adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Söz rəssamı...   Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
427 | 2022-07-29 12:54

 

Yazıçı-publisist, jurnalist və hüquqşünas Rafiq Hacıyevin Allahın dərgahına qovuşmasından bir 
il keçdi

...O, heç kimə bənzəməyən böyük ziyalı, yazıçı-publisist və jurnalist idi. Rafiq Hacıyev haqqında 
keçmiş zamanda danışmaq mümkün deyil. O, ötən il iyulun 26-da haqqın dərgahına qovuşsa da, 
mənə elə gəlir ki, Rafiq sağdır və o yaşayır. Ən azından ona görə ki, elə bir gün olmur ki, bir 
dost olaraq onu xatırlamayım, yada salmayım və ruhuna dualar oxumayım. Rafiq Hacıyevlə mən 
tələbə yoldaşı, dost olmuşuq, çörək kəsmişik. Onun qədər səmimi, onun qədər böyük ürək sahibi 
olan adam az görmüşəm. 


...Elə bir gün olmazdı ki, mənə zəng eləməsin, telefonda danışmayaq. Ən azından həftədə 2 dəfə 
«Azərbaycan» nəşriyyatına gələrdi, 6-cı mərtəbəyə «Ədalət»ə qalxardı, sonra da düşüb aşağıda, 
1-ci mərtəbədə çay içərdik. Çayı da tək içməzdi ha! Mütləq o masanın arxasında Allahverdi 
Eminov, Adil Cəmil, Ağacəfər Həsənli və digər qələm dostlarımız olardı. Və masanın arxasında 
bal kimi şirin söhbətlər eləyər, tələbəlik illərini, xatirələri yada salardıq. Rafiq tələbəlik illərində 
universitetin yataqxanasında Adil Cəmillə bir otaqda qalıb, üstəlik də Aşıqlar Birliyinin sədri, 
filologiya elmlər doktoru, Əməkdar elm xadimi, Məhərrəm Qasımlı ilə də tələbə yataqxanasında 
dostlaşıblar. O dostluq uzun illərdi davam edirdi. 


Rafiq Hacıyev Azərbaycan jurnalistikasının Pelesi idi. Onu mən belə adlandırmışdım. Barəsində 
bir yazı yazmışdım, o da Rafiqin çox xoşuna gəlmişdi. Hətta o qədər xoşuna gəlmişdi ki, qışın 
oğlan çağında paltosunun cibində bir tut arağı da gətirmişdi ki, gedək aşağıda yeyək-içək! Dedim 
ki, ay Rafiq, mən heç vaxt dostdan, tələbə yoldaşımdan nəsə ummaram və içən də deyiləm. O 
biri dostları tapaq, onlarla əyləşib bala-bala vurarsınız. Mənimlə razılaşdı, dedi ki, yazıda məni 
Peleyə bənzətmisən. Təbii ki, burda heç bir şişirtmə yox idi. Pele topla necə davranırdısa, Rafiq 
də sözlə o cür oynayırdı. Sözün min rəngini, min çalarını və min oymaqlarını tapırdı və onu bal 
kimi oxucuya təqdim edirdi. Onun barəsində saatlarla danışaram, yorulmaram. Elə Rafiq özü də 
saatlarla danışardı, adam yorulmazdı və həmin zaman necə getdiyini hiss etməzdik... 
Çox sağ olsun dostları, tələbə yoldaşları və onu sevənlər. Çünki Allahın dərgahına qovuşduğu 
gün, yəni iyulun 26-da «Xalq qəzeti»nin konfrans zalında  bir daha Rafiq Hacıyev onu sevənlər 
tərəfindən yada salındı və onun barəsində pedaqoji elmlər namizədi, yazıçı-publisist və böyük 
ziyalı Allahverdi Eminovun qələmə aldığı «Söz rəssamı, poetik duyğular ovsunçusu» kitabının 
təqdimat mərasimi oldu. Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar elm 
xadimi, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlıdır və bu kitab «Elm və  Təhsil» nəşriyyatı 
tərəfindən çox yüksək keyfiyyətlə nəşr edilib.


Elə Rafiqin adına layiq olan kitabdı. Və kitab dörd fəsildən ibarətdir: «Ötən illərin işığı...», 
«Kriminal aləmin dedektiv-roman təsviri», «Publisistikanın əxlaqi-davranış gücü», «Musiqinin 
qəlb-duyum möcüzəsi». Təbii ki, bu yazının hər birində həm Allahverdi müəllimin, həm də 
dostumuz və qardaşımız Rafiq Hacıyevin ürək çırpıntıları və ürək döyüntüləri hiss olunur. Bax, 
dost Allahverdi müəllim kimi olar. Qısa zaman kəsiyində ürəyinin atəşi ilə bu kitabı ərsəyə 
çatdırdı və oxucuya təqdim elədi. Belə dostluğa sədaqətinə görə Allahverdi müəllimə bir yağlı 
«5» düşür. Hər dost bu qədər sədaqətlt olmur!


Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq Rafiq Hacıyevin 
Azərbaycan mətbuatındakı və jurnalistikasındakı xidmətlərindən, necə bir zəhmətkeş, halal və 
cəsarətli yazar olmasından ətraflı söhbət açdı. Əflatun Amaşov qeyd etdi ki, Rafiq tək məqalələr, 
oçerklər, zarisovkalar yazmayıb. O, bir-birindən maraqlı, sənət və incəsənətlə bağlı çox unikal 
romanlar, povestlər, hekayələr, dedektiv əsərlər qələmə alıb və onların hər biri istedadlı jurnalist 
Rafiq Hacıyevi Azərbaycan mətbuatı tarixində yaşadıb və yaşadacaq. 
Təqdimat mərasimində Rafiq Hacıyevin tələbə yoldaşları, dostları və ziyalılar iştirak edirdilər. 
Çıxış edənlərdən Vaqif Bəhmənli, Mustafa Çəmənli, Akif Cabbarov, Adil Cəmil, İskəndər 
Allahverdiyev, Tahir Aydınoğlu,  Ruslan Rəfizadə istedadlı yazıçı-jurnalist Rafiq Hacıyevin 
mətbuatımızdakı əvəzsiz yerindən, onun tutduğu mövqedən və bir ziyalı olaraq həmişə haqqın 
yanında olmasından danışdı. Tələbə yoldaşlarından biri olan məşhur junalist Vasif Quliyev 
tədbirdə danışmasa da, sonradan Rafiq haqqında o qədər şirin danışdı ki, bizim hamımızı 
kövrəltdi. Amma Rafiq elə adam idi ki, heç vaxt dostlarının kövrəlməyini, kədərlənməyini 
istəməzdi. Həmişə onda bir yumor, bir duz, bir şirinlik vardı. Hətta yaxın dostlarına tez-tez 
deyirdi ki, şəklini ver saxlayım, sənə baxım, darıxmayım... 


O haqq dünyasında olsa da bəlkə də bizim üçün çox darıxır və biz də onun üçün darıxırıq. Onun 
özü qədər bal kimi şirin iki oğlu var. Və hər ikisi də həmin tədbirdə  iştirak eləyirdi. Oğlanlardan 
birinin adı Rəşad, o birisinin adı isə Qənbərdir. Rəşad mənimlə telefonla danışanda sanki Rafiqin 
səsini eşidirəm. Onsuz da oğulların səsi çox vaxt ataların səsinə bənzəyir. Amma Rəşadınkı xalis 
Rafiqin səsidi ki, onu eşidəndə elə bir Rafiqlə görüşüb gəlirəm. Rəşad tədbirdə çox gözəl bir 
məqamı xatırlatdı. Dedi ki, bir neçə il bundan əvvəl atamın 65 yaşı Beynəlxalq Mətbuat 
Klubunda keçiriləndə atam çıxış elədi, gələnlərə öz təşəkkürünü bildirib dedi ki, sizin qadanızı 
alım, məni yada salmısınız. Mən də atamın sözünü təkrar edərək deyirəm: 
Mətbuat Şurasının sədri Əflatun Amaşov, atamın tələbə yoldaşları, qələm dostları, çox sağ olun 
ki, onu belə yada saldınız. Minnətdaram və sizin qadanızı alım!


 Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV