adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Xalqın yazarları və yazarların yad zadları!

FƏRHAD ŞABANOV
45137 | 2013-09-14 00:38
Yazının ruhu deyə gözə görünməz bir zad var. Bu zadı yazıya verən yazardır. Onda bu zadı elə yazarın özü ilə birbaşa əlaqələndirə bilərik. Yazarın ruhu nədirsə, yazının da ruhu o olur. Bəzi yazarlara çox rahat deyə bilərsiniz ki, özün nəsən ki, yazdığın da nə olsun? Yazdığının zadı - ruhu...
Əvvəllər ancaq xarici yazarlarla başımı qatırdım. Dünyada baş verənlər mənə daha maraqlı idi, nəyinki Azərbaycanda. Beləcə cəmiyyətimizdən qopduqca qopurdum.
Hər dəfə Ankaradan Bakıya qayıdanda cəmiyyət ilə aramızdakı uçurum məni həm depressiyaya salır, həm də müəyyən mənada sevindirirdi. Müəyyən mənanı hər biriniz çox gözəl bilirsiniz, açıb ağartmayacam. Ancaq niyə depressiyaya düşdüyümü açmaq istəyirəm.
Bir insan üçün ən çətin sınaqlardan biri heç bir ortaq cəhətə sahib olmadığı insanlarla bir mühitdə yaşamasıdır. Təsəvvür edin ki, Afrikada sivilizasiyadan xəbəri olmayan hər hansı bir qəbilə ilə yaşamaq məcburriyyətindəsiniz. Nə onların yaşayış tərzinə ayaq uydura bilirsiniz, nə rituallara, nə də mənəvi dəyərlərinə.
Elə həmin cür mən də... Nə televiziya verilişlərinə baxa bilirdim, nə ictimai nəqliyyat vasitələrindəki insanların bir-birinə qarşı "xoş" münasibətinə, nə dövlət idarələrindəki masa arxasındakı əsəbi və bədxassəli şişlərə, nə də təmtəraqlı binaların tinində durub dilənən dilənçilərin üzünə.
Bakıda yaşamağa başladıqdan sonra cəmiyyətə adaptasiya və yabancı ruhumun rehabilitasiya seanslarına başladım. Rəqsanəyə, Üzeyirə, toy manıslarına, savadsız professorlara, avara avtobus sürücülərinə, yekəqarınların yekəxana oğullarına, pozğun qız uşaqlarının tərbiyəli ailələrinə, sevgisiz əlaqələrə, hörmətsiz münasibətlərə, uzun kredit sıralarına, düşük zarafatların rəngarəngləşdirdiyi çayxana söhbətlərinə, universitetlərin cəmiyyətə payladığı dipLOMlara... Bunlara öyrəşmək, ya da ümumiyyətlə təbii bir hal kimi baxmaq üçün uzun illər tələb olunur.
İlk seanslarıma yazıçılarla başladım. Xalqın içindən çıxan qələmlərə üstünlük verdim. Yerli köşə yazarlarının yazılarına göz gəzdirdim. Qabağıma kim çıxsa oxudum. Öncədən heç bir mənfi rəy, müsbət qənaət sahibi olmadan bir neçəsini oxudum. Ümumiyyətlə nə baş verdiyini görmək istəyirdim. Gördüm ki, yazarların əksəriyyətinin zadı cəmiyyətin zadını ələ salır. Hər bir cəmiyyətin bəyənilməyəcək, ələ salınacaq cəhətləri ola bilər. Ancaq sırf fərqlənmək üçün, adını üç-beş məclisdə sadalandırmaq üçün əxlaq normalarını ayaqları altına alan həddindən artıq yazar var.
İntim münasibətlərə dair elə yazılar gördüm ki, heç "ondan" avropalı yazarlar da yemir. Oxuyan fikirləşir ki, yəqin bu insan öz evində dünyaya gətirəcəyi uşaqların hazırlığını elə uşaqlarının gözü önündə görür. Yoxsa belə rahat və abırsız formada həmin yazını ərsəyə gətirmək çətin məsələdir.
Bir də bu neo-yazarlar peyda olub ki, hamısının üslubu bir-birini təkrarlayır. Zadlarını bir-birindən seçmək olmur. Bir-birinin əksinə dodaqlarını və gündəyməzlərini günü-gündən "silikonlaşdırıb" meymunluq edən manıslar kimi bu neo-yazarlar da bir-birinin zadından yapışıb buraxmaq istəmir.
Çox istərdim ki, bizim yazıçılar söyüşlə, sekslə, xalqın mənəvi dəyərlərini dolamaqla yox, öz fərqli üslubları ilə, intellektləri və fərqli mütəxəssislik sahələri ilə cəmiyyətdə özünə yer tapsın. Məhz onda bu cəmiyyətin yaralarını sağaltmaq müddəti daha az çəkər.
Mən heç kimin bostanına daş atmıram, kim narahatdırsa güzgüyə baxsın, bəlkə başında daşın izi var. Kimin başını yardımsa, əvvəlcədən üzr istəyirəm. Mən şiddətə qarşıyam.
P.S. Gərək yazarın oxuyucularına yox, yazdığınıza yazığı gəlsin.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV