Aqil ABBAS: QƏDİR RÜSTƏMOVUN OV MACƏRALARI VƏ YOLUMUZUN ÜSTÜNƏ ÇIXAN QARA PİŞİK

AQİL ABBAS
77758 | 2022-09-06 09:00

(Əvvəli burada)

(III yazı)

Çox qəribədir, heyvansevərlər var, olsun, yaxşıdı. Amma məsələ nədi? Deməli, bu «heyvansevərlər» mənə nöqsan   tuturlar ki,  ov eləmək günahdı.

Deməli, yazıq qoyunu yemək  olar , dananı, inəyi,  camışı yemək olar. Toyuğu, çolpanı, ev qazını, ev ördəyini yemək olar, amma çöl qazını, çöl ördəyini, dovşanı, turacı, qırqovulu yemək günahdı. Niyə, qardaş?

Tanrı insanı yer  üzünün əşrəfi yaradıb. Bu gün bəyəndiyimiz və bəyənmədiyimiz, hətta pandemiyanın  barmağına doladığı dünyanı və bu dünyada  nə varsa  hamısını insan  üçün xəlq edib. Kəlbəcərdəki Dəlidağı da, Niaqara şəlaləsini də. Və bütün  yeyilə biləcək heyvanları da insan  üçün yaradıb.  Yəni bizim on min, yüz min il bundan əvvəlki  babalarımız ov əti ilə yaşayıblar. Əgər ov əti qadağan  olunsaydı bunu Tanrı tərəfindən göndərilən  kitablar  qadağan edərdi.

İndi əslində mən ovla bağlı yox,  Qədir Rüstəmovla bağlı xatirələrimi bölüşürəm.

Deməli, adətən Qarabağda, yəni Ağdamda, Ağcabədidə, ya Bərdədə müəyyən dostlar  toy edəndə çox vaxt mənə  dəvətnamə göndərmirlər ki, uzaq yoldu, nəyə gəlsin.

Amma elə ki xəbər tuturdum hansısa bir dostumun  toyudu, dəvətnaməsiz gedərdim.  Ağdamda dostum Axundov Rizvanın (Tahir abinin  kiçik qardaşı) toyudu. Mənə dəvətnamə göndərməyiblər, məlum səbəbə görə.

Şahin Hümbətəliyev zəng elədi ki, sabah Axundov Rizvanın toyudu, gəlməyəcəksən? Dedim, tezdən  yanınızdayam.

Mən Ağdama adətən Sabirabad yolu ilə, Ağcabədidən  keçib gedirdim. Saat 11-12  olardı  çatdım Ağcabədiyə, bir stəkan  çay içdik. Şahin Hümbətəliyev (Ağcabədidə istintaq şöbəsinin  rəisi idi), Kamil Quliyev (Ağcabədinin baş «oboxeyisi» idi, hər ikisi  mənim qohumumdu) getdik Rizvanın  toyuna. Günortanı  keçmişdi…

…Oxucu, darıxmayın, söhbət Qədirlə ovdan gedəcək…

… Rizvangilin həyətinə yaxınlaşanda  QədirinTanrının da xoşuna gəldiyi səsini eşidirdik: «Ay Laçın, can  Laçın».

Nə isə, girdik mağara. Qədir də oxuyur. Bizi görən kimi oxumağını saxladı. Hamı da çaşdı ki, bu niyə dayandı?

Üzünü tutdu bizə və dedi:

- Ə, Məllim, bu Seyran səin  dostundu?

Təbii ki, toydakılar da bizə tərəf çevrildi.

- Hə, dostumdu, Qədir.

- O səin  nə təhər dostunduku namərd mənim demədiyim sözdəri  səin  haqqında yazıf…

Həmin vaxt Seyran Səxavət Qədir Rüstəmovla bağlı «Ulduz» jurnalında bir yazı yazmışdı. O nə müsahibə idi, nə hekayə idi, nə reportajıydı, heç bilmirəm nə idi. Əslində Seyran Səxavət o yazısı ilə jurnalistikaya  yeni bir  janr gətirmişdi. Seyranın Rəmişlə də bağlı belə bir qeyri-adi yazısı var və ümümiyyətlə, Seyranın  belə qeyri-adi yazıları çoxdu. Və Seyranın  belə yazıları  jurnalistikada dərs kimi  keçirilməlidir.

Seyran nə yazmışdı? Qədirlə müsahibəsində belə bir yer vardı. Mənim Qədir haqqında yazdığım povestlə bağlı  suala Qədir belə cavab vermişdi:

- O nədi ə, povestdə maa ad qoyuf, Beyrək! Yox bir böyrək.

Mən povesti yazan vaxtı 18 yaşım  vardı, Qədirlə  bir neçə dəfə görüşmüşdüm. O vaxt Sovet  hökuməti müəyyən  məsələlərə  yasaq qoymuşdu. Ona görə də Qədirin  adını dəyişib  Bəkir qoymuşdum.

- Məllim, o əsərdə  məim  adımı  nə yazmısan?

- Bəkir.

- Ə, poz onu, Bəkir məim qardaşımdı, özü də bir az aramız yoxdu…

… Qədirin qardaşı  Bəkiri düzü mən tanımırdım, amma sonra öyrəndim ki, Ağdamın ən yaxşı tarzənlərindən biridi.

… -  Bəs, nə yazım?

Qədirlə görüşə Qarabağda adla tanınan dərzi Aydının oğlu ilə getmişdim, xalam oğlu  idi.

- Budey buun adını qoy. Adın nədi, Aydının  oğlu?

- İslam.

- Bu nə addı dədən qoyuf saa? Ə, yox, onu da yazma. Get özün bir ad tap dana.

Mən də Qədirin adını  povestdə Beyrək kimi  yazdım. Niyəsi də o idi ki, bu addan xoşum gəlirdi, amma nədənsə bizim xalqımız bu adı qoymurdu. Dedim kiminsə bu povestdən xoşu gələr (gör nəyə inanırdım ey, «Dədə Qorqud»dakı adı qəbul etməyənlər guya mənim  povestimdən xoşhallanıb övladlarına Beyrək adı qoyacaqdılar) övladına Beyrək adı  qoyar…

- Ə, Məllim, Allah  haqqı, mən Seyrana  elə bir  söz deməmişəm, özündən  uyduruf. - Sonra sağ ayağını  qaldırdı yuxarı, ayaqqabısını göstərdi, italyan  ayaqqabılarının  tapılmadığı bir  vaxtda gözəl bir italyan  tuflisi   vardı: - Ay camaat, bu ayaqqavını  maa  Hümbətəliyev Şahin bağışdıyıf.

Sonra da oxuduğu muğamda harda dayanmışdı, ordan davam elədi.

Musiqi  bitən kimi gəlib  bizlə oturdu.   Hal-əhval tutdu və dedi:

- Qalalıların  sözü  olmasın, havax  gedəssən?

- Üç-dörd gün burdayam.

- Sabah heş, yorulmuşux, o birisi gün səni özüm aparajam ova. Amma  sallah Şahin gəlməsin, o, çox danışır ey.

Xallı Şahin də durub  başımızın üstündə.

Qədir qayıtdı ki, sənə bir işim düşüb.

- Nədi?

- Krasnovodskdakı ağdamlılar  maa ikimərtəvəli bir it göndəriflər. Dorikin tulası  məim itimin yanında p.. yeyir. Səin əlin uzundu, ona pasport  düzəldə bilərsən ki, məim itim Dorikin tulasından daha böyük nəsildəndi, aparım soxum Dorikin gözünə.

Qədir it boğuşdurmağı da sevirdi, xoruz  döyüşdürməyi də. Türkmənistandan  ona göndərilən  it də əslində  boğuşmaq üçün idi.

- Yox, bunu eləyə  bilmərəm.

- Sən də heş, bir yaralı barmağa  çiş eləmədin.

- Qədir, Dorikin  tulasını   çox istəyirsənsə pulunu ver al dana.

- Ə, Dorik  Sonya məlliməni  satar, amma  tulasını  satmaz.

Sonya müəllimə 2 nömrəli məktəbdə rus dili  müəllimi idi və mənə də dərs demişdi.

Sonra mənim üçün Qədir ən çox sevdiyim  mahnısını oxudu: «Neyçün gəlməz»…

… Həmin vaxt yuxumuza da girməzdi ki, bir gün Natəvanın vaxtsız  vəfat etmiş oğluna yazdığı bu qəzəl kimi Qarabağ gedəcək  və biz hamımız «Neyçün gəlməz» oxuyacağıq.

Tanrının  xoşbəxtliyi idi ki, 33 il sonra «neyçün» gəldi.

Və toydan bir gün sonra Qədirlə getdik üzü  güləbətinə, yəni Ağcabədiyə, Ağgölə…

Dostlar, arxası gələcək ey!

 

TƏQVİM / ARXİV