SON DƏQİQƏ:

"MAYOVKASIZ" MAY

  23663   |  
Şriftin ölçüsü  
Bir-iki gün bundan öncə özümə çox doğma olan bir nəfərlə apreli də başa vurmağımızdan danışırdıq. Necə deyərlər, söz sözü çəkdi və birdən hardansa yadıma yeni ayın ilk günü gəlib düşdü. Yəni 1 May! Yenə özümdən asılı olmadan nostalji hisslərin təsiri altında həmin o könül dostuma üz tutdum:

- Bəlkə 1 mayı qeyd edək? Axı "mayovkadı"..

O da gülümsəyərək məni başdan-ayağa, bir də ayaqdan-başa süzdü. Bilmədim bu baxışların altında əriyib-itim, yoxsa bu baxışlardan tutub uzaq aylara, illərə qayıdıb gedimg Və elə deyəsən sonuncu mənə güc gəldi, təslim oldum. Bir də onda ayılıb gördüm ki, Bakıdan 460 kilometrlik bir məsafədəyəm. O məsafənin adı Tuğ kəndidigo məsafəyə çaparaq gedən o kəndin qaçqın bir övladıdı, xatirələrinin dalınca gedir...

Daha dağdan enirəm

Yavaş-yavaş sönürəm...

Yenə sənə dönürəm -

Salam, xatirələrim!

Əlin dolu bir camla

O ləzzətlə, o tamla

Gəldim yenə bir damla -

Alam, xatirələrim!

Bir də bu yol salınmaz...

Bir də o ney çalınmaz...

Bircə sənsən, alınmaz

Qalam, xatirələrim...

İçdin qəlbimin yağın

Öpdün gözümün ağın

Mənə hamıdan yaxın -

Balam, xatirələrim

Salam, xatirələrim!

Hə, bizim nəslin yadındadı. Bizdən sonrakılar da bir azacıq xatırlaya bilirlər. Amma onlardan sonrakılar bu yazacaqlarımı, deyəcəklərimi köhnə sovet filmlərində izləyiblər. Təbii ki, əgər baxıblarsa. Axı indi daha çox qanqsterlərdən, linzalardan, zorakılıqdan, qətldən, zorlamalardan, kəsəsi tük ürpədən məqamlardan bəhs edən filmlərə baxırlar, bu filmləri daha çox yayımlayırlar. Hətta cizgi filmlərində də, hətta müəyyən reklamlarda da həmin o qorxunc nüanslardan istifadə olunur. Məsələyə dəxli olmasa da bir də görürsən ki, kimsə kimisə bıçaqla vurur, qan tökülür köynəyinə və yaxud xalı-xalçanın üstünə və hansısa müasir bir paraşoku və yaxud mayeni gözəl bir xanım rahatca səpir o qanın üstünə dərhal da iz silinir. Necə deyərlər, heç tozu da qalmır. Mən bu cür reklamları açığı anlamıram. Amma neyləmək olar, görünür həyatımız reklama köklənib. Əks halda ət tökən şoular bizi bir az da cılızlaşdırardı. Nə isə...

Hə, həmin o qədim filmlərdə kifayət qədər insan coşqusu, insan təbəssümü, insan həmrəyliyi elə təbii təsvir və tərənnüm olunur ki, istər-istəməz bizim dövrün adamlarının xəyalı qanadlanır, kipriklərinin ucu nəmlənir. Biz də özümüzdən asılı olmadan həmin o coşquya, həmin o təbəssümə qarışırıq. Doğrudur, o dövrün öz basqıları, öz qüsurları, öz riyakarlıqları və sairələri var idi. Ancaq o dövrün həm də insanı nəyə isə ruhlandıran, harasa səsləyən, hansısa not üzərində kökləyən elementləri də az deyil. Bax, onlardan biri də "mayovka" idi...

Hələ orta məktəbə getmirdim. Amma özümdən böyük uşaqların hərəkətlərini yamsılamağa çalışırdım. Elə çalışırdım ki, tez böyüyəm... elə çalışırdım ki, məktəbə gedəm və düşünürdüm ki, məktəbə gedib məndən böyük uşaqların keçirdikləri, bütün siniflə, məktəblə birlikdə qeyd etdikləri tədbirlərə qatılsam, onun iştirakçısına çevrilsəm, onda həyatım başdan-başa dəyişəcək. Uşaq ağlımla elə bilirdim ki, dünyanın dadı, ləzzəti həmin o məndən böyük uşaqların bulaq başında qeyd etdikləri "mayovka"dadı. Zarafat deyildi, həmin gün valideynlər də uşaqlara qarşı daha çox diqqətli olurdular, onların istəkləri ilə daha tez və daha çox razılaşırdılar. O uşaqlar da həmin gün tamam fərqli uşaqlara çevrilirdilər... Necə də gözəl idi, İlahi, həmin o uşaqların üz-gözlərindəki təbəssüm, səslərindəki işıq, zarafatlar və kənddən üzü meşəyə, üzü dağlara, üzü bulaqlara tərəf uzanan cığırla baş alıb gedən qəhqəhələr. Elə bil hamı məhz həmin gün zarafat etməyə daha çox meyil göstərirdi, daha çox gülürdü. Bilmirəm niyə? Heç onda da bilmədim. İndi də yaşlaşmışam. Düşüncələrimi yazıb kimlərinsə qınaq obyektinə çevrilmək istəmirəm. Çünki mənim yaşantılarım həmin o dövrün, o ilin, o kəndin mən yaşda olan adamlarından başqa heç bir kimsəyə normal görünə bilməz. Hamı ən yaxşı halda ya mənə əhəmiyyət verməz, ya da bunu bir dəlilik, yaxud sərsəmləmə sayıb ötüb gedər...

Bu da məktəb illərim. Birinci sinfin birinci "mayovkası". Axşamdan evdə əl-ayaq üst-üstə qoymuram. Gah anamın yanına qaçıram, gah özümdən böyük bacımın, gah da sinif yoldaşlarımın. Kimin sabah bulaq başına nə götürəcəyini xatırlamaq istəyirəm. Çalışıram ki, sinifdə axırıncı dərsdən sonra razılaşıb boynuma çəkdiyim ərzaq payı məsələsini tez həll edim. Torbamın ağzını bağlayıb evimizin az qala giriş qapısının ağzında qoyum ki, tezdən yuxudan duran kimi götürüb aradan çıxım. Axı 23 nəfərin arasında şərt olub. Mən on dənə soyutma yumurta, on dənə soyutma kartof, bir yekə yumuru pendir, iki təndir çörəyi, bir dənə də "kilki" balıq konservası götürməliyəm. Təbii ki, bunların birindən başqa hamısı evdə var idi və onları götürmək problem deyildi. Sadəcə, anam kartofu axşamdan qaynatmağa razı olmadı və bildirdi ki, axşamdan qaynatsam boyatlaşacaq. Tezdən sən durmamış yumurtanı da, kartofu da qaynadıb torbanı hazırlayacam. Get yat, dincəl. Mənim isə yatmaq fikrim yoxdu. Öncə nənəmin qılığına girirəm. Ondan pensiyasının bir rublunu alıb kənd mağazasına qaçıram. 68 qəpiyə bir kilki konservası, qalan qəpiklərə də "bublik" alıram. Fikirləşirəm ki, bulaq başında "daş" kimi bubliklər əməlli-başlı işimizə yarayacaq...

Evə qayıdıram. Artıq pendir-çörək qoyulmuş torbama konserva ilə bublikləri də yerləşdirirəm. Çox qəribədi, bax indinin özündə bu sözləri bilgisayara diktə edəndə də özümü həmin uşağın yaşında, həmin uşağın yerində, onun duyğularında hiss etdim. Yuxuya gedənə qədər bəlkə də həmin o torbaya 50 dəfə baxıb qayıtdım və...

Səhəri hamımız məktəbin qarşısında toplaşdıq. Sinif rəhbərimiz hamının gəlib çıxdığını görəndən sonra: hə uşaqlar, gedək, dedi. "Salman" bulağına tərəf elə gedirdik ki, sanki o bulağı birinci dəfə görəcəkdik. Sanki heç bu yerləri tanımırdıq. Amma əslində biz hər gün o bulağın ətrafında quzu otarırdıq, bənövşə də toplayırdıq, hətta o bulağın suyunun axıb qarışdığı çayda çimirdik də. Amma nədənsə məhz həmin gün "Salman" bulağı mənim üçün tamam fərqli oldu. Elə bil ki, kimsə aylarla, illərlə pul toplayır, arvadın-uşağın boğazından kəsir və qarşısına məqsəd qoyur ki, Bodruma gedəcək, Antalyaya gedəcək və yaxud da elə bizim İsmayıllıya, Qəbələyə, Gədəbəyə, Yardımlıya, Ağcakəndə, Hacıkəndə qalxacaqdı. Bax, o illərlə, aylarla hazırlaşan adamın ilk dəfə görəcəyi yerlərə marağı, təşnəsi nədirsə, necədirsə, mən onu ilk "mayovka"da "Salman" bulağına qarşı yaşadım. Elə ona görə də bu gün həmin o ölkədaxili və onun hüdudlarından kənardakı gəzməli-görməli yerlər üçün heç bir təşnəlik, heç bir narahatlıq, intizar yaşamıram. Axı mənim o hisslərim Tuğda qalıbdı və məni Tuğdan kənarda kimsə gözləmir!..

Hə, biz bütün siniflə birlikdə "mayovka"ya gedirdik. Sonra məktəb yaşımız artdıqca yuxarı siniflərdə artıq məktəbin həyətində, kənd mədəniyyət evinin qarşısında, rayon mərkəzində keçirilən 1 May parad-gəzintisinə çıxırdıq. Oradan isə birbaşa "mayovka"ya, bulaq başına, meşənin gözdən iraq sakit bir guşəsinə toplaşırdıq. Onu da deyim ki, ilk dəfə "mayovka"da 10-cu sinifdə oxuyanda sinif yoldaşlarımızdan biri bir şüşədə böyürtkən çaxırı gətirmişdi. Hamımız heyrətlənsək də, ilk dəfə onda mən məktəb uşağının özü ilə birlikdə içki götürdüyünü gördüm. Qızlı-oğlanlı həmin sinif yoldaşımıza necə etiraz etdiksə, yazıq utandığından evdə çəkilib hazırlanmış bir şüşə böyürtkən çaxırını elə böyürtkən kolunun da dibinə səpdi. Bu da bir əxlaq idi...

Hə, mən xəyalların gücü ilə gedib çıxdığım o uzaq və qaim-qədim Tuğ kəndində bir mayovka yaşadım. Amma ovcunun içində olduğum, hər gün küçələrini sola-sağa dolaşdığım, çiynimdə bir yurd nisgili gəzdirdiyim Bakıda bir könül dostumla mayovka keçirə bilmədim. Çünki Bakı "mayovka" keçirmir... Çünki həmin könül dostum "mayovka" keçirmək istəyimə dəstək vermədi. Sadəcə, bir özünəməxsus təbəssümlə baxarıq, fikirləşərəm, imkan olsa gələrəm, birlikdə bulvara düşərik, dənizə baxarıq, arxada qalan illəri xatırlayarıq... "Azadlıq" meydanından keçərək sakit bir yerdə əyləşib, o illərdə olduğu kimi olmasa da, bu illərə uyğun bir "mayovka" keçirərik - dedi.

Amma görünür, nə fikirləşməyə, nə baxmağa vaxtı olmadı, nə də imkan tapmadı. İnanmıram ki, saydığım bu üç şərtin içərisində o məni sındırdı. Yox, ən azı ürəyimə dəyməmək xatirinə o, mənə vaxt ayırardı. Görünür alınmayıb... Eh, bir də ki,özüm deyib, özüm yazıb, özüm də məna çıxarmağa, münasibət göstərməyə çalışıram. Axı indi hərənin qayğısı özü üçün bir dağdı... hərənin problemi özü üçün yüz dəvə yüküdü. Belə olan halda mən kimə lazımam, duyğularım kimə lazımdı, lap elə mənim "mayovka" ilə bağlı yazdıqlarım nə anlam kəsb edir ki?! Olsa-olsa, ən yaxşı halda nostalji bir pıçıltıdı. O da yenə özüm üçün, öz ətrafım üçün.

Könlümü oxşayıb gözümü çəkir

Canımdan tük kimi sözümü çəkir...

Yaramın üstünə dözümü çəkir-

Torpaqda bu boyda gücə bax, Allah!

Xəyalım göylərdən asılıb qalır

Yaddaşda xatirə yazılıb qalır...

Budaqda günəşə qısılıb qalır-

Yarpaqda bu boyda gücə bax, Allah!

Qatır bir-birinə dağı, dərəni

Yerindən oynadır bir cür hərəni...

Qəlblərə qəflətən düşən zərrəni-

Məcnuntək göyərdən gücə bax, Allah!

Sirlərin sonsuzdu, bucağın geniş

Aşiqlər sığınan qucağın geniş...

Mənim də canıma bu yaşda sinmiş-

Dilləri öyrədən gücə bax, Allah!

Hə, əslində bu şeirin "mayovka"ya heç bir dəxli yoxdu. Amma məni yaşadan, xatirələrimi göyərdən, duyğularımı Məcnun duyğusuna tən tutan elə bir güc var ki, onu da mənə Tanrı verib. Bir Tanrı bəndəsi olaraq mən də həmin o üz tutub getdiyim yerlərin gözəllikləri qarşısında diz çökdüyüm kimi, verdiyi gücə, ömrə görə də Tanrı qarşısında diz çökürəm. Axı insan, xüsusilə onun güclü cinsi Allahın, ananın, torpağın və bir də sevginin qarşısında əyilməkdən, diz çökməkdən heç vaxt çəkinməyib. Əksinə, bunu şərəf bilib.

Əbülfət MƏDƏTOĞLU

[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK