Bir çiçəyi də çox görürlər...  - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1197 | 2024-10-02 16:46

 Dünyada müəllim adından müqəddəs və şərəfli ad tanımıram.  Varsa, deyin, bilək! Əlbəttə, yoxdur. Oktyabrın 5- i Azərbaycan Müəllimlərinin Peşə Bayramıdır.

Öncədən bütün müəllimləri təbrik edirəm. Mənə orta məktəbdə dərs demiş ibtidai sinif müəlliməm Həqiqət xanım Rzayevanı və BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlini bu əziz gündə  bağrıma basıb öpürəm. Çünki onlar bizim müəllimimiz olmaqla yanaşı, həm də ata- ana münasibəti bəsləyiblər. Və ona görə də yadımızdan çıxmırlar.

Yadımızdan çıxmayan  həm də dünyasını dəyişmiş müəllimlərimizdir.O müəllimlər ki, bizə adam olmağı öyrətdilər.Yoxsa, biz də başqaları kimi, at oynadardıq!  Amma son vaxtlar müəllimlərə qarşı cəmiyyətdə  bir ədalətsizlik, haqsızlıq var və onun da qarşısı zaman-zaman alınır. Millət vəkili, dostumuz və qardaşımız Aqil Abbasın söylədiyi bir fikir yadıma düşür:" Azərbaycan müəllimləri Milli Qərəmandırlar. Çünki onlar az maaşla balalarımıza elm və tərbiyə verir, uşaqlarımızın hər bir dəcəlliyinə  dözürlər".

Bax Azərbaycan müəllimi belə bir ürək sahibidir. Bu böyük ürək sahiblərinə müəllim günündə bir dəstə gül, çiçək verməyi də çox görürlər. Başqa sənət, peşə sahiblərinə hər cür hədiyyə, nə bilim, hansısa, bahalı hədiyyə vermək olar, amma müəllimə olmaz.Bir müəllimə şagird gül dəstəsi verəndə bütün ölkə bundan danışir. Ancaq bir milyon rüşvət alanın adını çəkən yoxdur. Heç olmayacaq da! Çünki onlar müəllim deyil! Sız Allah göy üzü təmiz, bulaq suyu kimi duru olan müəllimləri rahat buraxın və onlara  kiminsə hədiyyəsi də lazım  deyil.  

Müəllimin hədiyyəsini Allah verib və  Ulu Yaradan  həmişə müəllimləri qoruyub. Nə isə... Elə bil ki, çox nala- mıxa vurdum! Bu əziz gündə  50 ilə yaxın müəllim işləmiş, onun 30 ilini məktəb direktoru olmuş, Prezident Təqaüdçüsü, " Cümhuriyyətinin 100 iliyi' medalına layiq görülmüs, dostum və qardaşım Səməndər Məmmədovu və qızım Telli İsmayılovanı da təbrik edirəm! Ən sonda üzümü insanlara tutub deyirəm: Azərbaycan  müəllimlərini sevək və qoruyaq! Çünki onlar bizim övladlarımızın, nəvələrimizin yolunda işıq yandırlar.

O uşaqlarsa , bu işığın ardınca gedirlər. Yolumuzu işıqlandıran Azərbaycan müəllimləri, yolunuz işıqlı olsun!!!

TƏQVİM / ARXİV