adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Biz bütün bu mərhələləri, içimizdən keçiririk"

15124 | 2012-11-01 01:23
Bu müsahibəni təxminən iki il əvvəl, yağışlı bir gündə, şəhərin ucuz kafelərinin birində almışam. Tam olaraq heç yanda çap olunmayıb. Çünki, tam olaraq yazmağa həvəsim olmayıb. Bu günlərdə arxivimdən yarımçıq müsahibəni və səs yazısını tapdım.
   
   Qismət bundan sonra müsahibə verməyəcəyini, ədəbi mühitdən nisbətən kənar gəzəcəyini bəyan etdiyi üçün bu yarımçıq müsahibəni tamamlayıb sizlərə təqdim edirəm.
   
   -Qismət, istəyirəm maraqsız bir suala cavab verəsən. Şair müsahibə verməlidirmi?
   
   -Şair müsahibə verməlidir. Məsələn, elə şairlər var ki, onların irfani tərəfləri var. Şeirdəki bu qatları açmaq üçün onun danışmağına da ehtiyac var. Nəsr yazıldıqdan sonra onun haqqında resenziyalar yazılır, yazıçı özü istəməsə də onun yazdıqları haqqında izah edici yazılar yazılır. Şeir isə emosiya və ovqat məhsulu olduğu üçün onun izahını şair verməlidir. Dünya şeirində bu nümunə var. T.Elotun özü, öz yazdığı şeirlərə şərhlər yazır. Şair hiss edəndəki onun yazdıqları dəyərlidir, onun izahına ehtiyac duyur. Müsahibələrlə şair bir az da bu ehtiyacını ödəyir. Şair müsahibələrində şeirlərindəki məqamları, ştrixləri izah etməli, oxucuya bələdçilik etməlidir. Təbii ki, bu izahat "bu şeiri belə başa düşün" anlamında anlaşılmamalıdır.
   
   -Sən özün ehtiyac hiss edirsənmi yazdıqlarını şərh etməyə?
   
   -Bəzən hiss eliyirəm. Bu o demək deyil ki, mən çox intellektual yazıram və bunun şərhə ehtiyacı var. Bəzən istifadə elədiyim obrazlar sistemi elə olur ki, onu mütləq oxucuya izah eləməliyəm. Hərdən yunan mifindən, Misir mifindən hansısa bir obrazı şeirə gətirəndə oxucunun bunu yanlış anlamaması üçün, hansısa müsahibədə, essedə bunu izah eləmək məcburiyyətində qalırsan. Bu da çox cüzi hallarda olur.
   
   -Şair yazdığını oxucuya hesablayıb yazmalıdır, yoxsa öz daxili dünyasını, öz içini yazmalıdır?
   
   -Şair ilk növbədə içini yazmalıdır. İndi elə bir dövrə gəlib çıxmışıq ki, şairə münasibət birmənalı olaraq pisdir. Şairin obrazı insanların gözündə o qədər də yaxşı deyil. Şeir bir az da ikinci plana keçib. "Bütün dünya roman yazır" kimi bir fikir var. Biz bir az emosiyalarımızı bir kənara atıb praqmatik olmuşuq. Bu bir az da iqtisadiyyatla bağlıdır. Şeir kitabları hər zaman az satılır. Məsələnin marketinq tərəflərini, şeirin gözdən düşməməsi üçün şeirin reklamını, oxucuya sevdirilməsini də nəzərə almalıyıq.
   
   - Əvvəllər şeirə kütləvi bir maraq var idi, indi isə bunun əksi müşahidə olunur. Nə üçün bizdə şeirə maraq bu qədər ölüb. Bu məsələdə şairlərin günahı varmı?
   
