adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Günel Mövludun zeirləri haqqında iki yazı

18851 | 2012-11-06 00:44
"Bu dünyada bir qramlıq adrenalin-zad qalmayıb. Heç nəyə təəccüblənmək, heç nədən sarsılmaq, şoka düşmək mümkün deyil. Yaşımızın belə gənc, şair qəlbimizin belə kövrək vaxtında nələr görmədik, nələr eşitmədik, İlahi!"
   
   Yuxarıdakı cümlələr şairə Günel Mövludun bir köşəsindən seçilib. Günel haqqında yazacağım yazıya bu girişi təsadüfi seçməmişəm. Bəlkə də yazıya heç dəxli yoxdur, sırf mənim özümlə bağlıdır. Hər haldag2010-cu ilin mart ayına qədər Günelin köşələri diqqətimi çox cəlb etdiyindən onun şeirləri ilə demək olar ki, maraqlanmırdım. Şairə olduğunu, azadfikirli, səmimi yazdığından xəbərim vardı. Oxumuşdum bir-iki şeirini. Günelin "Qaranlıq və İkimiz" adlı ilk kitabını təxminən 2006-cı ildə R.Qaraca vermişdi mənə. Bu nazik kitabı axıracan oxumaq fikrini başımdan qovub kitabı xanım dostlarımdan birinə hədiyyə eləmişdim. İndiki kimi yadımdadır, kitabın ilk səhifəsinə yazmışdım: "Əzizim, mənim oxumağa hövsələm çatmadı, ancaq sən oxu. Məncə qadın qadını daha yaxşı anlaya bilər".
   
   Beləcə şairə Günelin poeziyasıyla əlaqələrim qırılmışdı, Günelin publisist yazılarını isə oxuyurdum. Ona görə yox ki, onun hər yazdığını bəyənirdim, sadəcə cəsarətinə, səmimiyyətinə görə bu qızın yazdıqları diqqətimi çəkirdi. Bir az mühafizəkar fikirlərim, bir az da ədəbi mühitlə əlaqələrimin az olması nədəniylə yaşıdlarımın yaradıcılığını çox az oxuyur, bəzilərini isə demək olar ki, bəyənmirdim. Günelin də bəzi hallarda əndazədən çıxması məni kədərləndirirdi. İstedadlı, zəhmətkeş və səmimi bir qələm adamının bəlirli sərhədləri belə aşması məni təəssüfləndirirdi. Nə isə, konu bu olmadığı üçün mətləbi çox uzatmaq istəmirəm. Ola bilsin ki, ədəbi gəncliyin yaşadığı sorunlarla bağlı qocalmaq imkanım olsa o zaman bir şeylər yazdım. Hələlik isə Güneldən-şairə Günel Mövluddan yazmaq istəyirəm.
   
   2009-cu il martın əvvəllərində tanış olduq Günel Mövludla. Günelin "mənim maraqlı tapıntım" adlandırdığı Səda da vardı bu görüşdə. Qısa, lakin maraqlı bir görüş oldu. Onda mən hələ Gəncədə çıxış yollarını arayaraq günümü aylıq bir əyalət qəzetinə rəhbərlik etməklə, hər gün sevdalanaraq aşiq olmaqla keçirirdim. Günelin qəfildən Bakı mühitindən ayrılıb Gəncəyə gəlməsi məni düşündürdü. Çox sonradan anladım ki, yaşadığın yerdən, öyrəşdiyin yerdən ayrılmaq, uzaqlaşmaq yaradıcı adam üçün faydalıymış. Qısa görüşümüzdə mən Günel Mövludla çox söhbət etməyə can atsam da, o çox az danışdı. Sonradan isə heç görüşmədik. "İntihar silsiləsini" oxuduqdan sonra mən hər dəfə zəng edəndə Günel "havalar isinsin, gələcəyəm" -deyə vəd versə də görüşə bilmədik. Deyəsən, Günelgil tərəfdə havalar heç isinmirdi.
   
   Təsəvvür edin ki, təbiətin oyandığı mart ayında, aşiq olduğum və qarmaqarışıq hisslərin içində çabaladığım bir zamanda Günelin "İntihar silsiləsini" oxudum.
   
   
   
   Kədərlə doğrayacam,
   
   Şair damarlarımı,
   
   Otaqdakı ac pişik
   
   Yalayacaq qanımı.
   
   
   
   İntihar haqqında düşünürdüm, ancaq yazmırdım. Günelin bu şeiri məni ani olaraq silkələdi. Həmin axşam işdən çıxıb evə gedərkən küçədə, zibil qablarının yanında vurnuxan ac pişikləri görəndə ürpəndim. Yanlış düşüncədə olduğumu anladım. Əgər o zaman bu şeir olmasaydı, yəqin ki, intihar haqqında xeyli düşünəcəkdim. Dostlar və Günelin şeiri məni silkələdi. Beləcə Günelin şeir yaradıcılığını başdan sona oxumaq ehtiyacı yarandı içimdə. Anladım ki, ümidi həmişə ən ümidsiz adamlardan alan mən, "İntihar silsiləsi" yazan Günelin şeirlərini oxumaq zorundayam.
   
   Bir də, şəxsiyyət çox önəmlidir. Haqqında tənqidi düşündüyüm, bəyənmədiyim Günelin səmimiliyi də az rol oynamadı bu mütaliə həvəsində.
   
   Bəlkə 10 dəfəyə yaxın oxumuşam "İntihar silsiləsini"... Ola bilsin ki, ədəbi baxımdan zəif, dil cəhətdən qüsurlu olan bu şeirlər bəzi oxucuların diqqətindən yayına. Qarmaqarışıq düşüncələrin içində əziyyət çəkərkən ilk ağlıma gələn intihar olduğu halda bu şeirlərdən sonra yaşamağı daha çox sevdim. Günelin "Gülümsəyən işarə" adlı şeiri haqqında da eyni şeyləri demək mümkündü. Günelin bu qədər maraqlı fikirləri bir az məzəli formada çatdırmağına baxmayaraq, şeirdə tutumlu, doyumlu fikirlər insanı düşündürür.
   
   İçi böyük adamların
   
   Gen dünyada bir yeri yox.
   
   Bizim böyük şəhərlərin
   
   İntiharlıq sahili yox.
   
   Elə, bu şeiri oxuyanda təəccüblənə bilmişdim. Həyəcanlanmışdım. "İlahi bunu mən də düşünürdüm", -deyib bir siqaret yandırmışdım, "Əhsən Günel!" demişdim. Dünyada adrenalini artırmağın yollarından biri də ekstrimal yaşamdır. Günelin "İntihar silsiləsindən" sonra ekstrim yaşamağa, ən adi şeyləri belə dəhşətli dərəcədə ekstrimə çevirməyə başladım. Kifayət qədər adrenalin bulmuşdum.
   
   hər gün daha çox
   
   hər gün daha çox iştahla baxırsan damarlarına
   
   hər gün daha çox uzaqlaşırsan insanlardan.
   
   Bax bunu da yaşamışdım. Hərdən damarlarımda əcaib qıcıqlanma başlayırdı. Son damlasına qədər başıma çəkdiyim araq şüşəsini daşa çırpıb qıranda və bir də kişi salonunda ülgücə gözüm sataşanda ani olaraq əllərim əsir, boğazım quruyurdu. Bir də zibillikdə veyillənəndən sonra kirayə qaldığım məhləyə "hücum" edən pişiklər əsəbləşdirirdi məni. Getdikcə daha çox soyuyurdum insanlardan, getdikcə daha çox təklik istəyirdim. Sonra da Günelin şeirləri...
   
   Oxudum. İlk olaraq intihar fikrindən daşındım. Sonar sevməyə başladım. İndi adrenalin vardı. Borcları verə bilməmək qorxusu, sevdiyim insanı itirmək təhlükəsi, övladımın nurlu çöhrəsi üçün dəlicəsinə darıxmağım, ondan əbədi ayrıla biləcəyimin qorxusu gecələr qanımda adrenalini son həddə çatdıra bilirdi. Bu əsil adrenalin idi.
   
   Yanlış yanaşmalar və kədərli sonluqlar
   
   Günel Mövludun şeirlərindən bol-bol adrenalin aldıqdan sonra düşündüm ki, zərif şairin şeirlərinə hökmən öz tənqidi fikirlərimi də bildirməliyəm. Bir də axı ilk yazı Cəlil adlı bir oxucunun münasibəti idi. İndi isə konkret faktlar əsasında fikirlərimi əlahəzrət oxucularla bölüşmək istəyindəyəm.
   
   Tam məsuliyyətlə demək olar ki, Günel istedad sahibidir. Ancaq o öz incə istedadını hara gəldi, necə gəldi xərcləyir. Müsahibədən reportaja, tərcümədən köşə yazısına qədər hər yerdə Günelin imzası var. Bir az kobud desək, Günelin şeiri publisistikada əriyir. Hər yazdığı yazıda şair Günel Mövlud tükənir. Deməli, şair Günelin publisist Günelə uduzması hiss olunur.
   
