adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

RASİM MÜZƏFFƏRLİYƏ BİR NEÇƏ KƏLMƏ - Aqil ABBAS yazır

AQİL ABBAS
958 | 2023-02-16 17:10

Bəy, əvvəla biz tərəfin əhvalını xəbər almaq istəsən əhvalımız elə siz tərəfin əhvalı kimidi. Ömrümüzün yarıdan çoxunu yaşamamışıq. Füzuli necə deyir:

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

Elə bil şah babamız bu şeiri bizim üçün yazıb, bu xalq üçün yazıb, bizi bir az daha çox tutur. Niyə? Çünki taleyimizə qaçqınlıq da düşüb. Evimizi-eşiyimizi yandırıblar, doğulduğumuz torpaqları 30 il işğalda saxlayıblar, ata-babalarımızın yatdığı qəbiristanlığı dağıdıb yerində taxıl əkiblər. Qohumlarımızın, dostlarımızın, məktəb yoldaşlarımızın çoxunu şəhid ediblər. Əslində biz də ölü kimi bir şeyik. Buna yaşamaq deməzlər. Türk şairi necə deyir:

Ben də yaşıyorum,

əgər buna yaşamak dersənsə…

Düzdür, sən mənim kimi qaçqın deyilsən, Bakıda doğulmusan. Amma nəslin-nəcabətin qaçqındı. Sənin vətənin Füzuli də mənim Ağdamım kimi darmadağın olub. Qardaşın Nazim İmanovla birgə gəzmişik darmadağın olmuş Füzulini. Onu da bilirəm ki, rəhmətlik atanız Müzəffər müəllim başda olmaqla sən də, Nazim də qaçqınların ümid yeri olmusunuz. Ümid yerinin nə qədər ağrılı-acılı olduğunu yaxşı bilirəm. Səninlə şəxsən tanışlığım yoxdur, amma mənə elə gəlir ki, yüz ildir tanıyıram səni, Nazim müəllimi də min ildi. Onunla haqq-salamım var, azadlıq hərəkatından tanıyıram və bir də məndə ona qarşı sevgi Nazim müəllimdə güclü yumor hissi olmasıdır. Möhtərəm Prezident İlham Əliyev Füzuli şəhərində təməlqoyma mərasimini keçirəndə, füzulililərə şəhərin baş planını təqdim edəndə həmin tədbirdə Nazim müəllimlə mən də iştirak edirdim. Nazim müəllim gözəl bir çıxış elədi və yenə yumorundan qalmadı.

Rəhmətlik Müzəffər müəllimlə də tanış idim. Düzdür, o başqaları kimi nəşriyyatın çayxanasına gəlmirdi, amma biz «Sovet kəndi» qəzetinin redaksiyasında fasilədə şahmat oynayanda Şövqü müəllimlə gəlib baxardı və bir qarabağlı kimi də mənim tərəfimi tutardı. Biz cavanlar onun söhbətlərindən doymazdıq, məsləhətlərinə də əməl edərdim. Qarabağda Müzəffər müəllim kimi kişilərə saytal kişilər deyirlər. Elə ona görə də saytal kişinin sizin kimi saytal oğulları olub.

Gələk mətləbə. «Çay qırağında bitib, susuz qalan ağaclar» povestini xeyli əvvəl yazmışdım, amma çapını ləngidirdim. Bəzən fikirləşirsən ki, niyə yazırsan, onsuz da oxuyan yoxdu. Amma indi fikirləşdim ki, qalan sağlar bizimdi. Bugünki nəsil oxumasa da gələcək nəsillər oxuyar və Qarabağın dadını-duzunu hiss edər.

Mənim ən çox qorxduğum bilirsiniz nədi? Ağdam, ya Füzuli, ya Kəlbəcər və sairə əvvəlkindən də gözəl tikiləcək, amma bizim gördüyümüz, tanıdığımız ağdamlılar, füzulililər, kəlbəcərlilər bəlkə əlli ildən sonra yetişər. Ona görə məhz Qarabağdan, Qarabağın laydivar oğlanlarından, saytal kişilərindən, duzundan, şəkərindən yazıram ki, bu laydivarlılıq, bu saytallıq, bu duz-şəkər gələcəkdə Qarabağda yaşayan insanların ruhuna hopsun.

Sənin povestlə bağlı şərhlərini oxuyanda ürəyimə yeni bir təpər gəldi, dedim, yox ey, bunu tamamlamalıyam. Elə birinci şərhindən sonra belə qərara gəldim ki, ən azı Rasim Müzəffərlinin xətrinə bunun qalan hissəsini də tamamlayım və dərc edim. Bu qəzet variantıdı. İnşallah, kitab variantı bundan da maraqlı olacaq. Sənlə rəhmətlik Çingiz Mustafayevi salmışdım povestə, bir az da sataşmışdım. Qəzet variantında çıxartdım, inşallah, kitab variantında oxuyarsan.

Rasim müəllim, mənim ilk oxucum xanımımdı. Uzun zaman da məni yazıçı kimi qəbul etmirdi. Məmməd Araz kimi bir dahinin, bir istedadın yanında məni görmürdü. Və təbii ki, haqlı idi. Amma «Dolu» romanını oxuyandan sonra dedi ki, sən yazıçısan, yəni məni yazıçı kimi qəbul etdi. Romanın adını da o qoydu. Mən romanın adını Pələngin ölümünü fikirləşib «Dünyanın ən gözəl ölüsü» qoymuşdum. Dedi ki, bu adda Markesin povesti var, oğurluqdu. Və əsərin adını «Dolu» qoydu.

Bir dəfə də «Qar üstündə qan çiçəyi» adlı bir povestimi oxuyub dedi ki, sən bunu yazıçı kimi yazmamısan, bir türk millətçisi kimi yazmısan, sonunu dəyiş, hadisələrə yazıçı kimi bax. Mən də ağzım nədi komandirin sözündən çıxam, sonunu dəyişdim və povest daha maraqlı oldu, daha insani oldu.

Rasim müəllim, şərhlərdə yazırsan ki, Şakirin sonrakı taleyindən nigaransan. Elə xanımım da belə dedi, mən sonunu ayrı cür bitirmişdim, razı olmadı. Dedi insanların ümidini qırma. Nə isə, fikrimi toparlaya bilmədiyimə görə, məktubu uzun yazdım. Povestin ardını bu şənbə saytda oxuyarsan. Amma sözün düzü, Şakirin sonrakı taleyindən mən də nigaranam.

Sənə «sən» deyə müraciət etdiyimə görə məni bağışlayarsan. «Siz» sözündən xoşum gəlmir, adamı bir az yadlaşdırır. Səni və Nazim müəllimi özümə çox doğma bilirəm.

İnşallah, bir yerdə həm Ağdama, həm də Füzuliyə ziyarətə gedərik.

TƏQVİM / ARXİV