Fransanın futbol əfsanəsi Tierri Anri Arda Güler barədə diqqətçəkən fikirlər səsləndirib.
Adalet.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Anri Arda Gülerin Fransa millisinə qarşı nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib. O, gənc futbolçunun meydanda çox yönlü çıxış etdiyini və komandasına böyük töhfə verdiyini bildirib.
"Real Madrid"in Toni Kroos və Luka Modriçin yerini doldurmaq üçün hələ də futbolçu axtarmasını sual edən Anri, Arda Güler kimi istedadlı oyunçuya sahib olduqları halda buna ehtiyac olmadığını vurğulayıb.
"Belə performans göstərən gənc futbolçu varkən əlinizdə nəyin olduğunu deyim: bir oyunçuda iki oyunçu. Bunu bu gecə gördük. O, meydanın hər yerində idi və bu gecə ən yaxşı futbolçu idi. Ölkəsini artıq çiyinlərində daşıyır", - deyə Anri bildirib.
Futbol əfsanəsi "Real Madrid"ə Arda Güler ətrafında komanda qurmağı da tövsiyə edib. Onun sözlərinə görə, Arda ilə birlikdə qaça bilən, pressinq edə bilən və düzgün mövqe seçən hücumçular oynadılarsa, qalan işləri gənc futbolçu özü görə bilər.
Anri Arda Gülerdə ən çox xoşuna gələn xüsusiyyətin onun diqqətini yalnız futbola yönəltməsi olduğunu qeyd edib.
"Eqo yoxdur, səs-küy yoxdur, diqqəti yayındıracaq heç nə yoxdur, sadəcə futbol. Onu sevməyimin səbəbi budur", - deyə o, əlavə edib.
Tierri Anri Arda Gülerlə digər gənc futbolçuların müqayisə edilməsinin tərəfdarı olmadığını da bildirib və fikirlərini bu sözlərlə yekunlaşdırıb: "Arda Güler... bu adı unutmayın".


Bakı -°C