   - Şairlərin günahı var. Düzdür, biz həmişə günahı ictimai-siyasi dəyişiklərin, cəmiyyətin üzərinə atırıq. Ancaq bunun birbaşa günahkarı şeiri yazanlar, yəni şairlərdir. Şair obrazını şairlərin özü gözdən salıb. Əvvəllər ən sevmədiyimiz şairin də obrazı da oxucunun gözü qarşısında çox yüksəkdə idi. Sonradan bu hörməti şairlər özləri itirməyə başladılar. Çoxusu düşünürdü ki, şair avara, bohem olmalıdır, şairin həyat tərzi elə olmalıdır ki, ondan mövzu çıxara bilsin. Şəxsiyyət məsələsi arxa plana keçdi. Şairin həyat tərzində elə məqamlar ola bilər ki, onu içindən keçirsin və yazsın. Ancaq bu o demək deyil ki, şair avara olmalıdır, düşkün həyat tərzi keçirməlidir, bohem olmalıdır və sair. Zatən bütün bunlar şairin həyat tərzinin içərisində var. Amma bu məqamlar şair şəxsiyyətindən önə keçməməlidir. Şairin bu obrazda təqdim edilməsində televiziyalarımızın da günahı böyükdür. Uzun illər təbliğat qalstuklu, ciddi görkəmli, amma şair olmayan "şair"lərin üzərində qurulması da şairlərin hörmətini, dəyərli obrazını gözdən saldı. O qədər qeyri-ciddi adamlara efirlərdə yer verdilər ki, insanlar bu obraza alışdı. Belə qeyri-ciddi adamlardan sonra xalq arasında belə bir deyim də yaranıb: "Şair Səməd Vurğun idi." Yəni ki, adamlar üçün artıq şairlik keçmiş zamanda olan bir anlayışdır.
   
   - Onda belə çıxır ki, şairlərimiz şeiri gözdən salıb?
   
   - Şeiri şairlər gözdən salıb. Elə şairlərimiz var ki, onların kitabında çox dəyərli, hadisə sayıla biləcək şeirlər var. Ancaq onun həyat tərzi, obrazı elədir ki, onu oxucuya yaxşı şair kimi təqdim eləmək qeyri-mümkündür.
   
   - Şeiri oxucu gözündə ucaltmağın, şeiri oxutmağın, sevdirməyin bir formulu mütləq olmalıdır. Səncə nə edə bilərik ki, şeiri sevdirək?
   
   - Məncə KİV-lər, xüsusilə televiziya burda önəmlidir. Çox adi bir misal: Televiziyada reklam olunan camaşır tozunun reklamını görən insanlar o camaşır tozunu almağa üstünlük verir. Adamlar televiziyaya inanır. Televiziya isə bizdə tez-tez səhv edir, bu inamdan istifadə eləyib aldadır. Televiziyaya elə insanlar, elə şairlər çıxarılmalıdır ki, o insanlar şeiri sevdirə, ona maraq yarada bilsinlər. İnternet saytlarının da bu baxımdan rolu böyükdür. Elektron mətbuatın yaranmasından sonra hamı çap oluna bilirdi, amma bunun ən yaxşısını seçmək keçdi ikinci plana. Öz gündəliyinə, riyaziyyat dəftərinin arxasına şeir yazan və onu saytda çap etdirən adamın şeiri hansı məntiqlə seçilməlidir? Oxucu necə ayırmalıdır yaxşı şeiri? Burda görünür dəqiq bölgülər olmalıdır. Başqa ədəbiyyatlarda bu bölgülər cərəyanlara görə, "izmlərə" görə aparılır. Hər cərəyanın öz liderləri bilinir və fərqləndirilərək çap edilir. Ancaq bizim ədəbiyyatda hər şey həlməşikdir. Biz öz aramızda kimin hara aid olmasını, kimin nə potensialda olmasını bilirik. Ancaq ümumilikdə sərhədlər itib.
   
   - Maraqlıdır, Qismət yazanda özünü hansı "izmin" içərisində görüb yazır? Ümumiyyətlə yazı prosesində bunu düşünürsən, yoxsa içindən gəldiyi kimi yazırsan?
   
   - Mən yazanda özümü hansısa "izmin", hansısa cərəyanın içərisində görmürəm. Sadəcə oxuduqlarımdan, düşündüklərimdən sonra gedib çatdığım bir məqam olur. Ancaq mən şeirdə "izm"ləri şərti hiss edirəm. Bu bölgü nəsrdə daha aydındır, hansısa manifestasiyalar bəllidir. Ancaq şeir yazanda düşünmək mümkün deyil ki, mənim indiki ovqatım necədir. Şeir yazanda bilmək olmur ki, mənim ovqatım sürrealistdir, realist və ya posmedernistdir. Ancaq belə düşünüb yazanlar da var. Şeirdə söz özü adamı aparıb müəyyən yerə çıxarır.
   
   - Sən yazanda söz daha çox səni hara aparıb çıxarır?
   
   - Mənim şeirlərim daha çox modernizmə daha yaxındır. Daha çox forma xüsusiyyətlərinə görə, forma oyunlarına getdiyim yerlərdə modernizmə yaxınam. Ancaq düşünürəm ki, hərəsindən bir az var. Bəzən çoxdan yazdığım, indi bəyənmədiyim mətnlərə baxanda görürəm ki, orda modernist elementlər də, həddindən artıq köhnə görünə biləcək simvolik elementlər də, özümə o qədər də yaxın hiss eləmədiyim sürrealist elementlər də var. Mən ümumiyyətlə yazanda bunları fikirləşməmişəm, sevdiyim şairlərdən, oxuduğum mətnlərdən gəlmə şeylər olub. Nə zaman ki, modernizmi oxuyub başa düşdüm o zaman anladım ki, daxilən bura daha çox yaxınam.
   
   - İstəyirəm şeirimizdəki simvollardan danışaq. Klassik şeirimzdə gül, bülbül, yar, əğyar, həsrət, vüsal, hicran və sair simvollar istifadə olunub. Bəs elektronika əsrində, insan hisslərinin belə müasir texnologiyalarla uzlaşdığı bir əsrdə müasir şeirimizin simvollar aləmi necə olmalıdır və ya ümumiyyətlə olmalıdırmı?
   
   - Mən fikirləşirəm ki, çağdaş dövrün həyatımıza gətirdiyi şeyləri kompleks halda obrazlara çevirmək lazımdır. Bilirik ki, "Gül", "bülbül", "qaşların kamandır" və sair bənzətmələr orta çağ düşüncəsinin məhsuludur. Ahmet Hamdi Tanpınarın maraqlı bir məqaləsi var. O yazır ki, "Orta çağda şairlər daha çox saraya can atırdılar. Bunun isə əsas səbəbi o idi ki, saray mühitində qəbul olunan şair, aşağı mühitdə də qəbul olunurdu. Digər tərəfdən bunun maddi təminat tərəfi də var idi. Bu dövr şairlərinin bənzətmələri də, simvolları da saray arsenalına uyğun idi. Məsələn, əgər bir gözəlin kirpiyini oxa bənzədirdilərsə, bu hansısa əyanın əlindəki oxa bənzətmədir. Digər bənzətmələr və simvollar da də saray həyatından götürülür." Məncə maraqlı bir yozumdur. Klassik ədəbiyyatımızdakı obrazlar sistemi istənilən halda sistemlidir. İstər dini mətnlər, istərsədə ədəbi mətnlərdə klassik şərq ədəbiyyatının sistemli obrazları, simvolları var. Ancaq mənim də aid olunduğum, müasir dövrdə yazılan şeirlərdə sistemsizlik nəzərə çarpır. Müasir obrazların ədəbiyyata gətirilməsi çox vaxt uğursuz alınır. Bunun sistemini tapmalıyıq. Müasir həyatımızdakı detalların, məsələn telefon, kontur, meqapolisin detalları şeirə necə gətirilməlidir? Son vaxtlar bu barədə çox düşünürəm. Gözümüzə nə göründü şeirə gətirməklə şeirin içində insanı şeylərə yer qalmaya bilər.
   
   - Şeirin inkişaf yoluna nəzər salanda görürük ki, şeir daha çox aristokratiya mühitində, şeiri, sənəti anlayanlar arasında sevilib. Şeirin öz oxucu çevrəsi olub. Ancaq ictimai formasiyalar dəyişdikcə, dövrünə görə bizdə şeirin oxucu çevrəsi aristokratiyadan kütlə səviyyəsinə enib. Günümüzdə şeirin oxucusu kimdir: aristokratiya, yoxsa kütlə?
   
