əhali erməni təcavüzünə məruz qalanda sinəsini düşmən həmləsinə sipər edən qəhrəman Vətən oğullarından biri də Fikrət idi.
Fikrət Abbas oğlu Əzizov (1961-1992) Qaradağ rayonunun Qobustan qəsəbəsində sadə və zəhmətkeş bir ailədə doğulub, boya-başa çatmışdı. O, təhsilini Qobustan qəsəbəsindəki 195 saylı səkkizillik məktəbdə tamamlamış, hərbi xidmətə qədər qəsəbədəki 5 sayli Yük Avtonəqliyyat müəssisəsində çilingər kimi çalışmışdı.
Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Fikrət atasının işlədiyi müəssisədə - Korgöz Tikinti materialları kombinatında (daş karxanasında) Abbas kişinin davamçısı kimi, çörəyini daşdan çıxarmaq yolunu seçir. Çörəyi daşdan çıxarmaq da bir qəhrəmanlıq nümunəsidir. Bu qəhrəmanlıq təbii ki, əmək və zəhmət meydanında qazanılan bir qəhrəmanlıqdır.
Fikrət bizim yaşdımız və məktəb yoldaşımız idi. O, dağ cüssəli, qaynar və həyatsevər təbiətli bir gənc idi. Fikrətin adı çəkiləndə həmişə Nizami Gəncəvinin əsas qəhrəmanlarından biri olan – Bisütunu muma döndərən Fərhad obrazı gözlərimizin önündə canlanır. Fərhad və Fikrət şəxs adları arasında qəribə bir yaxınlığın, oxşarlığın ilkin əlamətlərini də hiss etmək o qədər çətin deyil. Fərhad öz məhəbbəti yolunda hünər göstərən bir aşiq idi. Fikrətin vətən aşiqliyi mükəmməl bir eşq fəlsəfəsi idi. Onun burada təfərrüatı ilə şərh etməyə, incələməyə elə bir ehtiyac da yoxdur.
Fikrət ailəsini, körpə uşaqlarını düşünmədən, ölüm-dirim savaşına atılan bir qəhrəman idi. O, bu amansız döyüşə könüllü atılmışdı. Yaddaşlarda əbədi qalmaq üçün bu yolu seçmişdi. Bu yoldan onu heç kəs çəkindirə bilməzdi.
Nə Fikrətin atasının, nə də onu dünyaya gətirən Tehran xanımın ağıllarına da belə gəlməzdi ki, övladları müharibə və ölüm-dirim səngərinin əsil qəhrəmanına çevriləcək. Yaxşı bir deym var ki, qəhrəmanı zaman yetişdirir. Ancaq qəhrəman elə ana bətnindən də qəhrəman kimi doğulur.
On övlad dünyaya gətirən Tehran xanım da qəhrəman ana idi. Sinəsindəki “Qəhrəman ana” ordeni ona təsadüfi verilməmişdi. Fikrət onun qəhrəman ana statusuna öz qanı, canı bahasına, 33 il naməlum ərazilərdə qalan şəhid cənazəsi ilə yeni bir əlavə eləməyi bacardı: Qəhrəman oğulun qəhrəman anası!
Fikrətin Ağdam cəbhəsindən Şuşaya, XX əsrin faciəsi olan Xocalıya qədər keçdiyi döyüş yolundan indi də ağız dolusu danışılır. Onun döyüş meydanlarında göstərdiyi fədakarlıqlar hərbi əməliyyatlara dair sənədlərdə özünün təsdiqini tapır. Bu əfsanəvi, “Vəhşi” ləqəbli döyüşçünün ölümün, amansız işgəncələrin pəncəsindən xilas etdiyi dinc sakinlərin hekayətləri nağıl qəhrəmanlarının şücaətini xatırladır.
Ermənilərə qan udduran, onları qorxu və səksəkə içində saxlayan Fikrəti ələ keçirənə, məhv edənə küllü miqdarda mükafat təsis olunması qəhrəmanın şücaəti haqqında düşmən etirafı kimi, bir çox qaranlıq mətləblərə aydınlıq gətirir.
Fikrətin bir qəhrəman döyüşçü kimi qayıdışı çox üzun çəkdi: o, 33 ildən sonra işğal altında inləyən torpaqlarımız azad ediləndən, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunandan, erməni terror dəstələrinin sonuncu nəfəri Azərbaycan ərazisindən çıxarılandan sonra baş verdi. Bu, belə də olmalı idi. Fikrət qarşısına qoyduğu məqsədə çatmadan qayıda bilməzdi. Qayıdış yalnız qələbədən sonra mümkün idi.
Bir il bundan əvvəl – oktyabr ayının 30-da Fikrətin üçrəngli bayrağa bürünən nəşinin gətirilməsi, dövlətin uzun illər öz igid döyüşçüsünü intizarla gözləyən yaxınları, doğmaları ilə görüşdürdü. Fikrət öz doğma ev-eşiyinin bir neçə saatlıq qonağı oldu. Bunu əks etdirən kadrlarda, video-görüntülərdə doğmaların, yaxınların Fikrət üçün axıtdığı göz yaşlarını, insanı duyğulandıran, kövrəldən məqamlara baxmaq bu qəhrəman döyüşçünün taleyi barədə ürək sızladan, eyni zamanda, qürurverici bir təəssürat yaradır.
Dövlət strukturlarının, rayon və qəsəbə ictimaiyyətinin iştirakı ilə keçirilən matəm mitinqində şəhidin döyüş yolundan, şücaətindən geniş bəhs edildi. Təsirli və kövrək notlar üstə çıxışlardan biri də baba Fikrətin nəvəsi – adının yanına Fikrət sözünü yazan Dərya Fikrətin çıxışı idi. Dəryanın babası Fikrətin doğma ev-eşiyinə gəlişini, üçrəngli bayrağa bürünmüş tabutunu gül yağışı ilə qarşılaması da belə təsirli səhnələrdən biri kimi yadda qaldı.
Üzünü görmədiyi, nəvazişini hiss etmədiyi babası haqqında məktəbli qızın vida sözündə kədərlə, dərin hüznlə qürur hissinin qəribə bir vəhdət halına gətirilirdi. O, ötən bir il müddətində babasının ruhunu şad edəcək bir uğura da imza atıb – ali məktəb tələbəsi adını qazanıb.
O, Fikrət həsrəti ilə dünyadan köçən ata-anasının uyuduğu “Sofi Həmid” qəbirsanlığında hərbi və islami qaydada canından əziz sevdiyi torpağa tapşırıldı. Zəfərlə qayıdan Fikrət əbədiyyət ünvanlı bir qəhrəmandır.
Nur içində uyu əziz dost, zəfərin mübarək!
Qürbət Mirzəzadə,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, AYB-nin və AJB-nin üzvü
Bakı: 25 oktyabr 2026
Digər Xəbərlər
26 Oktyabr 2026 13:23
AQİL ABBAS OXUCULARI İLƏ GÖRÜŞDÜ - FOTOLAR
26 Oktyabr 2026 11:33
Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası
26 Oktyabr 2026 11:19
“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
26 Oktyabr 2026 11:05


Bakı -°C

