“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
“İmam Muhəmməd Baqir İmam Hüseynin nəvəsidir. İslam dünyasında məzhəblərarası vəhdət, dialoq və dözümlülük (indiki dillə desək, tolerantlıq) mədəniyyətinin əsasını qoyan ən mühüm şəxsiyyətlərdən biridir. Onun elmi məktəbi fərqli baxışlara sahib olan müsəlman alimlərini bir araya gətirərək ümmətin birliyinə xidmət edib. Özü də xarakter və şəxsiyyət baxımından da çox həlim, mülayim, mərhəmətli və comərd insan olub”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, İmam Baqirin qurduğu böyük elm məclisləri yalnız öz tərəfdarlarının mütəfəkkirləri üçün deyil, bütün müsəlmanlar üçün açıq idi:
“Fərqli fiqh, məzhəb və məktəblərin rəhbərləri və böyük fəqihlər ondan dərs almış, onun elminə ehtiram etmişdilər. İmam Əbu Hənifə, Malik ibn Ənəs, Sufyan əs-Suvri, Zöhri və Ovzai kimi dövrün ən böyük alimləri İmam Baqirin elmindən bəhrələnib və onu özlərinə ustad hesab ediblər. Məşhur fəqih Həkəm ibn Üteybə kimi fərqli düşüncədə olan alimlər belə onun hüzurunda özlərini təvazökar bir şagird kimi aparırdılar. Bu, İmamın elmi vəhdət mərkəzi olduğunu ortaya qoyur. İmam Baqir də elmini atasından almışdı. O, müsəlmanlar arasında ixtilaf və düşmənçilik yaradacaq radikal bəyanatlardan həmişə uzaq dururdu. İslam cəmiyyətində daxili sülhün qorunması üçün səhabələrin ehtiramını saxlayırdı. Rəvayətlərə görə, o, Həzrət Əbu Bəkr və Həzrət Ömərin fəzilətlərini inkar etmədiyini və onlara qarşı təhqiramiz ifadələrin yolverilməz olduğunu bildirərək, ümmətin müqəddəsatına hörmət etməyin vacibliyini vurğulayırdı. Bu mövqeyi biz daha sonra onun qardaşı İmam Zeydin Kufədəki davranışında da əyani şəkildə müşahidə edirik. Hətta onun, sözügedən səhabələrə qarşı mənfi münasibətdə olan kütləni özündən uzaqlaşdırdığını görürük”.
T.İtfanın sözlərinə görə, İmam Baqir öz dövrünün xəlifələrinin üsuli-idarəsini qəbul etməsə də, İslam dövlətinin xarici təhlükələrlə üzləşdiyi və ya ümumi müsəlman mənafeyi tələb etdiyi məqamlarda Əməvi xəlifələrinə elmi və strateji köməklik də göstərib:
“Bizans imperatoru xəlifə Əbdülməlikə (bəzi mənbələrdə Hişama) təzyiq edərək müsəlmanları iqtisadi və mənəvi cəhətdən asılı vəziyyətə salmaqla təhdid edəndə, İmam Baqir xəlifəyə tamamilə müstəqil İslam sikkələrinin zərb olunması planını və formulasını təqdim etmişdi. Bu addım ümmətin Bizans qarşısında alçalmasının qarşısını aldı və dövlətin bütövlüyünü qorudu.İmam cəmiyyətdə radikalizmi, kor-koranə təəssübkeşliyi hər zaman pisləyirdi. O, dinin zahiri rituallardan deyil, gözəl əxlaq, təqva və müsəlman qardaşlığı üzərində qurulduğunu bəyan edirdi. İmam buyururdu ki, həqiqi müsəlman digər müsəlmanları özünə qardaş bilməli, fərqli düşüncələrə görə cəmiyyəti parçalamamalıdır. İmam Muhəmməd Baqir demək olar ki, dövrünün siyasi proseslərindən uzaq şəkildə yalnız elmlə məşğul olur, tələbələr yetişdirir, dinin mənəvi yönlərini təbliğ edirdi. Vəhdətə, həmrəyliyə, məhəbbət və mərhəmətə daha çox üstünlük verir, bu xüsusiyyətlərin insanları bir-birinə daha çox bağladığını söyləyirdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 09:54
“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54


Bakı -°C

