adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Noyabr 2020 15:49
20240
GÜNDƏM
A- A+

Aqil Abbas: “Prezident Şuşaya, Xankəndinə də müzəffər sərkərdə kimi gedəcək”

“Ali Baş Komandanın rəhbərliyi ilə bütün işğal olunmuş ərazilərimiz kimi Ağdam da düşmən tapdağından xilas edildi. Bu, bizim tarixi qələbəmizdir”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, əslən Ağdamdan olan Aqil Abbas deyib. O bildirib ki, Ali Baş Komandan Cəbrayıla, Füzuliyə, Ağdama getdiyi kimi Şuşaya, Ağdərəyə, Xankəndinə də müzəffər sərkərdə kimi ayaq basacaq:

“Ali Baş komandan bundan sonra da digər düşməndən təmizlənən torpaqlarımıza, rayon və şəhərlərimizə səfər edəcək, orada öz siyasi mesajlarını səsləndirəcək. Bu ölkənin lideri odur. Harada, necə lazımdısa, o formada da bayrağımızı qaldıracaq. Ağdamda bayrağımızın qalxacağını gözləyirdim. Həqiqətən də son günlər tarixi anlara şahidlik edirik. İkinci Qarabağ savaşının xeyrimizə nəticələnməsi görünməmiş qələbədir. Azərbaycan tarixində bu zəfərin tayı-bərabəri yoxdur. Prezident dəfələrlə deyib və dünən də Ağdamda bir daha xatırlatdı ki, işğalçı ölkə ağır müharibə cinayətlərinə görə cavab verəcək. Şübhəsiz ki, bütün bu vəhşiliklərə görə təzminat ödənməlidir”.

Deputat vurğulayıb ki, Ali Baş Komandan və birinci xanımın Ağdam məscidini ziyarəti zamanı xalqımız üçün xüsusi dəyərə malik olan bu tarixi və müqəddəs məkanın divralarından öpməsi onu təsirləndirib: “Onlar məscidə ayaqqabılarını çıxararaq, məhz ayaqyalın daxil olmaları ilə ölkəmizdə dini məkan və məbədlərə hansı səviyyədə hörmət, dəyər verildiyini bir daha göstərdilər. Prezidentin divarından öpdüyü həmin məscidi elə gözəl bərpa edəcəklər ki, bu dini məkan yalnız vəhşicəsinə dağıdılmış Ağdama deyil, bütün dünyaya işıq saçacaq. Yəqin ki, məşhur “Dolu” filminin sonluğunu yaxşı xatırlayırsınız. Orada bütün millət əliyalın şəkildə üzü Ağdama doğru gedirdi. Yəni biz bu gözəl şəhəri əliyalın da olsa azad edəcəkdik. Elə də oldu”.

Deputat qeyd edib ki, bir neçə rayonun qan tökülmədən azad olunması böyük siyasi qələbədir: "Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan azad edilir. Bu üç rayon azad ediləndə bəlkə də bu günə qədər verdiyimiz şəhidlərdən çox itkimiz olacaqdı. Ağdamı bir qədər asan şəkildə azad edə bilərdik, amma Kəlbəcərə hücum edib, o əraziləri işğalçılardan təmizləmək çox çətin olacaqdı. Müharibənin strategiyası elə quruldu, düşmən dalana elə dirəndi ki, Prezidentin müdrikliyi nəticəsində bu üç rayon artıq bir güllə belə atılmadan boşaldılır. Bu, mənim nəzərimdə ən böyük qələbə sayılır.

Mən həmişə inanmışdım ki, Prezidentin qürurla, fəxrlə ayaq basıb bayraq qaldırdığı Ağdam torpaqlarına nə vaxtsa geri dönəcəyik. “Dolu” romanında xalqa bunu aşılamışam ki, bir gün hamımız piyada da olsa, Ağdama gedəcəyik. Ali Baş Komandan Ağdama getməklə və burada bayrağımızı qaldıraraq bir sıra vacib siyasi mesajlar səsləndirməklə bir daha ölkəmizin qüdrətini nümayiş etdirdi”.