
İki yüz ildən çoxdur Azərbaycanın axan qan izini Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev kəsdi və Azərbaycanın qanlı-qadalı günlərini birdəfəlik arxada qoydu. Darmadağın olmuş, xarabalığa çevrilmiş Qarabağa yeni həyat, ruh verdi. İndi sevincdən Qarabağın daşları da çiçəkləyib.
Srağagün, yəni mayın 10-da Ağdamdaydıq. Çöl, çəmən hamısı qıpqırmızı lalələrlə xonça toxumuşdu. Mənə elə gəldi ki, şəhidlərin qanları lalə kimi çiçəkləyib.
Ağdama tez-tez, bəzən ayda iki-üç dəfə gedirəm. Amma bu dəfəki səfər tamamilə fərqli idi. Bu səfər tarixi bir günə düşmüşdü.
Muğamın beşiyi olan Ağdam şəhərində möhtəşəm Muğam Mərkəzinin açılışıydı. Muğam ustalarının göstərdiyi məharət və şəhərdə ucalan muğam səsi bütün dünyaya yayıldı.
Yadınızdadırsa, Paşinyanın arvadı Anna televizorda yekə-yekə demişdi ki, Mehriban xanım muğama qulaq asmaq istəyirsə dəvət edərik, gəlib Qarabağda qulaq asar.
Artıq beşinci ildir ki, Mehriban xanım Əliyeva Qarabağda muğama qulaq asır, bəs, sən hardasan Anna, əlinə avtomat götürmüşdün, necə oldu avtomat?
4-cü sinif şagirdinin oxuduğu muğam, vurduğu zəngulələr Möhtərəm Prezidenti, eləcə də Mehriban xanımı kövrəltdi. Yəqin sən də bu səsi eşidib hirsindən-hikkəndən ağlamısan.
Bu ona görə tarixi bir gün idi ki, Möhtərəm Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin doğum gününü yenidən tikdiyi, 100-150 minlik şəhərə çevriləcək Ağdamda keçirtdi. Camaatla görüşdü, camaatı dinlədi, o balaca körpələri qucaqlayıb öpdü. Sevincini bütün ağdamlılarla bölüşdü. Ağdamlılar da öz sevinclərini Möhtərəm Prezident İlham Əliyevlə və Mehriban xanımla bölüşdü. Və ağdamlılar böyük bir fəxarət hissi keçirtdilər.
Allah qan izini kəsən İlham Əliyevi qorusun!
Allah muğamı və mədəniyyətimizi ölməyə qoymayan Mehriban xanımı qorusun!
Allah Azərbaycanımızı qorusun!