adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

GƏL...

FƏRİDƏ RƏHİMLİ
19678 | 2018-12-22 10:09
 Tez-tez yuxuma gəlirsən. Şən, dəcəl görkəminlə...

Bəzən namaz qılarkən qarşımda durursan - xəyal kimi deyil, həqiqət kimi, gerçək kimi... eləcə baxırsan üzümə məsum-məsum.

Namaz üstə ağladırsan məni hönkür-hönkür. Ahım ərşə dirənir, çarəsiz qalıram. Ətin üzərinə od düşüb necə cızıltıyla yandırar, göynərtini elə hiss edirəm ürəyimdə, sonra bütün bədənimə yayılır bu göynərti. Nəfəsim kəsilir həsrətindən. Bəzən qorxuram bu halıma görə - şükürsüzlüyüm üçün özümü qınayıram. Amm ertəsi gün hər şey yenidən başlayır. O qədər darıxıram ki, sənin üçün! Sən mənə neylədin bu kiçicik vücudunla! Beş günlük pərvanə ömrünlə, körpəm... fikrimdəsən, beynimdəsən, ruhumdasan, daim sol yanımdasan! Nədən, nə zaman bu qədər "mən" oldun, körpəm?!. Nədən unuda bilmirəm ki səni?..

İnsan bütün həyatı boyu başına gələnlərlə bütövdü, tamdı. O tamın içərisindəki hadisələr, olaylar bəzən unudulur, qapalı qalır, kif atır bir küncdə. Amma elələri də var ki, hər gün qəlbində, gözünün önündədir, istəsən də unuda bilmirsən. Sənin kimi, mələyim!

Deyirlər ki, "qınadığın başına gəlməyincə ölməyəcəksən". Gerçəkmiş! Gənc vaxtlarımda qınamışdım üç-beş günlük körpəsini ağlayan anaları. Sən demə, insan elə insanmış - kiçikliyinə, böyüklüyünə baxmayaraq. Sən kiçikliyinlə böyükdün, mələyim...

Analıq nədir bilməyən vaxtlarımda qınamışdım o bala itirən anaları. Sənlə nladım, qana-qana yandım o ağrıya, içim yana-yana.

Nələr etdin sən mənə! Nələr qandırdın sən mənə bu beş günlük ömrünlə! Nələr etmədin!?.
İnanclıyam, ümidliyəm, Cənnətdə olduğuna əminəm, cənnətdə əzizlərinə şəfaətçi olacağına inanıram, heç bir günahın olmadan bu günahkar, zalım dünyanı tərk etdiyin üçün xoşbəxt olduğuna da inanıram, bəs niyə gedişin içimi bu qədər yandırır, onu anlamıram.

Əslində, heç məni tərk etməni istəmirəm.

Bu gəlişlərinlə bir dünya açmısan mənim üçün - hər kəsdən gizli bir dünya. Bir xəzinəm, bir qiymətlim, bir iç dünyamın sakini olaraq...

Gəl, mələyim, ürəyim hər zaman üzünə açıq olacaq - sənə qovuşana qədər...


TƏQVİM / ARXİV