(esse)
Masanı səliqəyə salmaq məqsədilə yazılı kağızları toplayıram. Bir neçə fərqli qeyd apardığım vərəq diqqətimi cəlb edir. Ortada bir nizamsızlıq var: qeydlər vərəqin müxtəlif hissələrinə sistemsiz şəkildə səpələnib. Lakin bilirəm ki, xaosdan nizama keçidin yeganə yolu – düşüncədir. Üstəlik, nizamsızlığın gözəl bir tərəfi də var; o, elmi-yaradıcı təfəkkürə təkan verir, idrakı xaosun daxilində nizam axtarmağa sövq edir. Əslində, hər bir xaosun bətnində gizli bir qanunauyğunluq var, sadəcə onu tapmaq lazımdır.
Vərəqi diqqətlə nəzərdən keçirdikcə, yaradıcı təfəkkürüm bir esse ideyası üzərində dayanır. Görünür, öyrənmək və anlamaq naminə edilən hər bir qeyd nə vaxtsa mütləq işə yarayır; bəzən belə kağız parçaları yaddaşdan daha etibarlı mənəvi xəzinəyə çevrilir. Etibarı öz yerində, indi sınamaq istəyirəm: görəsən, bu pərakəndə qeydlər həm də bir tam təşkil edib, esse şəklində fikir daşıyıcısına çevrilə biləcəkmi?
Beləliklə, əvvəlcə qeydlərimə nəzər salıram:
1-ci qeyd: Ruhun təkamülü
Fridrix Nitşe. "Belə söylədi Zərdüşt". Ruhun üç çevrilməsi – insan düşüncəsinin, mənəviyyatının və azadlığının inkişaf mərhələlərini simvolizə edir. İnsanın Üstinsana (Übermensch) çevrilməsi üçün ruh üç ardıcıl mərhələdən keçməlidir: dəvə, şir və uşaq.
Birinci mərhələ: dəvə (yük daşımağa məhkum ruh). Ruhun bu ilk halı dözümlülük, itaət və fədakarlıq simvoludur. Ruh "Mən etməliyəm" – vəzifə öhdəliyi prinsipi ilə yaşayır. Cəmiyyətin, dinin, ənənələrin və əxlaq qanunlarının yüklərini sorğulamadan öz üzərinə götürür. Köhnə dəyərlərin ağırlığı altında əzilsə də, "yox" deyə bilmir. Mənası budur: insan bilik toplamaq, çətinliklərə sinə gərmək və özünü sınağa çəkmək üçün bu ağır yükləri daşımalıdır. Lakin bu mərhələdə o, hələ azad deyil, sadəcə, başqalarının yaratdığı dəyərlərin itaətkar daşıyıcısıdır.
İkinci mərhələ: Şir (üsyan və azadlıq rəmzi). Ruh bu mərhələdə inkar edir, mübarizə aparır, köhnə dəyərləri məhv edərək azadlıq qazanır. Onda hökmranlıq və hakimiyyət əzmi var – "Mən istəyirəm" prinsipi ilə hərəkət edir. Şir mərhələsi köhnə dəyərlərin, tabuların və daxili köləliyin rədd edilməsidir. O, "yox" deyərək keçmişi dağıdır. Lakin şir hələ yeni dəyərlər yarada bilmir; onun funksiyası yalnız yeni yaradıcılıq üçün azad, təmiz bir məkan (meydan) hazırlamaqdır.
Üçüncü mərhələ: Uşaq (yeni dəyərlər və yeni başlanğıc). Şir öz azadlığını qazandıqdan sonra sonuncu və ən ali mərhələyə – uşağa çevrilməlidir. Çünki şirin qəzəbi, nifrəti və dağıdıcılığı ilə yeni bir dünya qurmaq, nizam yaratmaq olmaz. Uşaq – məsumluqdur, unutmaqdır, yeni bir başlanğıc, oyun və sarsılmaz bir iradədir ("müqəddəs bəli"). Uşaq keçmişin yüklərindən tamamilə uzaqdır. O, həyatı bir oyun kimi qəbul edir və tamamilə azad şəkildə öz yeni dəyərlərini yaradır. Bu mərhələ insanın öz taleyinin tək yaradıcısına çevrildiyi, Üstinsanın doğulduğu andır: onu güclü edən nə varsa "bəli", zəif edən nə varsa "yox" deyir. Onu öldürməyən hər şey, onu daha da güclü edir.
2-ci qeyd: Riyazi estetika və sonun fəlsəfəsi
Vərəqin bir hissəsində həll edilmiş riyazi çalışma. Çalışmanın həlli həm estetik, həm də məntiqi bir məna daşıyır. Onun alqoritmi çox maraqlı və harmonik bir konstruksiyaya malikdir. Həll zamanı bir-birini əvəz edən məntiqi ardıcıllıq insana xüsusi bir intellektual-mənəvi zövq aşılayır.
Yəqin ki, riyaziyyatın fəlsəfi-estetik tərəflərindən biri də elə bu axtarış və gözləntidir. Sonda əldə edilən nəticə – insanın iradə və intellektual gücündən xəbər verir. Gözləntini doğuran isə insan təbiətindən gələn "sona canatma" ehtiyacı, hər şeyi tamamlamaq, nöqtə qoymaq tələbatıdır. Düzgün nəticə əldə etmək həm də əzmkarlığın, intellektual mənada "güclü olmaq" istəyinin təzahürüdür.
Bu çalışmanın həlli də müxtəlif məntiqi mərhələlərdən keçərək sona yaxınlaşır. (Məsələni sanki yenidən həll edirmiş kimi axıracan diqqətlə izləyirəm). Vərəqin küncündəki yekun cavab: Boş çoxluq: ∅.
Bu yerdə qeydlərin nizama salınmasını dayandırıb, elə bu nöqtədən yeni esseyə başlayıram.
Boş çoxluq və vərəq
(esse daxilində esse)
Məsələnin cavabı, yəni "boş çoxluq" nədənsə ilk olaraq diqqətimi qeydlər apardığım bu vərəqin özünə yönəldir. Bəri başdan deyim ki, fəlsəfi mənada boş çoxluq – mütləq heçlik (nihilizm) deyil; əksinə, o, sonsuz imkanlar göstəricisi olaraq daima varolma potensialına malik bir məkandır.
Riyaziyyatın ən fundamental qanunlarından birini xatırlayıram: Boş çoxluq istisnasız olaraq hər bir çoxluğun alt çoxluğudur. Görünməzdir, elementi yoxdur, amma kainatdakı bütün riyazi sistemlərin, bütün çoxluqların bətnində, lap dərində gizlənib. Bax, ağ vərəq də elədir. O, dünyadakı bütün yazılmış və yazılacaq mətnlərin - ədəbiyyatın, elmin və fəlsəfənin görünməz təməli, ilkin başlanğıcıdır.
Bu vərəq yazılmazdan əvvəl tərtəmiz idi və onun üzərində yaradıcılıq üçün istənilən qədər imkan, sonsuz sayda potensial mətn gizlənmişdi. Yəni üzərinə nə istəsən yaz – o, hər şeyi sorğusuz-sualsız daşıyacaq. Bu, vərəqin itaətkarlıq simvolu olan "dəvə" mərhələsidir.
Yazdıqca, fikirlər çarpışdıqca yazıların pozulmaq, inkara uğramaq ehtimalı da yaranır. Burada artıq inkarın, "müqəddəs yox"un – yəni "şir" mərhələsininin hökmü başlayır. Bu, fəlsəfi baxımdan çox gözəl və lazımlı mərhələdir, çünki yeni dəyərlər, yeni fikirlər üçün vərəqdə azad məkan hazırlayır.
Nəhayət, yazı yazılıb tamamlandıqda, vərəq öz bütövlüyünə qovuşur. Bu, yeni fəlsəfi dəyərlər yaradan "ușaq" mərhələsidir ki, kağız parçası öz ali missiyasını məhz burada tamamlayır.
Düşüncə, məna, məntiq və estetika daşıyıcısı olan bu vərəqi nədən məhz "boş çoxluq"la assosiasiya etdiyimi, doğrusu, dəqiq bilmirəm. Bəlkə də bu, bütün maddi olanlar kimi onun da faniliyindən, gec-tez yox olacağından xəbər verir. Amma nə yaxşı ki, mən onu ilk olaraq maddi bir nəsnə kimi deyil, yaradıcı potensialın – idraka xas olan və daima yaşayacaq məna, məntiq və gözəlliyin daşıyıcısı kimi xarakterizə etdim; maddi olanlara xas o soyuq, sonuncu frazanı işlətmədim.
İdrakınız işıqlı olsun!
P.S. Çox fikirləşdim və esseni vərəq üzərində ruhun bir neçə mərhələsindən keçərək elm, fəlsəfə və ədəbiyyatın sintezində yaratdığım sistemə (Ədəbi suprematizm) uyğun belə bir poetik mətinlə tamamlamaq qərarına gəldim:
Çap qurğusu
Bir-bir udur ağ vərəqləri,
bir-bir qaytarır geri.
Vərəqlər həmin vərəqdir – indi
üstündə yazılar və təsvirlər.
Silsən də vərəqdən təsvirləri,
yenə də izi qalar.
Keçilən hər bir yolda
zamandan bir az qalar.
Bəzən ilişər vərəqlər:
ya vərəqdə bir naqislik var,
ya da qurğuda.
İlişən vərəqlər əzilər, cırılar...
bir işə yaramaz, atılar qutuya –
üstündə anlaşılmaz, yarımçıq təsvirlər.
Yarımçıq hər şeydə
bir çatışmazlıq var.
Ayrıca baxsan,
insana elə gələr
bu qurğu
öz-özünə işləyir.
Amma
qurğuya verilən bir komanda var:
komanda gələr başqa qurğudan.
O qurğunu da düzəldən
zəka var,
o zəkanı da yaradan ali bir zəka...
Hər yaranışın
təsviri cızılar idrakda əvvəlcə –
bu yerdə köməyə yetişər fəlsəfə.
Hər yaranışın
təsviri cızılar əvvəlcə,
eynən vərəqə köçən təsvirlər kimi:
"vərəqlə birgə atılıb, atılmasa da".
...
Və birdən ağlıma bir fikir gəlir:
hər yazılan vərəq, deyəsən,
gec-tez atılır, formasını dəyişib yox olur,
bir işə yarayıb-yaramasa da...
… - 24.09.2026


Bakı -°C
