Bizim yazdığımızla maraqlanmırsınızsa... -İradə TUNCAY yazır

İRADƏ TUNCAY
5036 | 2022-12-31 13:35

Söhbət həmrəylikdən gedirsə və dünya azərbaycanlılarının həmrəyliyindən gedirsə, həmrəy olmaq üçün ümumi bir ideya ətrafında birləşmək lazımdır.

Və bu ideyanın da nədən ibarət olduğunu maddə-maddə insanlara başa salmaq lazımdır. Çünki eyforik illüziyaların dalınca qaçmaqla guya istənilən o həmrəylik yaranası deyil. Yəqin ki, həmrəy olmaq üçün həm də ümumi bir dil də olmalıdır. Yəni həmrəy olmaq, həm də həmdil olmaqdır. Amma görünən budur ki, aramızda dil problemi də var. Yox, mən rus dilində qırıldadanlardan danışmıram. Deyək ki, biri yalan dilində danışır, biri ilan dilində. Biri it dilində, biri qurd dilində, insan dilindən başqa hər dildə danışırlar. Görünür kimə nə yaxındır o dildə də cəh-cəh vurur. Rəy vermək çətindir. Yuxarıda oturub rəy verəcək adamların da ümumi bir rəyə gəlmək həvəsi yoxdur. Həvəsləri olsa qəzet oxuyarlar, televiziyaya baxarlar. Görərlər kim-kimə nə şəkildə xidmət edir. Görərlər kim sevir, kim nifrət edir.

Əgər siz bizim yazdığımızla maraqlanmırsınızsa, biz niyə sizin fərmanlarınızla həmrəy olmalıyıq? Bizim nə düşündüyümüz sizin üçün maraqlı deyilsə, onda bu "ictimai rəy" dediyimiz nəyisə kim formalaşdırır? Mənə izah eləyin, biz hansı ideyanın ətrafında birləşməliyik? Və əgər bu ideyaya xidmət edən adamlar fərmansız-filansız, elə bütün ömrü boyu bu məmləkətə xidmət edirlərsə, niyə başqa ideyalara xidmət edənlər böyük-böyük kürsülərdə otururlar? Bunu mənə izah eləyin, mən də sizinlə həmrəy olacağam. Gələn ilin Həmrəylik gününəcən vaxtınız var. Bir il az müddət deyil. 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV