adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

POZDU VƏ ALI BƏYİNKİNİ QAZANDI - Aqil ABBAS yazır

AQİL ABBAS
4499 | 2024-03-06 15:48

İşdən yorğun-arğın və dilxor çıxdı. Ona görə yorğun-arğın deyildi ki, çox işləmişdi, onu yorğun-arğın eləyən bu gün də maaşın gecikməsi idi. Deyirdilər ki, Maliyyə Nazirliyi hələ büdcəni açmayıb, ona görə bəlkə heç bu həftə maaş olmadı.

Evdən çıxanda da arvad demişdi ki, axşam gələndə kartof-soğan, bir də uşağa süd alarsan. Bütün günü işdə də beynindən kartof-soğan, süd çıxmırdı. Yadına Qorkinin bir kəlamı düşdü: «Əgər axşam evə gedəndə süd almalısansa və pulun yoxdursa, bütün günü beynin qalacaq südün yanında və heç nə yaza bilməyəcəksən».

İndi onun beyni təkcə südün yanında qalmamışdı, həm də kartof-soğanın yanında qalmışdı, ona görə heç nə yaza bilməmişdi.

Cibini eşələdi, süd alsa kartof-soğan ala bilməyəcəkdi, kartof-soğan alsa süd. Fikirli-fikirli, sallana-sallana avtobus dayanacağına doğru gedirdi. Baxdı gördü ki, bir köşkün qabağına xeyli adam yığılıb, basabasdı. Maraq güc gəldi. Yaxınlaşdı görsün nə məsələdi. İrəli dürtülmək istədi, itələdilər ki, növbəyə dur. Guya növbə vardı. Nəhayət, qabağa soxula bildi. Gördü ki, lotereya satırlar. Alanların arasında belə söhbət gedir:

- Deyirlər dünən bir nəfər yüz min udub.

- Bizim məhlədə də bir adam əlli min udub.

Və adamlar lotereyanı alırlar, pozurlar, sonra da içindən heç nə çıxmadığını görüb ayaq altına atırlar. Yer zibilxanaya dönüb.

Arxadan da itələyirdilər ki, alırsan al, almırsan cəhənnəm ol çıx sıradan.

Day əziyyət çəkib girmişdi basabasa, dedi, bir bəxtimi sınayım.

Keçmişdə də belə lotereyalar vardı, amma onu pozmurdun, kənarlarını kəsib atırdın içindən bir kağız çıxardı və udduğun ora yazılardı, əgər uda bilsəydin.

Nə isə, dedi Allah Kərimdi, kartof-soğanın, ya da südün pulunu çıxarıb verdi və bir lotereya aldı, basabasdan çıxdı. Amma pozmadı. Lotereya əlində girdi avtobusa. Yadından çıxmışdı maskanı da taxmamışdı. Gördü avtobusdakılar ona birtəhər baxır, başa düşdü, tez çıxarıb maskasını taxdı. Bir yer tapıb oturdu, lotereya biletini böyük bir ümidlə yenə də əlində tutmuşdu. Xəbəri yox idi ki, bu ümid onun üzünə işıq salıb.

Yanında oturan onun əlində lotereya biletinə baxıb sonra üzündəki işığı görüb soruşdu:

- Qardaş, deyəsən udmusan?

Özündən asılı olmayaraq başıylə işarə elədi ki, hə.

Yanında oturan:

- Bərəkətli olsun.

- Sağ ol.

Fikirləşdi ki, 100 min udsa yaman olar – bir ev alar, canı kirayə qalmaqdan qurtarar. Bir dənə də maşın alar taksi kimi istifadə edər, heç olmasa hər axşam evə əlidolu gedər. Onsuz da nə qəzetçilikdən, nə də yazıçılıqdan bir şey qazana bilmir. Beynində 100 minin xəyallarını qururdu. İlahi, evdə arvad-uşaq necə sevinəcək, dost-tanış təbrikə gələcək, qohum-əqrəbanın içində paxıllığını çəkən, bəxtəvər gətirənlər də olacaq.

Bilet hələ də əlində idi.

Yanında oturan:

- Qardaş, salıb itirərsən. Qoy cibinə, özün də muğayat ol, indi cibgirlər doludu.

Bileti qoydu qoltuq cibinə, ürəyinin üstünə, əlini də qoydu sinəsinə.

Yenə məbləğ beynində fırlanırdı: 100 min çox olar, gözügöyərmiş olma, elə 50 min də bəsdi. Və başladı 50 minin xəyallarını qurmağa. Bu xəyallarla avtobusdan məhlədə düşdü və getdi evə tərəf. Evə yaxınlaşdıqca yenə beynində məbləği götür-qoy edirdi ki, əşi, 50 min də çoxdu, Allah 10 minə bərəkət versin. Borcun-xərcin verər, uşaqlara da əyin-baş alar, qalanına da üç-dörd ay birtəhər dolanar, üç-dörd aydan sonra da Allaha pənahdı.

Nəhayət, çatdı evə. Hələ üzündə işıq sönməmişdi.

Arvadın birinci sözü bu oldu:

- Ay kişi, uşağa süd almısan?

- Yox, arvad, lotereya almışam. Deyirlər yüz min pul udmaq olur.

- Allah sənə ağıl versin, gözlə, birdən iki yüz min olar.

- Nəhs-nəhs danışma, sən bir çay düzəlt içim, sonra rahat pozum.

Arvad gedib çay gətirdi. Udmuş adamlar kimi çayı ləzzətlə içdi, sonra pozdu. Gözlərinə inanmadı. Baxdı, baxdı və durdu başladı oynamağa. Arvad-uşaq təəccüblə baxırdı.

- Ay kişi, uddun?

- Hə, arvad, uddum.

Pozduğu yerdən bir şəkil çıxmışdı, baş barmaq iki barmağın arasından elə qəşəng uzanıb çıxmışdı ki!..

TƏQVİM / ARXİV