adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Kənddə yazar olmaq

TURAL SAHAB
42974 | 2014-05-09 05:56
Deməyəcəm, bu gün hava bir az buludludur, bu günün bir az günəşli olması ilə başlayıram söhbətə, çünki ümid və ümidsizlik arasında qələbə və yenilgi qədər bir fərq var.
Mən qələbə üçün yaşamağı sevirəm. Balaca bir kənddən, dağların qoynunda gizlənən bir obadan dünyanın ən gözəl əsərlərini yazmaq üçün yaşayıram, çalışıram. Ən gözəl güllər dağlarda bitmirmi?! Çox düşünürəm niyə, mənim ölkəmdən bir Markes çıxmasın və bu niyə, mən olmayım?!
Buralarda yaşamağın gözəl yanları çoxdur, dağların, daşların belə gözəl ətri var. Evimizin yanından çay axır, gecələr qurbağaların səsini dinləyir, o çayın qovuşacağı ümmanları düşünürəm. Mən də bir gün qovuşmaq istəyirəm ölümsüzlər karvanına. Axşama qədər məktəbdə, tarlada işləyir, bədənimin son dərmanını da tükədirəm. Günəş batandan sonra isə mənim həyatım başlayır. Bir çay dəmləyib, bilgisayarımı açıb, başlayıram yazmağa. İtlərin səsi, ulduzların pəncərəmdən düşən işığı ürəyimdən barmaqlarıma doğru bir axın başladır. Barmaqlarımın ucunu hiss edirəm, sözlərlə, duyğularla arama heç nəyin girməsinə izn vermədən yazıram. Bizim sahilimiz, dənizimiz, o dənizdə uçan qağayılarımız yoxdu. Mən qağayıları çox sevsəm də. Gecələri göy üzünü dəniz bilib, düşən ulduzları da sevdiyim Qağayıların yerinə qoyuram.
Meşədə təkbaşına gəzməyin, güllərin üzəri ilə uçan arıların gözəlliyini yazmaqla bitirmək olmaz. Bir dağ bulağının gözündən əyilib, su içməyin ləzzətini heç bilirsizmi? Sərin su dodaqlarına dəyəndə ürəyində gözəl duyqular baş qaldırır. Payız gələndə saralan yarpaqlar, bol meyvələr, əsən soyuq küləklər insana tam bir romantika yaşadır. Sonra sobalar quraşdırılır, odunla yanan sobalar. Qar yağanda kimsəsizləşir bizim buralar, sanki xəritədən silinir, ancaq bu qarın altında baharın gizləndiyini gördükdə insanın ürəyinə nəğmələr dolur.
Bir az da buludlardan, çətinliklərdən yazım, icazənizlə...
Burada məni kimsə anlamır, ən yaxınlarım belə. Onun üçün kimsələrə deyə bilmirəm yazdığımı. Heç ailəm də maraqlanmır, nə yazıram, nədən yazıram deyə.
Sadəcə anam məni tvlərdə görmək istəyir, deyir ən böyük arzularımdan biri budur.
Bəs mənim arzularım, mənim istəklərim. Ən böyük arzum Nobeli almamaqdır, yəni onlar verəcək, lakin mən imtina edəcəm bu mükafatdan. Və öz dövlətimin verdiyi mükafatların Nobel qədər səs gətirməsi üçün dünyada, ölənə qədər çalışmaq.
Məsələn nəinki, bizim kənddə heç rayonumuzda da kitab mağazası yoxdu. Oxumağı sevsəm də kitab tapamıram çox vaxt, e- variantlardan oxumağı da sevmirəm. Bizim yaşlı nəslin bir şablon ifadəsi var, çoxlu mütaliə elə deyə.
Halbuki yazar olmaq üçün mütaliədən çox müşahidə eləmək lazımdır. Yüzlərlə kitab oxuyan, lakin imzasını təsdiq edə bilməmiş yazarlarımız var. Oxumaqla yazar olmaq olsaydı, indi onlar çoxdan yazar olmuşdular.
Ədəbi mühitdən, yazar dostlardan uzaqdayam. Tez- tez tədbirlərə qatıla bilmirəm. Bakıya bir dəfə gedib, gəlmək üçün nə qədər pul lazımdır, lakin mənim çiyinlərimdə ailəmə yardım etmək kimi bir məsuliyyət var. Doyunca gəzmək, əylənmək kimi bir lüksum yoxdur. Axşama qədər işləməli, axşamsa istirahət vaxtımdan ayırıb, yazılarımla məşğul olmalıyam.
Mən ürəyimə güvənirəm, ürəyim bu balaca dağ kəndindən bir gül kimi bütün dünyaya ətir saça bilər, niyə də saçmasın ki?!
Mopasandan daha romantik
Kafkadan daha təzadlı
Nazim Hikmətdən daha çox həyat eşqinə sahib olduğuma inanıram.

Tural Sahab

TƏQVİM / ARXİV