adalet.az header logo
  • Bakı 13°C
09 Aprel 2021 12:33
25267
GÜNDƏM
A- A+

Müharibənin özü nə qədər çətindirsə, - Səxavət Məmməd yazır

post-müharibə dövrü də o qədər ağrılı və sancılı olur. Bütün müharibələrdən sonra fəsadlar baş verir. Müharibələrin sonlarında  kriminallaşma olub. İkinci Dünya, Vyetnam, Əfqanıstan müharibələrindən sonra da kriminal vəziyyət dəyişib, intiharlar artıb. Bunlar fərziyə deyil. Kifayət qədər kitablar yazılıb, filmlərə də yəqin baxmısınız. Azərbaycan xalqı daha çox məişət yönlü olduğu üçün bizdə kriminal tərəf çox qabarmasa da, intihar, özünə zərər vermə halları çox olub. Elə götürək birinci müharibənin sonunu. Kriminala meyillilik biraz hiss olundu, həbslərlə buna son qoyuldu. Qazilərin xüsusilə özünü yandırması halları çox oldu. 44 günlük müharibənin sonu da intiharları özü ilə gətirdi. Bəzən deyirlər, bu xəbərlər çox yayılmasın, insanlar təsirinə düşür. Razı deyiləm. Bu nəticə ilə mübarizə üsuludur. Səbəb aradan qaldırılmalıdır. Müharibə insanları dəyişir.

Baxırsan, QHT-lər belə ərzaq yardımı ilə məşğul olurlar. Maddi çətinliyi olanlar çoxdur. Məsələ ondadır ki, onlara maddiyatdan daha çox reabilitasiya lazımdır. Müharibə davam edən zaman belə yazmışdım ki, iştirakçıların cəmiyyətə qazanılması üçün işlər görülməlidir. Hansısa bir iş görülüb? Sizi bilmirəm, gözümə dəymir. Əslində müharibəyə hazırlıqla paralel post-müharibəyə də hazırlaşmalı idik. Ortada heç nə yoxdur. Veteranlıq məsələsini bir yerə çıxara bilməyiblər. Reabilitasiya məsələsi necə olacaq?

İntihar edənlərin bir neçəsinin yaxını ilə danışmışam, deyirlər, danışıb-gülürdü. Yəni, özləri belə şoka düşürlər. Təkcə əlil olmuş, xəsarət almışı yox, hamısını nəzarətdə saxlamaq lazımdır. Panik atakdan intihar edənlər xaric digərləri gözlənilməz intiharlardır. Bir hadisə hamıya eyni cür təsir etmir. Ona görə heç kim bilmir onların aldığı travmalar nə vaxt büruzə verəcək. Cəmiyyətin yardımı günü qurtaran bir şeydir. Dövlət ərazi bütövlüyünü təmin etmək üçün çağırdığı vətəndaşlarını qorumalıdır. Bu məsələnin üstünə düşməkdə ləngidikcə fəsadlar çoxalacaq.