“Düşüncə xəritəsində peşəyə münasibəti sevgi və bacarıq anlayışları tənzimləyir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, insan sevdiyi işdə fədakarlıq edir:
“Fədakarlıq etdiyi işdə isə hər zaman öyrənməyə meylli olur. Bacarmaq sevdiyin işdə fədakarlıq etməkdir. Peşə seçimində tərəddüd etmək özgüvən əksikliyidir. Çünki insan bacarmayacağını düşünür. Avtomatik düşüncələrinin reallığını sorğulaya bilmədiyi üçün emosional gərginlik yaşayır. Bu zaman insan adekvat reaksiyalar verə bilmir”.
Psixoterapevt vurğulayıb ki, düşüncə xəritəsini düzgün müşahidə edən şəxslər səhv qərarlarının da arxasınca gedirlər:
“Səhvlərindən dərs çıxarmağı da bacarırlar. Məna yükləmədikləri üçün fəlakətə çevrilmir. Səhv etmək də doğrudur. Ona görə doğrudur ki, səhv etmiş insan müqayisə etməyi bacarır və doğrunun nə olduğunu bilməyə cəsarətli olur. Düşüncə xəritəsi ilə tanış olan şəxs peşə seçimində və peşə fəaliyyətində uğurlu olur. Öz təcrübələrini və keyfiyyətlərini uyğunlaşdırmağı bacarır. Özünü kəşf etməklə gələcəyi ilə bağlı doğru qərar verir. Psixoloji dəstək alaraq obyektiv yanaşmanı öyrənir. Özünü tənqidi formalaşdırır. Peşə fəaliyyətinin çətinliklərini qəbul edir. Yumşaq bacarıqlarının inkişaf üçün addımlar atır. Həyatında maneə kimi gördüyü düşüncələrini idarə edərək, onları yeni və müsbət düşüncələrlə əvəzləyir”.
R.Nəcəfov bildirib ki, peşə fəaliyyəti insanın özünə münasibətini müəyyən edir:
“Öz peşəsini sevən insanlar həyatlarının hər anını yaşamağa çalışırlar. Gözləntiləri onları səhv seçimlərə təhrik etmir. Yaşamaq hər zaman asan olmaya bilər, amma doğru olan bizi yormayacaq”.