SON DƏQİQƏ:

GƏLDİM Kİ, DEYİB GEDƏM…

  33792   |  
Şriftin ölçüsü  

Təbii ki, eşidən olsa

Belə bir deyim var. Amma bilmirəm kim deyib. Təbii ki, deyənin məsələyə dəxli yoxdu. Əsas odur ki, deyilən söz diqqətçəkəndi. O söz də belədi:

- Dünyanın quyruğu uzundu…

İlk baxışdan bu sözə hər cür don biçmək olar. Onu hər tərəfə yozmaq, İran saqqızı kimi çeynəyib hər formaya salmaq asan bir məsələdi. Amma indiki anda mənim məqsədim o sözü min bir yerə çəkib aparmaq deyil. Sadəcə bir istəyim var. İstəyirəm ki, quyruğu uzun olan bu dünyanın bir nöqtəsində dayanıb elə durduğum nöqtənin özünə də işıq salım. Ordan əlimi başımın üstünə qoyub üzümü sizə tərəf çevirib baxım,baxım və…

Düşünməyin ki, baxıb, baxıb bağıracam, şivən qoparacam, yaxamı cıracam. Yox, sadəcə baxıb, baxıb deyəcəm ki, bu dünya mən gündədi, yoxsa mən bu dünyanın günündə? Sualı bir az da fərqli qoya bilərəm. Məsələn, belə:

- Nə gündəsən, dünya?

Yəqin ki, ondan da cavab gələcək:

- Elə sənin günündə!

Bax, bu məqamda yadıma rəhmətlik Baba Pünhan düşür. O qədər dadlı-duzlu, düşündürücü misraları vardı ki, rəhmətliyin. Həmin misralardan biri mənim indi yazdığım və sizin oxuduğunuz sualın dolayısı ilə cavabıdı. Baba Pünhan yazırdı ki:

İtim, dur gəl önümdə

Gəl, başına dönüm də,

Sən Pünhanın günündə,

Pünhan da it günündə!..

İndi bax dünya da mənə bir mesaj verdi ki, sən hansı gündəsənsə, mən də o gündəyəm. Mən də mesajla razılaşsam da, içimdə bir qaranlıq sual da qaldı. Çünki yazımın əvvəlində dediyim və sizin də oxuduğunuz deyim başqa idi. Orda vurğulanmışdı ki, dünyanın quyruğu uzundu…

Hə, hər kəs öz əxlaqının, öz səviyyəsinin və nəhayət, öz geninin ifadəçisidi. Çox maraqlıdı ki, bəzən tufan, qasırğa, sərt bir külək ağacın meyvəsini özündən uzağa ata bilir. Və burda xalq deyimimiz olan fikir, yəni "ağacın meyvəsi dibinə düşər” - yanaşması bir az öz ilkin mənasından uzaqlaşır. Bu da bir növü zorən olur. Amma insanda belə deyil. O, hansı tərbiyənin sahibidirsə, onu beş gün, on gün, bir il pərdələyib gizlədə bilər. Sonra bir yerdən vurub üzə çıxacaq – ya toyda, ya yasda, ya alış-verişdə, ya dava-dalaşda, ya mübahisədə. Ümumiyyətlə, insan o qədər həssasdır ki, onun incə bir nöqtəsinə toxunanda sirr sandığının ağzı açılır və beləcə, ağzından dürr tökülür, kimliyi bilinir. Təəssüf ki, bunu bilə-bilə bəzən deyilən hər sözə inanır, verilən hər vədə aldanır və şirin təbəssümə uyub «muma» çevrilirik. O vaxta qədər ki, başımız əhlət daşına dəyir, ya da əlimizi dizimizə çırpırıq. Onda da necə deyərlər, qatar getmiş olur. Və mənə elə gəlir ki, daha çox həmin məqamda dünyanın quyruğunun uzun olduğunu anlayırıq. Görürük ki, keçib gəldiyimiz yolda, sən demə, daha çox ömür əritmişik. Əriyən ömür isə heç kimə, hətta özümüzə də fayda verməyib. Bu mənasız yaşamın qarşılığını geri istəmək isə mümkün deyil. Bir də ki, kimdən istəyəsən? Belə yerdə daha çox adam öz-özünə təsəlli verəcək nələrisə axtarır. Kül altında qor axtaran kimi. Və mən də bu yaşamın təsəllisi olaraq pıçıldayıram:


