adalet.az header logo
  • Bakı -°C
01 May 2026 09:00
94
LAYİHƏ
A- A+

XALQIN BİRLİYİ MÖHTƏŞƏM QƏLƏBƏ DEMƏKDİR

Kim nə deyir desin, xalqın birliyi olmasa heç vaxt heç bir ölkə hansısa istəyinə, məqsədinə çata bilməz. Bizdə belə bir deyim də var: «Xalq bir olsa  dağ oynadar yerindən». Bu deyim uzun illərin sınağından çıxıb və həmişə öz təsdiqini tapıb. Ən azından ona görə ki, xalqın  sevinci, kədəri, qəmi nə qədər  güclü olsa da millət bir yerdə  olanda o dağ boyda kədər, dağ boyda qəm çox balaca görünür. Çünki insanlar bir-birinə söykək, arxa olur. 

Heç kimə sirr deyil  ki, torpaqlarımızın, ərazimizin 20 faizi  ötən əsrin 90-cı illərinin əvvələrində  erməni işğalçıları  tərəfindən ələ keçiriləndə bu millət, bu xalq heç vaxt ruhdan düşmədi, ümidini  üzmədi. Düzdür, bir milyona yaxın məcburi köçkünlərimiz oldu və öz daxili imkanlarımız, gücümüz hesabına onları müxtəlif rayonlarda məskunlaşdırdıq. Üstəlik də o insanların yaşaması, qidalanması və işləməsi üçün çıxış yolları da tapıldı.  Millət üçün ən yaxşı çıxış yolu və ümid yeri Ümummilli Lider Heydər Əliyevin xalqın  tələbi ilə yenidən hakimiyyətə gətirilməsi oldu. 

Ulu Öndər hakimiyyətə  gəldiyi  ilk gündən xalqa, millətə güvəndi və onları  inandırdı ki, ona dəstək olsalar bu millət çətin vəziyyətdən çıxacaq, öz ərazisini işğaldan azad edəcək və işıqlı günlər yaşayacaq. Təbii ki, Ulu Öndərin beynəlxalq aləmdə və dünyada çox böyük nüfuzu vardı. Və  o, on il ərzində iqtisadi, siyasi və hərbi  cəhətdən çox qüdrətli bir Azərbaycan yaradılmasına nail oldu. 

Ulu Öndərdən sonra hakimiyyətə gələn prezident İlham Əliyev ölkəmizi bütün sahələrdə irəli apardı və dünyaya  tanıtdırdı. Üstəlik də bir çox möhtəşəm layihələr gerçəkləşdirildi. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı və istər-istəməz onu gücləndirdi. Erməni işğalçılarının bir-birinin ardınca sərhədyanı rayonlarımızda təxribat törətməsi, terror aktı yaratması və eləcə də yaşayış məntəqələrimizi fasiləsiz surətdə atəşə tutması  prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan xalqının səbr kasasını doldurdu. Ona görə də Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də səhər saatlarında bütün  sərhədyanı bölgələrdən əks istiqamətə Azərbaycan ordusunun möhtəşəm hücumu başladı.

Bəlkə də ermənilər düşünmürdülər  ki, Azərbaycan ordusu bu qədər qüdrətli, bu qədər güclü və bu qədər peşəkardır. Çünki onlar fikirləşirdilər ki, bizim ordu 90-cı illərin əvvəllərindəki ordudur. Amma çox yox, sentyabrın 27-dən  30-na qədər Füzuli və Cəbrayıl istiqamətində  ordumuzun çox böyük qəhrəmanlıq və şücaətlə döyüşməsi erməniləri tamamilə çaş-baş saldı. Axı onlar nə az- nə çox, düz 30 il böyük müharibəyə hazırlaşmışdılar. Havadarlarının köməyi ilə ən müasir  silahla silahlanmış, döyüş mövqelərində müasir bombaların belə  çətinliklə dağıda biləcəyi yerlərdə bunkerlər, sığınacaqlar, müdafiə xətləri qurmuşdular.

Onlar ona arxayın idilər ki, Azərbaycan Ordusu heç vaxt  bir  neçə günün içində, onların  dili ilə demş olsaq, «Ohanyan səddi»ni yarıb keçə bilməz. Doğrudan da bu sədd altı-yeddi qatdan ibarət idi. Hər tərəf  minalanmış, dərin kanallar qazılmış, ağır texnikaların, tankların, BTR-lərin və digər döyüş maşınlarının qarşısını almaq üçün ən müasir güclü müdafiə sistemlərindən istifadə olunmuşdu. Məhz ermənilər də elə bu  istehkamların möhkəmliyinə arxayın idi. Amma qüdrətli  Azərbaycan Ordusunun qarşısında nə 30 ilin müdafiə sistemləri, nə minalanmış sahələr, nə də bunkerlər tab gətirə bildi. 