   Mən ənənəvi tənqidçilər kimi Günelin şeir kitabını qabağıma qoyub eninə-uzununa döşəməyəcəm. Sadəcə yaddaşımda ilişib qalan misralar üzərində gəzişmə edəcəm.
   
   Günelin ən maraqlı və ən sevdiyim şeirləri təsir altında yazılıb. Günelin şeirlərinə bənzəyən yüzlərlə şeir oxumuşam. Ahmet Kayada, Yusif Hayaloğlunda, Vaqif Səmədoğlunda, hətta Aqşində də bu cür, bu fikirli şeirlər var. Təsir hiss olunan şeirlərində sevdiyim misralar yox deyil. Hətta bəzən Günel daha ciddi fikirlərlə uğur qazanır.
   
   Güneldə bəzən bütöv bir nəsr əsərinin ötəri təsiri də yan keçmir. Məsələn, "Ata, çıx get" şeirində Ə.Əylislinin "Kür qırağının meşələri" əsərinin qəhrəmanı Qədirin başına gələnləri nəzmə çəkilmiş kimi hiss edirəm. "Çıx get" Qədirə də ünvanlanan ifadədir. Ümumiyyətlə, Günel haqqında "təsirlə yazır" ifadəsi yerinə tam oturmur. Çünki təsiri bəzən tutmaq çox çətindir. Ancaq alt şüurunda ilişib qalan bir-iki misraya istinad etdikdə görürsən ki, təsir az da olsa hiss olunur. "Axşamçağına cavab" şeirində ikili təsir var. Aqşin Vaqif Səmədoğlunun onlarca bu qəbildən olan eyni üslublu şeirlərindən, Günel isə hər ikisindən təsirlənib.
   
   Hər halda bir-bir şeirləri xatırlayıb təsirləri xırdalamaq fikrindən uzağam. Yalnız yadımda qalan və məni məşğul edən şeirlərdən danışacağam. Məsələn:
   
   Bir az əvvəl
   
   Qalib bir ordu əskərinin
   
   Məmnun yorğunluğu
   
   vardı bədənimdə
   
   İndi
   
   Məğlubiyyət türküsü oxuyuram
   
   Asta səslə
   
   İndi ona demək istədiklərimi sənə
   
   Deyə bilirəmg
   
   Günay,
   
   Mən onu daha çox sevdikcə
   
   Daha çox susmaq istəyirəm
   
   Günel bu şeirlərlə, səmimi deyimi ilə insanı elə cazibəyə salır ki, hətta peşəkar oxucu belə susmağa üstünlük verir. Sussammı? Xeyr. Günelin məhz bu silsilədən olan şeirlərində müasir türk şeirinin təsiri hiss olunur. Yüzlərlə şeir, yüzlərlə bənzər misra beynimdən keçir. Bir məqam isə çox maraqlıdır. Forma etibarı ilə Günelin şeirləri təsirləndiyi şeirlərdən daha ciddi təsir bağışlayır. Türkiyənin solçu şairlərindən təsirlənsə də, hətta alt qatında solçuluq, inqilabilik olsa belə Günel fərqlənməyə çalışır.
   
   Günel haqqında yazını çox uzatmaq istəməzdim. Yazacaqlarımın yarısını burda saxlayıram. İntihar əlamətli, qanqoxulu şeirlərdən yazdıqca hər şeyin sonluğunun bu cür kədərli olması məni düşündürür. İddiayla, sevgiylə, həvəslə ədəbiyyata gələn bir çox yaşıdlarım kimi Günelin də sonluğu kədərlidir. Elə məhz kitabın sonundakı "İntihar silsiləsi" Günelin şair kimi yorğunluğunu, sarsıldığını bildirir. Bu günün ideologiyası, yanlış təfəkkürü insanlara, xüsusən yaradıcı insanlara çox pis təsir edir. Günel bu ideolojinin içərisində, bu sistemin içərisində yanlışlarla və yanlışlıqla əriyir. Yaradıcılıq, xüsusilə şeir yanlışlığı sevmir.
   
   Günel ədəbiyyatı, sözü bilən, duyan qələm adamıdır. Təəssüf ki, yanlış yanaşmalar, yanlış təsəvvürlər Günelin yaradıcı adam kimi sonluğunu sürətləndirir. Hər halda istedadına böyük hörmət etdiyim Günelin tükənməyini istəməzdim. Yazmaq istədiyimin çoxunu yaza bilmədim. Yəqin ki, bu mövzuya daha fərqli şəkildə nə vaxtsa yenidən qayıdacağam.

TƏQVİM / ARXİV