Budaqları silkələmə yarpaqlar

Bir-birinə toxunanda inciyər…

Adın keçən misralarım, dodaqlar –

Qırıq-qırıq oxuyanda inciyər…


Taleyimə yazılıb bu ad- naxış

Güzgüdən də baxmır mənə şad baxış…

Könlümdəki tər məhəbbət, yad baxış –

Yad nəfəslə qoxunan da inciyər…


Bitər gün də, bitər iş də, nağıl da

Sirr deyil ki, bu əvvəl də, axır da…

Bilirəm ki, mən adda, mən ağılda…

Harda olsa doğulanda inciyər…


***

Adətən yazı yazmağa həvəs göstərən, xüsusilə şair xalqın şair olmaq istəyən yeniyetmələri öncə fikirlərini dünya ilə, ölümlə cilalamağa, daha çox bu iki ünvana şeir həsr etməyə çalışırlar. Və onların dünyanı ittiham etmələri də, ölümü oxşamaları da o qədər adiləşib ki, min illərdi deyilən: «dünya bir pəncərədi, hər gələn baxıb gedər» məntiqinin qarşısında sabun köpüyü kimi əriyir. Və biz bunu bildiyimiz halda yenə dünyadan, ölümdən yazmaqda davam edirik. Deyə bilərsiniz ki, hər kəs özünü, ürəyini, düşüncəsini, yaşamını qələmə alır. Mən sizinlə razıyam. O yerə qədər ki, yazılanlar bir oxucu kimi, heç olmasa, ikicə insanın, ikicə nəfərin yaddaşına yazılsın, diqqətini çəksin. Bu yoxdursa, onda sözü hörmətdən salmağın, sözü ayağa atmağın günahını düşünmək lazımdı. Axı, heç kim bizə sözü məhv etmək, aşağılamaq hüququ verməyib. Hüquq demişkən…

İnsanın bir fərd olaraq münasibət qurmaq, dost qazanmaq hüququ da var. Mən bu hüququ təkcə Anayasada axtarmamışam və ona istinad etmirəm. Bu təbii hüquqdu, necə deyərlər, Allahdan gəlib. Allahdan gələni də qorumaq bəndənin borcudu. Lakin dostu ancaq müəyyən məqsədlər üçün arayıb-axtarmaq, tapmaq, onu guya ovuc içində saxlamaq mənə çatmayan, mənim dərk etmədiyim bir anlayışdı. Həyatımda bu məqamla bağlı xeyli hadisələrin şahidi olmuşam və bugünün özündə də şahidiyəm. Gözdən, könüldən iraq olan dostunu illərlə arayıb-axtarıb onu ortaya çıxardanları da görmüşəm. İqtisadi burulğanda boğulan dostuna əl uzadanı da görmüşəm. Amma dostunu qurbanlıq hesab edənlərlə də qarşılaşmışam. Və belə məqamlarda ən çox düşündüyüm bir sual olub:

- Nədən???

Hərə öz arşınıyla öz baxış bucağında suala, yəqin ki, bir cavab bilir. Amma mənim bildiyim cavab indiki məqamda yazılmaq, deyilmək üçün uyğun sayılmaz. Çünki sözü min yerə yozanlar, lap loru şəkildə desəm, öküzün bala verməsini istəyənlər ondan ağıllarına min cür fikir gətirəcəklər. Bunu isə heç arzu etmirəm. Necə deyərlər, görünən dağa, kəndə, ümumiyyətlə, bəlli bir ünvana bələdçi axtarmaq heç də normal hal deyil. Amma bir nüansı mütləq burda kağıza köçürməliyəm. O nüans da hər kəsin düşünməsi üçün bir ipucudu. Yəni nəyi edirsənsə, öncə özünü düşünməlisən… hansı sözü deyirsənsə, öncə özünə aid etməlisən. Əgər bunu bacarsan, onda kim nə deyir-desin, verdiyin qərarda həmişə haqlı olacaqsan. Bax, «dostu xərcləyən» də, dosta əl uzadan da, dostu «qurbanlıq» edən də, dostu ürəyində yaşadan da mənim dediyim öncəki fikri yəqin ki, öz içindən nə vaxtsa keçiribdi...

