Şehlə günahını yuyan şair - Ağacəfər Həsənli - Esmira İsmayılova yazır
Şair “Bəy dediyin nəydi, bəyənmədiyin ?” töhmətindən niyə qaçırdı?
72 yaşının tamamında gül yarpağında şehlə günahını yuyan şairdən-Ağacəfər Həsənlinin poetik dünyasından söz açmaq istəyirəm. Yazın orta ayında doğulduğundanmı, Şərqin orta ehtidal, Aristotelin “Qızıl Orta” nəzəriyyəsinə vurğunluğundanmı, hər şeyi əndazəsində saxlayır Ağacəfər Həsənli. Sözünün çəkisinə qədər! Xarakterindəki ağayanalıq adının, cəddinin təsiridir bəlkə. Lerikin Rvarud kəndində doğulub paytaxt Bakıda yaşayan bu dağlı oğlan nə illah elədisə şəhərli olmağı bacarmadı. Xatirələri onu hey dağa tərəf çəkdi. O dağların sükunətini, əzəmətini, buz bulaqların dadını, dağ çəmənlərinin ətrini paytaxtın hay-küyünə, karyera istəyinə dəyişdiyinə görə peşimanlıq hissini ömrünün 72-sinəcən içində daşıdı. Günahını şehlə yumaq, o əziz, məsum xatirələrin saflığı ilə təmizlənmək istəyi onu şair etdi:
Xatirələr geyilmiş paltardı:
Pencəyinin yaxalığı uzun,
şalvarının balağı dar.
Soyunub dəyişmək istəyirəm
hər bahar.
Hər gələn baharda, hər yeni yaşını qarşılayanda özü özündən sorğu-sual edir-nə görmüsən bu həyatda? Bu sorğuların cavabısa uşaqlıq illərindədir, buğda xırmanında, o xırmandakı buğdanın unundan bişirilən çörəyin kündəsindədir:
Axı hələ nə görmüşəm
Bu yaşacan, bu günəcən?
Xırmandakı sünbüləcən,
Təndir üstə kündəyəcən.
Ağacəfər Həsənlinin şeirlərini oxuyanda ilıq bir yaz nəsimi səni üşüdür. Sən də xəyalən oyerlərə səyahət edirsən, uşaqlıq, yeniyetməlik çağlarına qayıdırsan. Yarpaqların xışıltısı, dağdan enən sürüdəki qoyun quzunun mələrtisi, at kişnəməsi, çoban itlərinin hürüşü, ildırım şaqqıltısı, ana laylası harmonik vəhdətə girərək vahid Vətən obrazını yaradır. Və elə gözəl yaradır ki, sözlərin arxasındakı mənzərəni tamlığı ilə görür, hiss edirsən.
Diqqət etsəniz görərsiniz ki, Ağacəfər Həsənlinin ictimai-siyası məzmunlu şeirlərinin özündə belə təbiət təsvirləri ön plandadır. Bilirsiniz niyə? Çünki, Bakının göydələnində belə Ağacəfər Cəfərli leriklidir, Rvarud ab-havasındadır. O dağların, o yamacların, uşaqlıq illərinin acılı- şirinli xatirələrini əynindən soyuna bilməyib paytaxtda yaşayan dağlı oğlan:
Dilini dinc qoyan payız susmuşdu,
atasından-anasından küsmüşdü.
Ağacın döşünü əmən son yarpaq,
fəslin son sözütək yerə düşmüşdü.
Çılpaq, titrək budaqlar
ayrılan gövdədən bərk yapışmışdı.
Düzü, Ağacəfər Həsənlinin Bakıda neçənci mərtəbədə yaşadığını bilmirəm. Amma onu bilirəm ki, o göydələndə belə Lerik obrazını yarada bilib. Xəyallarında, düşüncələrində, bəlkə də yuxularında.
Qoxusundan hiss elə, otların duyumu var,
Ağacların hamısı torpağın can ağrısı.
Çuxurlar şimşək izi, zirvələr qurd basmış qar,
Yarpaqlar budaqların sarı-yaşıl sarğısı.
Ağacəfər Həsənli şeirlərində bədii ifadə və təsvir vasitələrindən gen boluna istifadə edib. Amma bacarıqla, ustalıqla. Çünki bu ifadələrin hamısı yerindədir, şeirə ağırlıq yox, lirik, fəlsəfi məzmun, forma gözəlliyi gətirir:
Əngə verib qayaların sükutu,
Yaxşı qızıb buludların çənəsi.
Dolu düşüb, dağda çiçək buketin -
Dodağında məzəmməti, tənəsi...
Bir qanqalın tikanıyla özünə,
Qəsd etmişdi Qız yurdunun nanəsi.
Şairin şeir dili olduqca zəngindir, obrazlıdır. “Əvəliklə budağını sarımaq”, “sarısını udmuş yarpaq” ifadələri orijinal olmaqla yanaşı, həm də dildə səslənişi gözəldir, şairin təbiətə vurğunluğunun fərqli, özünəxas ifadəsidir:
Sıx ormanda qar ağaca ildırım bir od vurmuşdu,
Sarıyırdı budağını təzə çıxmış əvəliklə.
Sarısını udmuş yarpaq titrəyirdi, key durmuşdu,
Ovundurmaq istəyirdi könlümü bir “hələliklə”.
Ağacəfər Həsənlinin poeziyasının özünəməxsusluğu nədədir? Fikrimcə, milli yaddaşa sadiqlikdə, yurd yerlərinə ruhi bağlılıqda, dilinin sadəliyində. Bu o hisslərdir ki, söz mülkünün sultanı Seyid Məhəmmədhüseyn Şəhriyarı Tehrandan dogma Təbrizə, Şəngülava yurduna gətirdi, Heydərbaba dağı ilə dərd ortağı, söz ortağı etdi. Ağacəfər Həsənli də bu hisslərin “əsarətindədir”.
İlaxır çərşənbədə arxın qırağında durulmaq,
heç addım atmamış, əldən düşmək, yorulmaq.
Gözəldir, dünyanın gözündə təzədən qurulmaq!
“Ötən çağlarının ətrinə dəymə” deyən şairin ürəyi göz yaşında bitəcək bənövşə qədər kövrəkdir:
Bir damcı göz yaşı düşür buluddan,
bənövşə bitərsə xətrinə dəymə.
Köhnə xatirələr umma umuddan,
ötən çağlarımın ətrinə dəymə!
Şair dağın haqlı tənəsi qarşısında boynunun qıldan nazik olduğunu bilir:
Uşaq sualları verdim özümə,
gör nələr qalmadı öyrənmədiyim.
Dağ haqq töhmətini vurdu üzümə,
“bəy dediyin nəydi, bəyənmədiyin ?”
Seyid Məhəmmədhüseyn Şəhriyar Şəngülüva yurdu, Xoşginabın qoşa çinarları, Heydərbaba dağı qarşısında günahlarını onları poemasında əbədiləşdirməklə ödəyir. Ağacəfərin gücü isə günahını gül yarpağındakı şehlə yumağa çatır:
Gül yarpağında şehlə günahımı yuyuram,
yerdə çılğın quş kimi hiss edirəm özümü.
Fəsil fəsli çəkdi, fəsil bitməmiş,
zəmi göyərməmiş, xəsil itməmiş...
Ömrün nağd payızı, qışı getməmiş,
səpdi bəyaz qarı qara saça yol.
Şair Maarif Soltanın “Dünyanın ən rahat yeri də səninçün Lerik dağları olub sanki” misraları Ağacəfər Həsənlinin bir insan, bir şair kimi portretini sanki tamamlayır. Dağ, yurd sevgisi içində boy verən şair, səni özəl, poeziyanı oxunaqlı edən də elə milli köklərdən qopa bilməməyindir. Elə belə də qal!Qloballaşma poeziya üçün deyil, dağ adamı, söz adamı…
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.


Bakı -°C

