adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Fevral 2021 14:10
50291
MÜSAHİBƏ
A- A+

“Nəsibə Zeynalovaya, Afaq Bəşirqızına bənzədirdilər”- KƏND MÜƏLLİMİ

“Kənd müəllimi”nın növbəti qonağı Beyləqan rayonunun Seymur Abbasov adına Çəmənli kənd tam orta məktəbinin tarix müəllimi Pərvanə Şıxəliyevadır.

-Pedaqoji fəaliyyətə sizi hansı amil gətirdi? Bəzən məcburiyyətdən, başqa iş olmadığından və ya ailənin basqısı ilə müəllim sənətini seçən qızlar görürük.

-Uşaq yaşlarımda Aztv də "Qvadelupa" serialını verirdilər. Əvvəlcə aparıcı elan edirdi ki, hörmətli aparıcılar indi isə sizi "Qvadelupa" serialına baxmağa dəvət edirik. Mən də həmin aparıcıdan ilhamlanıb aparıcı olmaq istəyirdim, onu yamsılayırdım, hamı gülürdü.

İllər keçdi məktəbə getdim. Kitab oxumağa, xüsusən, ədəbiyyata, bədii kitablara böyük marağım vardı. Ədəbiyyat müəlimim(Sərfinaz Ağayeva) dərsdə əsərləri daha çox mənə oxutdururdu, mən də hər obrazı özü kimi səsləndirməyə çalışırdım.

9-cu sinifdə oxuyurdum. Məktəblilərdən ibarət balaca bir yumoristik səhnəcik hazırlamaq lazım idi. Müəllim birinə məni seçdi. Avam, cahil kəndli bir qadını canlandırmalı idim. Bir günə məşq elədik, səhəri günü səhnəciyi göstərdik. Çox uğurlu alınmışdı. Kənd camaatından da yığılıb baxmağa gələnlər vardı. Mən rolu necə aparmışdım özümdə bilməmişdim həyəcandan. Sonradan videoya baxanda gördüm ki, çoxlu alqışlanıbmışam.

Bir müddətdən sonra rayonda "Teatr müsabiqəsi" elan olundu. Müəllimim məni xəlvət hazırlaşdırıb evdən xəbərsiz müsabiqəyə apardı. Dedi mənə inan. O, kənddə müəllim kimi etibarlı, nüfuzlu insan idi. Hətta ən geri düşüncəli adam da ona güvənir, fikirləri ilə hesablaşmalı olurdu.

Müsabiqəyə qatıldım.Çıxışım çox bəyənilmişdi. Təriflər yağırdı ünvanıma. İkinci tura keçdim.

Valideynlərim rayondakı müsabiqə barədə biləndə ikinci tura getməyimə icazə vermədilər.

. Qaliblər elan olundu. Münsiflərdən biri olan müəllim sonradan müəllimimə demişdi ki, gözümüz qapıda qalmışdı, niyə gəlmədiniz? 1-ci yeri o qız üçün nəzərdə tutmuşduq...

İfamı Nəsibə Zeynalovaya, Afaq Bəşirqızınınkına bənzədirdilər. Təriflər sevindirsə də ovundurmurdu, çünki evə gedəndə narazı üzlər görürdüm.

Məktəbi bitirəndə mənə qalan 2 Fəxri Fərman və xatirəyə dönən o günlər oldu.

Ali məktəbə qəbul oldum, peşə seçimində valideynlərim fikrimi soruşdular, mən də aktrisa olmaq istəyimi bildirdim. Qətiyyətlə etiraz etdilər. Qarşıma bir seçim qoyuldu, o da müəllimlik. İxtisasın fərqi yox idi, əsas odur ki, müəllimlik olsun.

Mən də ani bir qərarla tarix ixtisasını seçdim.

Ciddiyə almırdım işimi, elə bilirdim bu müvəqqətidir, müəllim olmayacam

 

-Hətta tələbə olandan müəllim kimi çalışırsınız.

-Bəli, 3-cü kursdan etibarən, ilk dərsim də yadımda idi. Direktor qəfil zəng vurdu ki, bəs başqa bir tarix müəllimini əvəz etməlisən. Məktəbə gəldim axırıncı saat idi. Girdim sinifə həyəcanlı idim, ancaq bu çox çəkmədi. Şagirdlər elə cani dildən " müəllim", " müəllim" deyib dərsdən suallar verdilər ki, başladım cavablamağa, mənə çox diqqətlə qulaq asırdılar. Onlar üçün yenilik idim. Dərs bitdi. Gündəliyə qiymət də yazdım. Şagirdim dedi ki, müəllim ilk işinizdi yaxşı qiymət yazın, mən də səhv eləmirəmsə 4 yazdım.

İşləməyimə baxmayaraq, ciddiyə almırdım işimi, elə bilirdim bu müvəqqətidir, müəllim olmayacam. Ancaq universitetətə gələndə elə bil ilk dəfə idi gəlirdim, tələbələrə, qrup yoldaşlarıma, müəllimlərimə diqqət edirdim, ünsiyyətinə, necə danışırlar, dururlar və s.

 

Madam ki, onlara görə maaş alırsan, gərək işini vicdanla yerinə yetirəsən

 

- Özünüz də tələbə və tələbələrinizə dərs keçirsiniz. Necə hiss idi?

- Əslində könülsüz idim, müəllimlik etmək arzum olmamışdı, axı. Elə qismət oldu ki, ilk şagirdlərimə də son zənglərindəki çıxışlarına kömək etməli oldum. Məni müəllimlikdən daha çox bu sevindirirdi.

…Qayıtdım kəndə. Sentyabrda dərslər açıldı. Mənə 11-ci sinif verildi. Uşaqlarla dil tapmağa çətinlik çəkirdim. Aqressiv, kobud danışıqlı idim. Həmin il üzücü, boz idi mənimçün. Çoxlu dua edirdim ki. Allahım mənimçün nə yaxşıdı sən bilirsən. Məni öhdəsindən gələ biləcəyim daha çox faydalı olacağım işə yönəlt.Növbəti il 5-ci sinif verildi. Ilk vaxtlarda onlarla da alınmırdı. Ancaq bir gün hər şey dəyişdi.

Sual-cavab edirdim, uşağın biri sualı ətraflı cavabladı. Mən təəccübləndim ki, sən bunları hardan bilirsən kitabda bu məlumat yoxdur axı. O da qayıtdı ki, müəllim, siz demişdiniz də. Bilmirəm, nədənsə bu cavab mənə çox təsir etdi. Hiss elədim ki, onlara lazımam. Öz özümə dedim ki, indi sən müəllim olmaq istəmirsən buna uşaq neyləsin? Madam ki, onlara görə maaş alırsan, gərək işini vicdanla yerinə yetirəsən. Hikkəmi içimdə boğdum. Başladım onları əzizləməyə, nazını çəkməyə. Beləcə şagirdlərlə aramda qırılmaz bağ quruldu. Artıq məni görəndə sevinib, qabağıma qaçırdılar, boynumu qucaqlayıb üzümdən öpürdülər. Onlarla vaxt xoş keçirdi. Arada rayon mərkəzinə aparırdım onları. Fikirləşirdim ki, kənddə haranı görürlər e, aparım heç olmasa muzey, sərgi kimi mədəni şeylər görsünlər, dünya görüşlərinə təsir edər. Müəllimlik artıq sevgiyə dönmüşdü. Siniflərarası bilik yarışmaları təşkil edirdim. Bir dəfə qonşu kəndin müəllimilə əlaqə saxlayıb onları məktəbimizə yarışa dəvət etdim. Gəldilər. Şagirdlərim qalib gəldi.

Diqqətlərin ən çox çəkəni isə subay olmağım oldu

 

- Daha sonra həmin məktəbi və kəndi dəyişdiniz. Buna nə səbəb oldu?

-Dərsin azlığı, maddi çətinliklər məni sıxırdı...Atam məni böyük çətinliklərlə oxutmuşdu. Oxuyub işləyib ailəmə kömək ola bilməməyim məni çox sıxırdı. İçimdəki səs bu məktəbdən getməlisən deyirdi. 4 il olmuşdu artıq. Yerdəyişmədə iştirak etdim. İndi işlədiyim məktəbə düşdüm. Müəllim həmkarlarım, şagirdlərim bu xəbərə üzüldülər. Getməyimi istəmirdilər. Ancaq mən hiss edirdim ki, getməliyəm.

Yeni iş yerimdə məni maraqla qarşıladılar. Əvvəlcə elə bilirdilər Bakıdan gəlmişəm. 1-ci ilimdi. Diqqətlərin ən çox çəkəni isə subay olmağım oldu. Yaşıma görə. Təsəvvürlərinə gətirmirdilər ki, bir qız 25 yaşa qədər necə subay qala bilər. Kəndə təzə gələn müəllimə elçi düşmək adətindən kənarda qalmadım, oğlanın anası dedi ki, mənim çoxdankı arzum olub oğluma yaşı keçmiş qız alım, biri də deyirdi eybi yox mən onu elə də qəbul edirəm.

Əvvəlki kimi yeni məktəbdə də bilik yarışmaları, ekskursiyalar təşkil edirdim. Təzə tikilmiş məktəb projektor da vardı. Bu da mənə yeni ideyalar verirdi. Direktorumuz mənə bu kimi işlərdə dəstək olurdu(elə indi də) . Şagirdlərim həssas yerimə dönmüşdü. Yay tətilini Bakıda keçirib, şəxsi inkişaf, peşəmlə əlaqəli kurslara, seminarlara getdim. Yeni tədris ilində öyrəndiklərim onlarla münasibətimə isti rənglər qatmışdı.Və bu indiyədək davam edir. Şagirdlərim mənim üçün bir başqa dünyadı, ayrıca dəyərdi...

-Distant təhsilin öhdəsindən gələ bildinizmi?

-Hər şey elə qəfil oldu ki. Heç birimiz hazır deyildik. Həm psixoloji, həm texniki. Mən əvvəlcə Zoomla keçməyə başladım. Ancaq çox çətinlik yaşadıq. Çünki tətbiqetməni mənimsəyə bilmirdi uşaqlar.

Uşaq dünyası hər zaman maraqlıdı. Ən çox zəif oxuyanlar əl ayağa düşmüşdülər ki, dərsdən geri qalırıq.

Sonra Vətən müharibəsi başladı. İnternet kəsildi. Bir müddət ara verdik. Şükürlər olsun ki, qalib gəldik.

Yenidən distant təhsilə qayıtdıq. Düzü, öhdəsindən gəldiyimi düşünmürəm.

-Məktəblər yenidən açıldı. Şagirdlərdə karantinin yaratdığı geriləmələr var?

-Bəli, çox ciddi. Əməlli başlı geriləmə, hətta ən yaxşı oxuyanda da. Elə bil keyləşiblər.

- Bir müəllim üçün onlayn dərslər rahatdır, ya canlı?

-Rahatlıq baxımından təbii ki, distant. Elə sizinlə görüşdən əvvəl distant dərsimi keçib gəlmişdim. Bütün hallarda canlı ünsiyyət daha zövqlüdür, məncə.

-Son zamanlar müəllim sənətini seçənlər də artıb. əvvəllər kəndlərə göndərməyə müəllim tapılmırdı. Indisə hər il 50mindən çox insan müəllim olmaq çün imtahan verir. Sizcə nədən qaynaqlanır bu?

- Səbəblər müxtəlif ola bilər. Ucqar ərazilərdə işləyən müəllimlərin maddi təminatı yüksək olur, pandemiya və müharibə dövründə məktəblərin fəaliyyəti dayansa da müəllimlər maaş aldı. Bu peşəni yaxşı təhsil görmüş adamlar seçsələrdi, nə gözəl olardı.

 

Söhbətləşdi: Emin Piri