SON DƏQİQƏ:

QARAÇI QIZININ CAZİBƏSİ

  206419   |  
Şriftin ölçüsü  

Mənim özbək aktrisam

Həyatda qəribə məqamlar var. Bu qəribəliyin ən yaxşı nümunəsi mənə görə həm də oxşarlıqdı, bir-birinə bənzəməkdi. Elə yeri gəlmişkən, burdaca xatırladım ki, sovet dönəminin izlədiyimiz filmlərindən birinin də adı "Alma-almaya" bənzərdir. Yəqin baxmısınız. Baxmayanlar da imkan tapıb baxsınlar. Orda maraqlı nüanslar çoxdur. İndiki bəzi filmlərimiz kimi adamı ekrandan uzaqlaşdırmır, əksinə, ekrana tərəf çəkir...

Bunu sözgəlişi yazdım. Məqsədim hansısa bir filmi müzakirəyə çıxarmaq deyil. Amma mövzunun yaranmasının səbəbi, kökü bir məşhur filmlə bağlı xatirəmdi. Bu filmi çoxlarımız sevə-sevə izləmişik, hətta onun qəhrəmanı Budulayı müzakirə də etmişik. Və çox qəribədir ki, mən ilk dəfə o filmi seyr edəndə elə bildim ki, təkcə Budulayın özünü yox, həm də onu sevən qaraçı qızını hardasa lap yaxından görmüşəm. Hardasa öz kəndimdə, öz şəhərimdə görmüşəm və bu məndə yaranan fikir demək olar ki, xeyli vaxt yaxamdan əl çəkmədi. Və günlərin birindjə xatırladım ki, həqiqətən mən o qaraçı qıza bənzəyən bir xanımla Belorusiyanın paytaxtında, lap dəqiq desəm, bu ölkədə yerləşən "Gənclik" düşərgəsində istirahət edən zaman qarşılaşmışam. Sadəcə, zaman fərqi var. Mən o istirahət mərkəzsində 1975-ci ildə olmuşdum. Və orada bir özbək qızı var idi. Eyniylə həmin qaraçı qıza oxşayırdı. Özü də tələbə idi... Bax, indinin özündə də düşünürəm ki, o filmə həmin qızı çəkiblər. Adını xatırlamıram. Xatırlasam, şübhəmə bir inam toxumu səpilər. Və mən indiki anda dəqiqləşdirmə aparmadan həmin filmin qəhrəmanlarından olan özbək aktrisası Matlyuba Alimovanın yaratdığı obrazın nə qədər yaddaqalan olduğunu birmənalı qəbul edirəm. Ona görə ki, o, özünü yaddaşa yazdıra bilib. Deməli, yaşam haqqı qazanıb. Və mən bu haqdan çıxış edərək gözümün önünə neçə-neçə illəri gətirirəm. Tutaq ki, bir onillik qalır arxada. Bu onilliyin içərisində həmin o qaraçı qızının hərəkətləri, baxışı, duruşu, yerişi, saç düzümü, hətta onun istifadəyə etdiyi aksesuarlar bir-birinin ardınca gəlib keçir gözümün önündən və onların hər biri də mənimlə danışır. Mənə bir zaman kəsiyini, mənə bir yaşam tarixini pıçıldayır. O pıçıltıların içərisində mən özümə doğma olanları da, sevdiklərimi də, məni sevənləri də görürəm. Onların da həmin o zaman içərisindəki həyat kitablarını vərəqləyirəm. Səhifələrdən mənə baxan o çöhrələrdə səni də, özümü də görürəm. Onda hiss edirəm ki, bu dünyanın elə indiki durumda mövcudluğu, hətta bir az da sadə söyləsəm, ayaqda qalması məhz sevgilərin, istəklərin, yaddaşın və nəhayət bir-birinə güvənin uğurudu, bəhrəsidi. Deməli, bütün bunların müəllifi birmənalı olaraq o sevgini ürəklərə səpən, onu göyərdən, ona nəfəs verən böyük Yaradandı. Mən də ona sığınıb, ona əlimi açıb elə, o qaraçı qızını gözümün önünə gətirərək yazdığım misraları sənə də pıçıldayıram. Bəlkə sənin də nə vaxtsa əlindən tutdu.


Düşünmə ki, sən arzusan, xəyalsan

Bu ömrün hər anında sən varsan!..

Sən ömürsən, sən həyatsan, sən yarsan -

Məni səndən təkcə ölüm ayırar!..


Göyü bulud, yeri duman bürüsə,

Ağrı məni dörd tərəfə sürüsə...

Qəlbim vursa, ayaqlarım yerisə -

Məni səndən təkcə ölüm ayırar!..


Aramızda olan sevgi bir sirdi

Bu sevgimiz həm ocaqdı, həm pirdi!..

Allah birdi - ondan gələn eşq birdi! -

Məni səndən təkcə ölüm ayırar!..


***

Mən bilmirəm yaşla bağlıdı, yoxsa həyatın sıxıntılarıyla, daha çox keçmişə üz tuturam... keçmişdə işıq axtarıram... keçmişdə ümid soraqlayıram... Bunu mənə qəbahət sayanlar da var. Amma bilməyin ki, bugünü və sabahı görüb düşünmürəm. Yox, sadəcə olaraq mən indi yaşadığım həyatın günbəgün necə dadını itirdiyini, necə yorucu və üzücü olduğunu hiss edirəm. Xüsusilə, anlamazların anlayanları üstələməsi məni az qala dilim-dilim doğrayır, az qala ürəyimi xəlbirə, ələyə çevirir. Və mən də bunların nədən baş verdiyini və ümumiyyətlə insanlığın, içi mən qarışıq hər kəsin hara getdiyini, niyə getdiyini təxmin edə bilmirəm. Amma görürəm ki, həyat davam edir, həyat axır, biz də onun içərisində. Sadəcə olaraq bir-birimizin əlindən tutmuş şəkildə yox... bir-birimizə söykənə-söykənə yox, bir-birimizi tapdalaya-tapdalaya... bir-birimizin üstündən keçməklə gedirik bu həyata qarşı. Əgər mən kiminsə haqqını tapdayıb keçirəmsə, onda bunun nə anlama gəldiyini bir anlıq təsəvvür edin və mənə qiymət verin? Bu sualı özünə verən nə qədər insan tanıyırsınız? Mən şəxsən xatırlaya bilmirəm. Burda söhbət məni kimlərinsə yerə uzadıb tapdalamağından getmir. Söhbət halal haqqımın, layiq olduğumun, ömrünü həsr etdiyinin müxtəlif vasitələrlə əlindən alınmasından, qamarlanmasından, sökülməsindən, dağıdılmasından, ümidlərinin puç olmasından gedir. Bax, tapdalanma deyəndə mən bunu nəzərdə tuturam. Və elə mənim bu yazını diktə etdiyim anda da əgər diqqətim içimə rahatlıq verməyən "evin söküldü!" xəbərinin yanındadısa, onda hansı rahatlıqdan, hansı işıqdan, hansı ümiddən danışmaq olar? Və mən bu sıxıntının içərisində əgər yaddaşıma yazılmış özbək aktrisanı, daha doğrusu, o qaraçı qızını xatırlaya bilirəmsə, deməli, burda yenə Allaha minnətdarlıq əlimdən tutur. Çünki mənim yaddaşımı da, içimdəki son közərtiləri də qoruyan Allahımdı. Və bir də Allahımın mənə bəxş etdiyi həmin o sevgi. Çox təəssüf ki, bu sevgi təkcə ümid, inam, yaşam həvəsi vermir. O həm də əzir, sıxır, ağrıdır. Və deməli, hər iki halda yaşadır. Və sən də, mən də elə o sevgiyə görə yaşamağın özəlliyini və gözəlliyni anlayırıq. Anlamaq isə təbii ki, həmişə könül xoşluğu gətirmir. Ona görə də bu misraları oxuyanda məni qınama, ümidszlikdə suçlama.


Düyünlədim kirpiyimə gecəni

Bu bağlılıq sübhəcəndi - sındırma...

Mən yazıram ürəyimdən keçəni -

Vərəqləri oxumadan yandırma...


Havam, suyum yaddan çıxıb nə vaxtdı

Hara baxsam sən yadıma düşürsən...

Ürəyimə biçiləndən bu vaxtı -

Köz-köz olan bir kösövü düşün sən!..


Həyat "ah"dı, bir də həzin xatirə

Ələyirəm ikisin də sinəmdə...

Ruhum batır gülab adlı ətirə -

"Can" sözüylə dil-dodağın dinəndə...


Bu duyğular pıçıltıdı, Tanrının

Bir sözü tək çiçəkləyir içimdə...

Oxu, gülüm, bu şeirin axırın -

Sən onu sıx ürəyinə üçümdə!..


Hə, özbək aktirsası Matlyuba Alimova özünün qaraçı qızı Nastya rolu ilə bu gecə yuxuma girmişdi. Bilmirəm, o yuxunun təsirindəndi, yoxsa elə əvvəldə dediyim o filmin özünün gücündən. Mən elə indinin özündə də yaşadığım ətrafda... Bakının küçələrində qaraçı qızını axtarıram köhnə xatirələrimi onun dilindən eşitmək üçün...

P.S. Budulay ("Tütək səsi” filminin Cəbrayılı - Ə.M.) dünyasını dəyişdi. Matlyuba xristianlığı qəbul edib rahibliyə üstünlük verdi...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK