adalet.az header logo
  • Bakı 12°C

NAZI DÜNYANI ABŞ-la RUSİYA ARASINDA NECƏ BÖLDÜ?! - Aqil ABBAS yazır

AQİL ABBAS
433 | 2022-11-16 21:08

Ağcabədidə Nazim adında bir oğlan var, camaat onu şirin dilinə görə «Nazı» çağırır. Keçmiş Rayponun həyətindəki yeməkxananın müdiridi. Əli də şirindi, dili də. Duzdu başdan-ayağa.

Əvvəllər rayona hörmətli qonaq gələndə rəhbərlik onlara Nazimin yanında ziyafət verərdi. Bakıdan gələnləri təkcə Nazimin şəxsən hazırladığı ləzzətli yeməklərə deyil, həm də onun şirin dilinə, maraqlı söhbətlərinə qonaq edərdilər.

Rayonun polis rəisi Həsən Əliyevin Bakıdan qonağı gəlir. Qonağı səhər yeməyinə aparır Nazimin yeməkxanasına. Çörək yeyərkən Həsən müəllim deyir:

- Nazı, bu rayonun yiyəsi kimdi?

Nazim:

- Yayonun yiəsi kim olajax? Yəyis! Sən! Səndən böyük kim vay ki?

Günorta yenə Həsən müəllim qonağını aparır Nazimin yanına və prokurora da zəng edir ki, qonağım var, gəl Nazının yanına.

Nazim bunlara gözəl bir süfrə açır, yeməyin şirin vaxtında Həsən müəllim deyir:

- Nazı, səhər-səhər dedin rayonun yiyəsi kimdi?

Nazim baxır ki, prokuror da oturub, özü də ciddi görkəmdə, deyir:

- Yəyis, Ağcavədi böyük yayondu, yayısı sənin, yayısı da pyakyoyun. Buyda nə vay ki?

Axşam yeməyə gələndə rayon icra hakimiyyətinin başçısı Şamil Həsənov da gəlir. Yenə yeməyin şirin vaxtı Həsən müəllim soruşur ki, Nazı, dedin rayonun yiyəsi kimdi?

Nazim baxır ki, Şamil müəllim başda oturub, deyir:

- Yəyis, günoyta dedim də, Ağcavədi yekə yayondu, yayısı sənin, yayısı da pyakyoyun. İkiniz də biyləşib başçını saxlaya bilməyəysizsə, onda day niyə işdiyiysiz? Yayonun yiyəsi kim olajax, basçı!

Bu günlərdə yolum Ağcabədiyə düşmüşdü, getdim Nazimin yanına. Zarafatla soruşdum ki, Nazı, rayonun yiyəsi kimdi?

Nazim əlini yelləyib dedi:

- Yəhmətliyin oğlu, nə yayon? Göymüysən, indi heş dünyanın yiəsi yoxdu. Ameykaynan Yusiya dünyanın yiəsi olmaq üçün biy-biyini qıyıy, ayada kasıblayınkı qıyılıy. Sən oxumuş adamsan, bu dünyada neçə dövlət vay?

- İki yüz.

- Ay sağ ol, bu iki yüz dövlət yüz-yüz bölünsünləy yayısı Ameyikanı saxlasın, yayısı Yusiyanı. Bunlay da biy-biyini qıymasın. Ukyaynlay yazıqdı. Sən oxumuş adamsan, dünyada neçə okean vay?

- Dörd dənə.

- Ay sağ ol. O okeanlayın da ikisini veysinlər Ameyikaya, ikisin də Yusiyaya.

- Bəs, qitələri necə bölsünlər? Qitə beş dənədi axı?

- Bə biz oxuyanda deyiydilər altı qitə vay.

- Biri Antraktidadı, heç kimə lazım deyil, buzdu başdan-ayağa.

- İkisi olsun Ameyikanın, ikisi də Yusiyanın. Biyini də qoysunlay adam kimi azad yaşasınlay.

- Hansı qitəni?

- Biz hansı qitədə yaşayıyıq, bax o qitəni.

Güldüm:

- Nazı, deyirəm sən Quttereşin yerinə ən yaxşı namizədsən.

-Götteyeş kimdi, məllim?

- Birləşmiş Millətlər Təşkilatının baş katibi. Yəni dünyanın yiyəsi.

Nazim təəccüblə:

- Vay dədəm, vay. Mən elə biliydim dünyanın iki yiəsi vay Ameyika, Yusiya, bu Götteyeş haydan çıxdı? Özü də nə səfeh adı var, dilə də yatmıy. Adamın adı olay Aqil Abbas, Nazim, Fəxyəddin. Cəhənnəm, Məzahiy, yoxsa Götteyeş. Ona göyə dünya dağılıy ey.

Məzahir Nazimin rəqabət apardığı restoranın sahibidi. Fəxrəddin isə Nazimin ən yaxın dostudu, rayonun 2000-2005-ci illərdə başçısı olub.

Sonra Nazim deyir:

- Məllim, Fəxyəddin dedim, yadıma düşdü. Həsənov çoxdandı göyünmüy. Sənin qohumundu, göyüşüf eliyiysiz?

- Hə, arada görüşürük.

- Göyüşəndə deynən ki, dayıxmışam ondan ötəyi. Biy buyada gəlsin. Bu yeməkxana ona quybandı. Məllim, saa da etibay yoxdu ey, biydən dedikləyimi gedif qəzetdə yazaysan, bu yeməkxananı tutuf əlimdən alaylay.

TƏQVİM / ARXİV