adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: “PƏLƏNGİN QİSASI”

ƏBÜLFƏT MƏDƏTOĞLU
184141 | 2021-02-03 15:38

Yaxın günlərin söhbətidi. Imzası oxucularımıza artıq tanış olan Səadət Sultan məni kitabının təqdimat mərasiminə dəvət etmişdi. Təəssüf ki, anlaşılmazlıq üzündən məhdud çevrədə keçirilən təqdimatda iştirak edə bilmədim. Və müəllifin səmimi aftoqrafla bağışladığı kitabını qəbul edərkən söz verdim ki, oxuyacam və mütləq fikirlərimi bildirəcəm. Bu mənim üçün həm də hardasa “günahı yumaq” idi...

Necə deyərlər, tənbəllik etmədən kiçik həcmli bu kitabı qısa zamanda gözdən keçirdim. Onu da deyim ki, kitabdakı hekayələrin bir qismini “Ədalət”in səhifələrindən oxumuşdum. Ona görə də bu “oxumaq işim” tez başa çatdı və...

Səadət Sultanın “Pələngin qisası” hekayələr kitabı oxucunu zövqünü oxşayan bir şəkildə ərsəyə gətirilib. Kitabdakı hekayələrin mövzuları həyatın özündəndi. Yəni hər birimizin hər yerdə, hər məqamda qarşılaşdığımız detallardı. Təəssüf ki, bu qarşılaşdığımız detalları hamı görüb keçir, ya da ona əhəmiyyət vermir. Amma hamıdan fərqli olaraq Səadət Sultan bu kiçik detalları öncə ürəyində püxtələşdirir, sonra sözə çevirir. Təbii ki, ürəkdə yazılan sözə köçəndə, daha doğrusu, yazılı materiala çevriləndə artıq bu, yaradıcılıq olur. Deməli, Səadət Sultan da öncə ürəyində yazıb, sonra hekayəyə çevirdiyi bu məqamların hər biri oxucu üçün tanış və doğma gəlir. Səbəbi də məlumdur. Bir də şərh versəm, deyə bilərəm ki, oxucunun yanından keçdiyi həmin o məqamlardı. Məsələn, min illərin bir mözusu var: qaynana gəlin problemi. Həmin problemi Səadət Sultan öz hekayəsində həm xof kimi, həm də faciə kimi verməyə çalışıb. Yəni ailədə sevgisinə bağlı olan gəlin qaynananın bütün “dırdır”larını ürəyinə yığır. Sonda da ürək partlayır. Və bir ailə bir qaynanın hikkəsini, rişxəndini, özünü idarə edə bilməməyin qurbanına çevrilir. Burdan bir sual ortaya çıxır: bunu yazmaqda fərqli bir məqsəd varmı?

Hekayəni oxuyanda anlayışlı oxucu görür ki, var. Əgər evdə hər kəs bu məsələnin çözümüylə məşğul olsaydı, yəni gənc ailədə gəlinlə bahəm bəy də qaynananın yersiz, heç bir ölçüyə sığmayan yanaşmasına öz konkret münasibətini bildirsəydi, bəlkə də bu faciə baş verməzdi. Ona görə də müəllif mövzunun ailənin birliyi kimi, anlayış ünvanı kimi oxucuya təqdim etməyə çalışıb. Qarşılıqlı anlayış olmayan yerdə sevgi də acizdi. Ürəyi partlayan gəlinin timsalında oxucu bunu görür. Və yaxud “Hərislər” hekayəsindəki məqamlar irili-xırdalı bütün kollektivlərdə cərəyan edən proseslərin ümumiləşdirilmiş formasıdır. Şəxsən mən bu hekayəni oxuyanda gözümün önünə gerçək mənzərələr gəldi. Və həmin an Səadət Sultanın müşahidə imkanına bir oxucu olaraq sevindim.

Düşünürəm ki, 8 hekayədən ibarət olan bu kitabı oxumaq oxucuların ürəyincə olacaq. Və bir də ona sevinəcəyik ki, nəsrimizə öz müşahidə qabiliyyərləriylə oxucu maraqları çəkən bir müəllif gəlir. Necə deyərlər, gəlişi uğurlu, yolu açıq olsun!

TƏQVİM / ARXİV