adalet.az header logo
  • Bakı -°C
18 Yanvar 2026 14:02
61
GÜNDƏM
A- A+

Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır

İnsanlar çox zaman necə öləcəyini seçə bilmir. Bəzən arzuladıqları sonu istədikləri kimi yaşamırlar. Bəziləri döyüş meydanında canını vermək istəyir, ancaq ömrünü yataqda, qocalaraq, altına gələcək bir qaba möhtac halda tamamlayır. Ancaq bəzi insanlar da var ki, bəlkə də heç istəməsələr də, seçdikləri yola uyğun, haqq etdikləri kimi ölürlər.

Şəhidlərlə bağlı filmlər qarşıma çıxanda baxmağa çalışıram. Lakin xüsusilə tanıdığım biri haqqında filmdə "həyat eşqi ilə dolu idi" tipli şablon cümlələr eşidən kimi ekranı söndürürəm. Bəlkə də yaxşı filmdir, amma baxa bilmirəm.

Minlərlə hərbçimiz var, lakin onların hamısına "döyüşçü" demək olmaz. Qərargah siçovulları ilə daim odun-alovun içində olanları necə eyni tutmaq olar? Bu, mümkün deyil. Bəziləri hərb sənətini döyüşmək üçün seçir, bəziləri isə qüsursuz xidmət edib ev almaq, yaxşı pensiya ilə gələcəyini təmin etmək üçün. İnsanların seçimlərinə hörmətlə yanaşıram. Bəzilərinin məqsədi yaxşı yaşamaq, ev-eşik, qadınlar, maşın sahibi olmaqdır. Bəziləri isə xoşbəxtliyini savaş meydanında tapır və orada da dünyasını dəyişir. İnsan ölümü üzücüdür; müharibələrdə çoxlu tanış, yoldaş və dost itirmişik. Hamısına üzülürəm, amma nə gizlədim, bəzilərinin məhz savaş meydanında şəhid olmasına hörmət edirəm. Çünki bu, onların seçimidir.

Bu yaxınlarda bir məclisdə döyüşçülərdən (əsl voyaka) biri məni kənara çəkdi. Qucaqlayıb ağlamağa başladı. Deyir ki, "yaşaya bilmirəm, öyrəşə bilmirəm; evdə uşaqların yanında otururam, gözlərim onlara baxır, amma beynimdə hələ də müharibənin içindəyəm". Və sonda əlavə etdi: "Qorxuram yataqda ölməkdən, mənim ölümüm formada olmalı idi".

Bir dəfə Xanı və Yasənlə Ağdamda postların birində idik. Yaz ayları idi, səngərin ətrafında bənövşələr açıb, hər yer yamyaşıl... Belə havada bizim insanlar nə deyər? "Tam kətə havasıdır", "samovar havasıdır" və ya "içmək havasıdır", düzdür? Yasən isə qəfil qayıtdı ki: "Xanı, nə ölməli havadır!" O adamlara üzüləndə də hörmətlə üzülün, ağlayanda da hörmətlə ağlayın!

Biz gözümüzü müharibəyə açmışıq. Qohum-əqrəbamızın hamısı döyüşüb. Xanını, Yasəni, Raquf Orucovu da elə uşaqlıqdan, həmin döyüşən qohumlara görə tanımışam. Onlar mənim üçün bu günün, dünənin yox, uşaqlığımın əfsanələridir. Bəziləri döyüşməyi peşə seçir, harada müharibə olsa fərqi yoxdur, gedib döyüşür. Onun üçün xoşbəxtlik savaş meydanındadır. Bəziləri isə hərb peşəsini dövlətə xidmətlə sintez edir; öz savaşını dövləti üçün aparır. Xanı da, Yasən də, Raquf da bu kateqoriyaya aiddir.

Əslində, bu yazı Raquf Orucov haqqındadır, amma o "qızıl üçlüyü" bir-birindən ayıra bilmərəm. Raquf Orucov 2016-cı ildə şəhid oldu, Yasən Əhmədov 2020-ci ildə. Xanı isə müharibədə şəhid ola bilməsə də, elə müharibənin fəsadlarına görə dünyasını dəyişdi. Onların başqa cür dünyadan köçəcəyini təsəvvür etmək çətindir. Xanının dəfnində Raquf Orucovun həyat yoldaşı Sevinc xanımla görüşdük. Ağlaya-ağlaya dedi: "Raquf getdi, Yasən getdi, bir Xanı qalmışdı, o da getdi. Heç kimimiz qalmadı..."

Hər komandir hörmətlə anılmır. Bəzi komandirlər olur ki, nəinki özünə, hətta ona görə, onun torpağından olana da hörmət edirsən. Bir dəfə şimal rayonlarımızdan birində kafedə çay içirdim. Bir nəfər yaxınlaşıb qonaq olduğumu, haralı olduğumu soruşdu. "Ağdamlıyam" deyəndə soruşdu ki, "Raquf Orucovu yəqin tanıyarsınız?". Tanıdığımı deyəndə adam mənimlə 40 ilin dostu kimi görüşdü, mənə xüsusi hörmət-izzət göstərdi. O adam, bir rayona və o torpağın insanına məhz il yarım onun komandiri olmuş Raquf Orucova görə hörmət edirdi. Dedi ki, "Raquf Orucova görə ağdamlılara ürəyimi də verərəm". Bu hörməti hər çiynində rütbə daşıyan qazana bilmir. Elə komandirim olub ki, rastlaşanda üzünə demişəm: "Sən adam deyilsən!" Amma komandirlərimdən Elşən Qapaqov mənim üçün həmişə komandir olaraq qalacaq.

Raquf Orucov haqqında çox yazılıb, amma fikrimcə, hələ də azdır. Bəziləri ad-san qazanır, təltif edilir, amma yenə də belə xalq sevgisi qazana bilmir. Dəfələrlə rəsmi şəxslərlə, müxtəlif sahənin adamları ilə söhbət edəndə Raquf Orucovun adını eşidən kimi deyirlər: "O, Milli Qəhrəman adını ən çox haqq edənlərdəndir". "Hələ verilməyib" deyəndə isə təəccüblənirlər. Sonra da deyirlər, camaat onun adını (qəhrəmanlığını) çoxdan verib onsuz da!

Raquf Orucova qədər də, ondan sonra da Ağdamdakı səngərləri qarış-qarış gəzmişəm. Aradakı fərq yerlə göy qədər idi. O, əsgərləri üçün hər şey edirdi. Peşəkar kəşfiyyatçı idi; istədiyini əldə etmədən, tutduğunu qoparmadan əl çəkməzdi. Düşmən qarşısında necə döyüşürdüsə, düşmən arxasında da elə idi. Ümumiyyətlə, kişinin düşməni olar! Raquf Orucov öz əsgərləri üçün nə qədər can yandıran idisə, düşməni üçün bir o qədər can alan idi. Onun keçidləri, gətirdiyi kəşfiyyat məlumatları, əsir götürdüyü adamlar, çəkdiyi kadrlar... saymaqla bitməz. Biz unutqanıq; bəziləri müharibəni ağır bilir, amma o səngərləri görənlər bilir ki, atəşkəs dövründə cəbhədə xidmət etmək bəzən müharibə qədər çətin idi.

"Murov qartalı" bir titul deyil. O, bu ləqəbi xidməti ilə qazanmışdı. Raqufdan sonra özünə bu adı dedirtmək istəyənlər oldu, amma bu, "Koroğlu" ilə "kor kişinin oğlu" müqayisəsinə bənzəyir. Raquf Orucov təkcə Aprel döyüşlərinə görə yox, məhz Murovdakı illərlə çəkdiyi zəhmətə görə Milli Qəhrəman adını haqq edir. Bəlkə kimsə deyər ki, xalqın gözündə onsuz da qəhrəmandır. Amma biz unutqan xalqıq. 5-10 il sonra xatirələr zəifləyə bilər. Bu günə qədər qazanılan hörmət, aldığı ləqəb Raqufun öz zəhmətidir, özü alıb. Ancaq bundan sonrasını dövlət verməlidir.

Niyə? Çünki hərbçilərimizin bir hissəsi qisas üçün, Xocalı üçün, bir hissəsi təminat üçün bu yolu seçib(r). Amma onlarla zabit tanıyıram ki, onlar Allahverdi Bağırova, Əliyar Əliyevə, Fred Asifə görə hərbçi olublar. Tanıdığım xeyli sayda gənc zabitlərimiz var ki, Raquf Orucova görə hərb sənətini seçiblər. Xanıya görə, Pəncəliyə görə bu ölkədə sırf gizir olanlar var. Hər şeyi, ailəsini, uşaqlarını, dosatlarını qoyaq bir kənara, bu ənənəni davam etdirmək üçün Raquf Orucov və onun kimilərin haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var.