adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Qələm adamları teatra gedirmi?

17784 | 2012-09-28 00:20
Artıq teatr mövsümünə start verilib. Teatrlar yeni tamaşalarla tamaşaçıların görüşünə gəlir. Amma Azərbaycan insanı teatrı sevirmi? Azərbaycan ziyalısı teatra gedirmi? Bu sual şəxsən məni çox düşündürdüyü üçün, belə bir sualla qələm əhlinə, gənc qələm adamlarına müraciət etdim.
   
   Gənc şairə Rəbiqə Nazimqızı tez-tez teatra gedən və zövqlü tamaşaçıdır: "Sonuncu dəfə şənbə günü Pantomima Teatrında olmuşam. Bəxtiyar Xanızadənin "No commnet" tamaşasına baxmışam, xoşuma gəlib deyə, bu barədə yazmışam da. Mütəmadi teatrlara gedirəm və bəyənəndə nəsə yazıram - bu, mənim qarşıma öhdəlik kimi qoyulmayıb.
   
   Bizim teatrlar içərisində mənə ən yaxını "YUĞ"dur, orada pyesi mətn kimi təqdim etmirlər, rejissor da, aktyorlar da ora özlərini əlavə edirlər. Düşünmək üçün situasiya təklif edirlər. Pantomima Teatrı da üslubuma yaxındır. Ümumiyyətlə, böyük səhnələri sevmirəm. Ümumlikdə Azərbaycan teatrına gəlincə, bizdə yaxşı rejissor və yaxşı aktyorlar var. Yeganə problem dramaturji materialla bağlıdır."
   
   Gənc jurnalist Oral Mədənçi uzun müddətdir teatra getməyən qələm adamlarındandır: "Sonuncu dəfə teatıra 11-ci sinfdə oxuyanda getmişəm. Amma teatrların reperturarına həmişə nəzər yetirirəm. Mənim fikrimcə Azərbaycan teatrlarında yenilik yoxdu. İstər aktior heyəti, istərsə də repertuar baxımından elə tamaşalar var ki, bu günümüzlə səsləşmir. Onlar 20-30 il bundan əvvəl daha aktual idi. Hesab edirəm ki, hökumət teatr binalarını müasir standartlara uygun yeniləməklə bərabər, həmin teatrlara rəhbərlik edən köhnə beyinli insanları da yeniləməlidir. Bunu tam söyləmək olar ki, Azərbaycan teatrı istər region, istərsə də dünyanın teatr inkişafından çox geridə qalıb. Bu da ölkəmizdə teatra olan marağı "0"a endirib."
   
   Gənc yazar Şəbnəm Karslı teatra sonuncu dəfə keçən sezon gedib: "Sonuncu dəfə keçən sezonun sonlarında Opera Balet Teatrında "Leyli və Məcnun"a getmişəm. Məqsəd Türkiyəli qonaqları mədəniyyətimizlə tanış etmək olub. Özüm isə Pantamimo teatrının tamaşalarını daha çox sevir və repertuarlarında pıan bütün tamaşaların izləmişəm. Professional yanaşa bilməyəcəm, mən sadəcə tamaşaçıyam. aktyor və aktrisalarımızdan razı qalıram adətən, lakin ölkədə ssenari problemi qabarıqdır. Bir də ki, 50 yaşlarında olan insanların Leyli və Məcnun rollarını oynaması və digər tamaşalarda olan yaş uyğunsuzluğu "gözümə batır". Bir də qeyd edim ki, teletamaşaların çəkilişini arzu edərdim. Bu da tamaşaçıların teatrlara marağını artıra bilərdi. Sovet illərində tez-tez istifadə olunurdu."
   
   Naxçıvan MR-da yaşayan şair Elxan Yurdoğlu Naxçıvanda teatra qayğı və diqqətin olduğundan məmnundur: "Sonuncu dəfə 3 gün əvvəl Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nazim Hikmətin "Kəllə" faciəsinin tamaşasına baxmışam. Ümumiyyətlə isə Naxçıvanda yaşadığım üçün burda istər Dram teatrın, istər Dövlət Uşaq Teatrının, istərsə də Kukla Teatrının bütün tamaşalarını qaçırmıram. Azərbaycan teatrları haqqında danışmağım mənim üçün çətin olardı amma Naxçıvanda Teata yüksək diqqət və qayğı var. Binalarının yüksək səviyyədə təmiri və hər cür avadanlıqla təmin olunmasından tutmuş aktyorların iş və mənzil şəraitinin yaxşılaşdırılmasına kimi. Buna görə də burada Naxçıvanda teatr maraqlı əsərlər hazırlayır, amma təəssüf ki, hər yerdə olduğu kimi burda da tamaşaçı problemi var. Bu da artıq ölkəmizin çox yerində qarşılaşdığımız mənzərədər. Mən ümumiyyətlə teatr salonlarının ağzına kimi dolmasının da tərəfdarı deyiləm. Teatrın öz tamaşaçısı var və o sadiq tamaşaçılar da həmişə zalda öz yerlərini həmişə alıblar.
   
   Gənc yazar və rəssam Fərhad Yalquzağın teatra sonuncu gedişi keçən ilə təsadüf edi: "Sonuncu dəfə keçən il Opera və Balet teatrında "Arşın mal alan" opera tamaşasına baxmışam. Zövqlü bir tamaşaydı, ancaq bəzi nüanslar tamaşadan tam anlamında zövq almağa imkan vermirdi. Bu nüanslar bizim tamaşaçının mentaliteti və mədəniyyəti ilə bağlı məsələlərdi. Mədəni tamaşaçı hər hansı tamaşaya gündəlik məişət və başqa ayğılarından uzaqlaşmaq, uyqar olaraq dincəlmək üçün gedir və məntiqidir ki, o, tamaşa zalına girəndə telefonunu söndürür. Beləliklə, o, həm özü rahat tamaşaya baxır, həm də başqalarının diqqətini tamaşadan və aldığı zövqdən yayındırmır. Mən baxdığım tamaşada təəssüf ki, bu aksiomanı dərk və qəbul etməyənlər həddindən artıq çox idi və bu da təəssüratların keyfiyyətinə öz etkisini göstərmiş oldu. Bəzi tamaşaçılar unudub telefonlarını söndürmədikləri üçün zəng çalınan kimi telefonlarını söndürsələr də, bir çoxları tamaşa gedən zaman sakit zalda qışqıra-qışqıra danışmağı normal bir hal hesab edərək davamlı zənglərin gəlməsinə və tamaşaçıların narazılıqlarına baxmayaraq telefonlarını yenə də söndürmürdülər. Bundan başqa, qarşımda oturan bir qrup qız bütün tamaşa boyu xısınlaşıb gülüşür, tamaşaya qətiyyən baxmırdılar. İradımı bildirdikdə isə təəccüblə mənə baxıb pıqqıldaşdılar. Uzun sözün qısası, bütün bu amillər məndə tamaşaya getmək həvəsini artıq öldürüb və maraqlı tamaşaların səhnəyə qoyulmasına baxmayaraq artıq teatra-filan getmirəm. O ki qaldı Azərbaycanda teatrın səviyyəsinə, məncə durum katostrofik dərəcədə pis deyil, aktyorlar az maaş almaqlarına baxmayaraq tamaşalarda peşəkarlıqlarını ortaya qoymağa çalışırlar.
   
   Ancaq düşündükcə heyfsilənirəm... Daha səhnəmizdə Yaşar Nuri, Hacıbaba Bağırov, Fəxrəddin Manafov, Siyavuş Aslan, Nəsibə Zeynalova, Səməndər Rzayev kimi aktyorlar peyda olmur."
   
   

TƏQVİM / ARXİV