   - Müasir dövrdə şeirin oxucuları, şeirin fədailəridir. Əvvəllər şeir daha çox şeiri anlayanlar, aristokratiya mühiti oxuyurdu. Hətta şeir oxumaq fəxr olunacaq bir məsələ sayılırdı. Sonradan şeir xalqın oldu. Hətta o qədər xalqın oldu ki, gözdən düşdü. Müasir dövrdə isə həm aristokratiyada, həm də xalq arasında şeir az oxunur. Şeirin oxucuları fədailərdir. Mən inanmıram ki, aristokratiya şeiri sevmir. Xalq da şeirdən uzaqdır. Şeir yalnız fədailərin ümidindədir.
   
   - Şeirin fədailərin ümidinə qalması da, şairinmi günahıdır?
   
   - Demək olmaz ki, şeiri hər zaman seviblər. Aristokratiya da, xalq da şeiri müəyyən qədər sevib. Xalq çox sevən də də, şeir düşüb meyxana səviyyəsinə. Görünür burda da, şairləri günahkar görmək olmaz. Sosial şəbəkələrin çox yayılmağı, qloballaşma da şeirin gözdən düşməyinə gətirib çıxarıb. Qloballaşmanın sərhədlərinin genişlənməyi bir o qədər də yaxşı deyil. Məsələn, hansısa həvəskar facebook-da özünə səhifə yaradır, şeir yazır və paylaşır. Onun şeirlərinə şərhlər yazılır, "like" olunur və o həvəslənir. Lakin ən gözəl şeirini paylaşmış peşəkara bir qədər soyuq yanaşanda onda ruh düşkünlüyü yaranır.
   
   - Dünya ədəbiyyatında janrlar arasında sərhədlər itir. Bizdə isə hələki bu sərhədlər mümkün qədər "qorunur". Ədəbiyyatımızda, dünya təcrübəsində şeirdən nəsrə keçid normaldır. Ancaq nədənsə, nəsirdən şeirə keçidə rastlanmır. Bunun səbəbi nədir?
   
   - Bu barədə mənim öz düşüncələrim var. Bu barədə müəyyən qeydlərim də var. Həm cərəyanlarla bağlı, həm də "izm"lərlə bağlı araşdırma aparıram. Hamı yaradıcılığa başlayanda şeirlə başlayır. Bu insanın yeniyetməlik dövrünə təsadüf edir. Bir qıza aşiq olursan, onunla dünyanı fəth edəcəyini düşünüb, toz-pembe xəyallar qurursan. Elə bu yaş dövründə romantik mahnılara qulaq asıb, şeirlər yazırsan. Yazar var ki, bunu sonradan peşəkar şəkildə inkişaf etdirib şeir yaradıcılığına davam edir, yazar da var özünün daha praqmatik olduğunu düşünüb nəsrə keçir. İstənilən halda şeir emosional, nəsr rasional məsələdir. Şeirdən nəsrə keçmək asandır. Əgər sənin təfəkkürünün kordinatları rasionaldırsa, nəsrdən şeirə qayıtmaq, rasionallıqdan emosianallığa qayıtmaq çətin məsələdir. Faktiki olaraq mümkün deyil.
   
   "İzm"lərlə bağlı onu deyim ki, hər bir insan bu "izm"ləri öz içindən keçirir. Biz uşaq vaxtlarımızda, beşinci-altıncı siniflərdə oxuyanda daha çox klassizmdə oluruq. Səliqəli geyinmək, əlləri masanın üzərinə qoymaq və sair. Səkkizinci sinifdən sonra bizim romantizm dövrümüz başlayır. Özümüzü çağa uyğunlaşdırmağa çalışdığımız dövrlərdə bizim modernizm dövrümüz başlayır. Dostlarla içki məclisləri, sərbəst və azad davranışlar isə bizim postmodernizm dövrümüzdür. İlk dəfə yas məclisində, dəfndə iştirak edib dünyanın faniliyini dərk etdiyimiz anlar bizim ekzistensializm dövrümüzdür. Biz bütün bu mərhələləri, içimizdən keçiririk.

TƏQVİM / ARXİV