Belə ki, üç gün ərzində Füzulinin, Cəbrayılın ona yaxın kəndi işğaldan azad olundu.  Ermənilər bu döyüşdə çoxlu sayda canlı qüvvələr, ağır texnika və digər döyüş maşınları itirdilər. Onlar hiss edirdilər ki, qarşılarındakı ordu 90-cı illərin əvvəllərindəki əsgərlər deyil, daha peşəkar , daha güclü və ən müasir silahlarla hücuma keçən Azərbaycan əsgəridir. Şübhəsiz ki, ermənilər bir neçə gün öz havadarlarına böyük ümid bəsləyirdilər. Çünki  Aprel döyüşlərində onlar yalvardılar-yaxardılar və söz verdilər ki, işğal etdikləri ərazilərdən çıxacaqlar. Amma nə onların havadarları, nə də özləri bir addım belə atmadılar. 

Əksinə, düşündülər ki, hələ uzun müddət o havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayacaqlar. Elə ki Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi işğaldan azad olundu, ermənilərin  bütün ümidləri puç oldu. Belə qısa zaman  kəsiyində ordumuzun işğal altındakı şəhərləri, qəsəbələri, yaşayış məntəqələrinin ermənilərdən təmizlənməsi onu deməyə əsas verirdi ki, Azərbaycan əsgərinin qarşısını heç bir qüvvə ala bilməyəcək. Çünki Ali Baş Komandan, prezident İlham Əliyev Azərbaycan Ordusuna, Azərbaycan xalqına güvənirdi. Onlar da bir yumruq kimi prezidentin ətrafında birləşmişdi. Artıq «Dəmir yumruq» öz işini görürdü. Cəbrayılın, Hadrutun ardınca Füzuli şəhəri, Zəngilan, Qubadlı işğaldan azad olundu. 

Oktyabrın axırlarında Azərbaycan Ordusu Laçın dəhlizini də nəzarətə götürmüşdü. Bu o demək idi ki, artıq erməni ordusu  Dağlıq Qarabağda tam mühasirəyə düşür. Bu isə onların tamamilə məhvi deməkdir. Amma Azərbaycan Ordusunun  qarşısını heç bir qüvvə ala bilmirdi. Çünki onlar  Ali Baş Komandana, Ali Baş Komandan da onlara güvənirdi. Elə gün olurdu ki, ordumuz işğal altında olan onlarla yaşayış məntəqəsini azad edirdi. Ermənilərin mühasirəsi isə günbəgün daralırdı. Bu mühasirə bayaq dediyimiz kimi otuz minə yaxın erməni əsgərinin əsir düşməsi demək idi. Hətta  həmin anlarda ordumuz Xankəndini də azad edə bilərdi, çünki Şuşa noyabrın 8-də  işğaldan azad olunanda Xankəndinə girmək bir su içim idi. Amma  bizimkilər Ali Baş Komandanın tapşırığı ilə həmin mövqedə möhkəmləndilər və noyabrın 10-da Rusiyanın, Azərbaycanın və Ermənistanın iştirakı ilə Bəyannamə imzalandı. Yəni ermənilər təslim aktı imzaladılar və öhdəliklər götürdülər ki, bir müddətdən sonra Ağdamı, Laçını, Kəlbəcəri  boşaldacaqlar. 

Azərbaycanın möhtəşəm qələbəsi  tək ölkəmizin ərazi bütövlüyünü təmin etmədi, həm də bu qələbə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirdi. Tarix göstərdi ki, Azərbaycan 44 gün ərzində  heç bir dövlətin əldə edə bilmədiyi möhtəşəm bir qələbə qazandı və bu qələbə  tarixə qızıl hərflə yazıldı. Bu qələbənin adı: «Ali Baş Komandan, Xalq və Azərbaycan Ordusu» oldu. Ona görə də bu gün dünya hərb tarixində ölkəmizin möhtəşəm qələbəsinin sirləri, yolları və sistemi öyrənilir. Bu isə bir daha bizim dövlət başçısının və xalqımızın, eləcə də Ordumuzun böyüklüyünü göstərir. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.