Mən indiki halda, yəni bu yazını bilgisayara diqtə edəndə yüzə-yüz ruhumla üzbəüz qalmışam. Onun gözlərinin içinə baxıb bu fikirləri pıçıldayıram:

O anda

ruhumla tək

üzbəüz dayanmışam

istəyirsən

şəklimizi çək-

sonra

diqqətlə bax

inan da…

bax onda

görəcəksən,

gerçəyi sən

nə qədər gizlətmisən

gümanda…

ruhum olduğunu

bilə-bilə

bunu

pıçıldayıram sənə

sadəcə,

elə-belə…

***

İllər öncə elə bilirdim ki, hər kəsə, lap elə dünyanın özünə də güvənmək olar. Çünki əlim-ayağım sağ, necə deyərlər, ağlım da başımda və yapışmışdım bir işin qulpundan. Necə deyərlər, kəndim də varıydı, evim də varıydı, təndirdə çörəyim də… Amma zaman göstərdi ki, çox yanılmışam. Yanılmağım da hamının gözü önündədi. Çünki indi nə kəndim var, nə kənddə evim. Nə də ki, istədiyim anda əlimi uzadıb çörək götürəcəyim təhnə…

Kənd də, kənddəki ev də, o evin təhnəsi də əsirlikdədi, düşmən əlindədi. Sadəcə, indi marketlərdə satılan bir çörəkqabı almışıq. Hər gün işdən çıxanda 40 qəpiklik çörək alıb gedirəm evə, o çörək də heç çörək qabına çatmır çox vaxt… Hərdən çörək qabına baxıb başımı bulayıram. Artıq evdəkilər nə dediyimi bilir. Bilməyənlərə də mən xatırladım. Bu çörək qabının o kənddə qalan təhnənin mində biri qədər bərəkəti olmadı…

Hə, mən də özümə görə, necə deyərlər, az aşın duzu deyiləm. Hər dəfə mətbəxdə bir kənara çəkilib xəyala dalanda üzümü sənə tutub deyirəm ki:

Mətbəxdə

ən uzaq küncdə

çəkilib

səsimi udmuşam,

içimdəki sükutu

vallah

beşəlli tutmuşam

qoymuram ki,

nəfəs alıb

həniriylə

kefini poza,

səni incidə…

Yəqin ki, dodağınız qaçdı. Qoy olsun! Axı mən yazımın lap ilk cümləsində yazmışdım ki, gəlmişəm deyib gedəm. İndi də ağlıma gəldi, dedim və siz də oxudunuz, dinlədiniz. Sağ olun, ayırdığınız diqqət və vaxta görə! Amma bu yazının elə-belə sağollaşmaqla bitəcəyini də gözləməyin. Çünki demədiyim sözlər də var. Onlardan birini mütləq deyəcəm. Axı ömür əriyir. Əriyən ömürdə isə arxadan vurulmaq adama yaman ağır gəlir. Və bu ağrının altında sızıldayan ürəyin bir istəyi də var, çox sadə bir istəyi. Deyim, eşit!


Demə yorulmuşam xıxacam bir gün…

Toplayıb gücümü çıxacam bir gün

Özüm ürəyimi yıxacam bir gün –

Ayağın altında qurban kəsəcəm…


Demə ki, çıxmışam həyatla qəsdə

Özüm də, ruhum da, günüm də xəstə…

Əlimi qoymuşam sinəmin üstə –

Sən burdan söyləsən, burdan kəsəcəm…


Bu ömür yolunu sapana kimi

Bir sevgi qalası yapana kimi…

Mən sənin havanı tapana kimi…

«Zabul»dan, «Şüştər»dən, «Şur»dan kəsəcəm…


Hə, sən də bütün bunlara görə, yəqin ki, əlini yelləyib ya çıxıb gedəcəksən, ya da eləcə… baxıb «ağıllı ol!» deyəcəksən. Mən isə hamının eşitməsi üçün yox, dünyanın duyması üçün sənin təbəssümündən yapışıb pıçıldayacam:

Sənə görə

bu ürək

ən yaxşı halda

cəmisi

yeddi gün

yaşaya bilən

kəpənəkdi, kəpənək…

ona

nə sevmək yaraşır,

nə də sevilməyə

ümid etmək…

olsun,

bu sənin bəxtindi

kəpənəksən ürəyim,

kəpənək!..

Son olaraq yəqin ki, bütün yazdıqlarımdan dünyanın quyruğunun uzun olduğuna siz də inandınız. Axı mən tək bir mətləbə toxundum. Qalanları isə… düşünənlərin menyüsünə mesajdı…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK