Atalar yaxşı deyiblər: "Su
səhəngi suda sınar”. Başqa sözlə, uğruna çalışdığı, bütün ömrünü sərf etdiyi,
həyatının mənasını onda gördüyü bir sahədə, sənətdə həlak olmaq. Bu cür "səhəng”lər, bəlkə də, qabaqcadan aqibətlərini bilirdilər,
getdiyi "su yolu”nun sürüşkənliyindən xəbərdardılar, amma uca amal, hədəf (və
ya bulaq başı) heç də onları geri
döndərə bilməyib.
Amma bəziləri də var
ki, onların özlərinin də ağlına gəlməyib ki, ən çətin, ən ektstremal
vəziyyətlərdən üzüağ çıxıb peşəkarlaşandan sonra, nə vaxtsa ən sonuncu naşı
kimi elə bu yolda da həlak olacaq, həm də barələrində gələcəkdə danışanda bu
gülünc durumu xüsisi qabardacaqlar. Məsələn: vaxtilə bütün dünyanın həsəd
apardığı kosmonavt Yuri Qaqarin. Hər insanın cəsarət edə bilmədiyini etdi,
fəzaya uçan ilk insan oldu. Etiraf edək ki, ən özündən deyən bir kişini
göndərsələr ki, gecəni sıx meşədə və ya mağarada keçirməlidi, bəlkə də, razılaşar,
amma sabaha ordan ya dəlisi, ya da ölüsü çıxar. Amma Qaqarin nəinki bu dünyanın
qorxulu güşəsinə (ən azından bilirsən ki, ətrafında kimsə olmasa da, səndən lap
50, 100, 200 kilometr aralı da olsa, insanlar mövcuddur), heç kəsin gümanı gəlmədiyi,
bəni-insanın ayağı dəymədiyi, qarşısına nə çıxacağı, başına nə gələcəyini
təsəvvür belə edə bilmədiyi başqa bir aləmə uçacaq qədər cürətli oldu. Amma
bu cəsarətin aqibəti necə oldu?! Peşəkar kosmonavt – kosmik gəmini idarə edən
adam adi, naşı pilotun etmədiyi səhvi edərək təyyarə qəzasına uğradı.
Və ya götürək Mixail Şumaxeri – sürətin
tanrısı deyirdilər ona! Amma ayama
qoyanlar unutmuşdular axı Uca Tanrı qondarma tanrıcıqları sevmir, taleyin
barmağıyla elə istehza edir ki!..
Dünyanın ən sürətli pilotu öz sürətinin qarşısını ala bilmədi. Kurort şəhərində xizəklə sürüşərkən yüksək sürətindən
dolayı yıxılaraq, ağır kəllə-beyin travması alıb komaya düşdü. Uzun sürən komadan təzəlikcə
çıxıb, amma hələ də ayağa qalxıb-qalxmayacağı bəlli deyil.
Daha bir "su yolunda sınan”ın xəbərini isə təzəcə
aldıq. Azərbaycanlı alpinist, bəlkə də, dağa dırmanma sahəsinin ən yaxşı
bilicilərindən biri ənənəvi işini icra edən zaman həlak olub. Himalay dağlarında
faciəli şəkildə ölən alpinist Murad Aşurlunun bu
xəbəri bir azərbaycanlı olaraq həm məni təəssüfləndirdi, həm də ataların
sinaqdan çıxmış deyiminin təsiri altında xeyli təəccübləndirdi. Belə ki, 42 yaşlı Murad Aşurlu
Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən
hündürlükdən yıxılaraq həlak olub. Bəlkə də, həvəskar
birinin və ya təsadüfi adamın hündürlükdən yıxılması bu qədər çaşqınlıq
yaratmazdı. Axı alpinistin ən vacib sursatı onun ehtiyatlılığıdı?! Üstəlik
alpinistlər dırmaşma və enmə mərhələsində qoruyucu kəndirlərdən istifadə
edirlər! Görəsən, ehtiyatlılığımı əldən verib, ya peşəkarlıq təkəbbürümü bu
ehtiyata lüzum görməyib? Düşündüklərimiz ehtimaldan başqa heç nə deyil, əslini
bir özü bilir, bir də Allah - ən peşəkarı belə naşıya çevirən, insanın ağlını
bir anda əlindən alıb-verən, tək mükəmməlin yalnız özü olduğunu hər dəfə sübut
edən o Ucalıq! Və bütün ucalıqlara çatmışları da lazım bildiyində, ən inanılmaz
şəkildə endirən və saxsı səhəng kimi torpaqdan yaradıb, elə torpağa da qaytaran
Mütləq!


Bakı -°C
