SON DƏQİQƏ:

QAR QAN AĞLAR...

  18592   |  
Şriftin ölçüsü  

Hər dəfə qışda çox üşüyəndə Xocalını xatırlayıram. Bu, yəqin ki, videolentlərin yaddaşını ağladan o kadrlardan şüuraltıma köçüb – Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə geri alınmış, qışın çovğununda ayaqyalın, əl-ayaqlarını don vurmuş insanların - əsir qadınların, kişilərin üzlərindəki sevincqarışıq əzab, işgəncə, xəcalət ifadəsiylə yaddaşıma köçüb.

Qəddar səslənsə də, bəzən bir anlıq düşünmüşdüm ki, əsirlikdəki o insanlar əliyalın da olsa hücum çəksəydilər erməni dığalarına, gözləmədikləri halda silahlarını alsaydılar ölənədək vuruşsaydılar... heç olmasa əzilən heysiyatlarının, tapdanmış qürurlarının, alçaldılmış şərəflərinin hayıfını alsaydılar. Amma tez də vicdan əzabı çəkərək özümü onların yerində təsəvvür edirəm. Qorxu hakim kəsildimi, hərəkətlərinə kontrol edə bilmir insan. Həm can şirin şeydi...

Xocalı faciəsi o illərdən beynimə, düşüncəmə hakim kəsilərək, şüuraltına elə oturdu ki, yuxularımda illərlə təkrar olunan müharibə, əsir düşmək, girov götürülmək kimi kabuslardan xilas ola bilmirəm. Və artıq düşünürəm ki, bu kabus məni, beynimi, yuxularımı yalnız real qələbədən sonra tərk edəcək.

Yuxularımda əsirləri, girovları xilas edirəm. Amma hallarına o qədər acıyıram, ağlayıram ki, oyandığımda haldan, taqətdən düşmüş, tər, göz yaşları içində oluram. Bir müddət hətta psixoloq seanslarına da baş vurmaq istədim, bu kabus məni tərk etsin deyə. Lakin sonradan düşündüm ki, bu yuxuları, onların halını anlayan həmvətəndaş olaraq hər birimiz görməliyik ki, o insanların əzabını, işgəncələrini, bütövlükdə Vətənin çəkdiyini dərk edə bilək. O zaman hiss edə bilərdik insan əzabının son həddini, ölməz Məmməd Araz kimi:

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
....Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı?!
O zamanmı bitdi bizim dilimizin
"sənin”, "mənim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan” damarı da?..
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?..

Bu suallara cavab tapsaq... bax o zaman psixoloqa ehtiyac qalmayacaq, Vətən də, o işgəncələri, təhqirləri gündüz beyinlərindən, hafizələrindən, gecələr düşüncələrindən, yuxularından silib atmaq ən böyük arzuları olan xocalılar da əzabdan qurtulacaqlar.

Çox üşüyəndə Xocalını xatırlayıram. Uşaqlıqdan qar ən sevdiyim Allah möcüzəsiydi. O qar yağışı özüylə səbəbsiz sevinc doldurardı ürəyimə. Ən dərdli anımda da qar yağışı əhvalımı düzəldərdi. Bolluq, bərəkət, təmizlik rəmzi hesab etdiyim qarın yağmasına indi tam sevinə bilmirəm, çünki 1990-dan başlamış şəhid qanının qırmızıya boyadığı gündən qar sevinc verə bilmir mənə. Sevinməyi şəhidlərə xəyanət hesab edirəm. Axı o gün qar da qan ağlayırdı... 1992-də Xocalı şəhidlərinin qar üzərində səpələnmiş meyitləri və qırmızı qar lövhəsi o sevinmək haqqını alıb əlimdən...

Həyatımda bir dəfə donma təhlükəsiylə qarşılaşmışam. Bədən əvvəl üşüyür, sonra damarlarda qanın hərəkəti yavaşıyır, çətinləşir, tərpətmək belə istəmirsən əl-qolunu, sonra şirin bir yuxu gəlir və heç bir şey hiss etmirsən...

Amma onlar yaralıydılar, yaraları sızıldayır, göynəyir, qanları axır, şaxta da bu ağrını birə-beş artırır, həyəcan, təlaş, qorxu, vəhşət rahat "yatmağa” qoymurdu... və o dəhşətin ağuşunda tərk etdilər dünyanı... şəhidlik zirvəsinə yüksəldilər, amma cansız cisimlərinin üzündəki əzab işarəti əbədi qalaraq bizə demək istədiklərinin şəklini çəkdi...

Üşüyəndə Xocalını xatırlayıram. Siz də üşüyün, hətta yayın ortasında da üşüyün ki, Xocalını unutmayaq!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK