SON DƏQİQƏ:

Aqil ABBAS: QIZ GÖRMƏMİŞ SİNƏSİNDƏN YARALANIB ŞƏHİD OLAN

  158237   |  
Şriftin ölçüsü  

Sənanın atasıdır şəkildə gördüyünüz üzü Səttar Bəhlulzadənin üzünə çevrilmiş bu kişi: Hacı Əkbər Rüstəmov. Ağdamdan çıxan məşhur güləşçilərin 70 faizinin məllimi olub. Bir vaxtlar «Qarabağ» futbol komandasının rəhbəri 50 nömrəli peşə məktəbinin həyətində tələbələri ilə birlikdə öz əlləri ilə tikmişdi həm stadionu, həm də idman zalını.

67-68-ci illərdə Güləş üzrə SSRİ çempionatında finalda hakimlər tərəfindən qəsdən uduzdurulduğuna görə həm hakimi, həm də rəqibini mal kimi çırpmışdı Əkbər Rüstəmov. Və buna görə də ömürlük çempionatlardan kənarlaşdırılmışdı.

O da qayıdıb doğma Ağdamda peşə məktəbində idman məllimi işləyirdi. Ağdamın həm sayılan məllimi, həm də saytal oğlanlarından biri idi. Və bu gün də elə saytal kişidi.



Turşsu yaylağında tez-tez davaya düşərdik – həm ermənilərlə, həm də qeyri-ağdamlılarla. Gözümüz Əkbər məllimi axtarardı. Davaya girdimi, hamı çəkilərdi. Əkbər məllim 7-8 adamla tək dalaşar və hamısını da yerə sərərdi. Qeyri-adi döyüşürdü, xüsusilə ayaqlarıyla. Lap sonradan öyrəndik ki, bu döyüş növünün adı karatedi. Dağ boyda ürəyi vardı və elə indi də var.

Qarabağ müharibəsi başlayanda oğlu Sənan başda olmaqla, say-seçmə şagirdlərini başına yığıb könüllü batalyon yaratdı. Və həmişə döyüşün ön cəbhəsində oldu.

Bir döyüşdə həm oğlu Sənan ağır yaralanır, həm də bir şagirdi. Güllə yağış kimi yağır, ikisindən birini xilas edə bilər – şagirdini xilas edir. Sənanı xilas etmək üçün isə Rey Kərimoğlu girir güllənin altına Sənanı çıxarır. Və Sənan Reyin qucağında «mən qız görmədim ey»- deyib Tanrıya qovuşur.

Mənim «Dolu» romanımdakı Məllim obrazı Hacı Əkbər Rüstəmovdu.

1968-ci il idi. Turşsu yaylağında balaca qardaşımla ermənilərlə bir davaya düşdük. Öhdələrindən gəlirdik, amma bu vaxt ataları davaya qarışdı. Təbii ki, gücümüz çatmadı. Bir cavan oğlan özünü yetirdi və ata ermənilərin hərəsinə bircə təpik vurdu, ikisi də qaldı yerdə. Sonra bizim boynumuzu qucaqlayıb adımızı soruşdu. Həmin gündən tanıdıq Əkbər Rüstəmovu. Sonra da gülə-gülə dedi ki, dərs açılanda gələrsiz yanıma, sizə həm güləş öyrədərəm, həm də dalaşmaq.


Evimizlə peşə məktəbinin arası 3-4 kilometr olardı. Və getdik Əkbər məllimin yanına - çempion olmaq üçün yox, kimisə döymək üçün yox, eləcə idman üçün.

Universitetdə oxuyanda da nə vaxt rayona gedirdim mütləq məktəbə yollanıb Əkbər məllimlə görüşər, dərdləşərdim. Ədəbiyyatı da çox gözəl bilirdi və bilir. Qəzetdə bir yazım çıxanda məndən çox Əkbər müəllim sevinərdi. Və hamıya da deyərdi ki, baxın, mənim yetişdirməmdi.

Ağdamda Əkbər müəllimin kiminləsə dalaşdığını və döydüyünü görən olmadı. İki səbəbi vardı: cavanlar həm ondan çəkinirdilər, həm də onu çox sevərdilər. Və «Məllim» deyə müraciət edərdilər.

Və bu gün də ağdamlılar ona «Hacı Əkbər» deyə müraciət eləmir, «Məllim» deyə müraciət edir.

52 ildi Əkbər məllimlə yol gəlirik. Yox, o, mənim dostum deyil, dost bir az kiçik məfhumdu. O, mənim Məllimimdi və Ağsaqqalımdı. Və əli öpüləsi kişidi.

Bu gün Əkbər məllimin ad günüdü. Yaşadığı həyatı baxımından, ağrı-acısı baxımından bəlkə 200 yaşı var.

Məllim, sənə nə arzulayım?!

Səni övladların, nəvələrin, şagirdlərin toy-bayramla Ağdamdakı Qarağacı qəbiristanlığında dəfn eləsinlər . Başdaşına ad da yazmaq lazım deyil, elə Məllim yazmaq kifayətdi.

P.S. Vaqif Bayatlı Səttar Bəhlulzadəyə həsr elədiyi şeirdə belə deyir:

Ölmədi,

Ölsəydi

bu dünyanın qara torpaqları

doldurammazdı

onun üz qırışlarını

su kimi çəkilib torpağa getdi!

Bu dünyanın qara torpaqları Əkbər məllimin də üz qırışlarını doldurammaz! İnşallah, bir gün o da Qarağacı qəbiristanlığında su kimi çəkilib torpağa gedəcək, sonra da Kötəl çayına qoşulub azad olunmuş bütün Ağdama axacaq!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK