adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hövsələnizi basıb sona kimi oxuyun - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5130 | 2022-04-18 14:59

Hövsələnizi basıb sona kimi oxumağınızı israrla xahiş edirəm.

Bu gün fb – da məlum hadisə, blogerin arxasınca qaçan kütlə haqqında müxtəlif fikirlər oxudum və bu da təbiidir. Ancaq bir şey də var ki, millətimizin içərisində bir blogerin arxasınca düşəcək zehndə olan insanların, gənclərin olması da təbii haldır. İndi bunun az, yaxud da çox olması isə başqa mövzudur. Siz elə bilirsiniz ki, inkişaf etmiş Avropa ölkələrində belə hallar olmur? Ola bilməz? İnanın ki, olur.

“Maslov piramidası” nəzəriyyəsi haqqında məlumatı olanlarınız çoxdur, hər halda. O piramidanın ilk qatından yuxarı qalxa bilməyən nə qədər insan var və həm də tək bizdə deyil, dünyanın hər yerində. Özünə və başqasında hörmət məsələsi piramidanın dördüncü qatındadır ki, ora çatmaq üçün insanlar müəyyən mərhələ keçməlidirlər.

Bu mövzu geniş mövzudur. Təəssüf ki, son illərdə cəmiyyətimizdə piramidanən birinci mərhələsində ilişib qalanların (fizioloji ehtiyaclar) sayı daha çoxdur. Bunun səbəbləri isə çoxdur və bu da özlüyündə ayrı bir piramidadır. Burada mətbuatın hazırkı durumundan tutmuş təhsilə və.s. qədər olan məsələlər vacib rol oynayır. Bir şəxsiyyətin formalaşması tək ailədən deyil, həm də cəmiyyətdən, ətraf mühitdən aslıdır. Cəmiyyəti formalaşdıran isə həm də bizlərik. Bu gün məlum hadisəyə gülən, o gəncləri aşağılayan jurnalist, bunda sənin də günahın var, özünü kənara çəkmə. Müəllim, sənin də, tələbə, sənin də ... və hamımızın günahı var. Qınamaq ən asan olanıdır. Qınamağa nə var ki.

Əgər çoxluğun sözünü etdiyim piramidanın birinci qatında qalmasını istəmiriksə, vaxt ötürmədən tədbir görməliyik. Təhsilə daha çox diqqət ayrılmalıdır. Mətbuata “dirilik suyu” verilməlidir. Cəmiyyət ədalətli olmaldır. Göstərişli şeylərdən qaçmaq lazımdır. Mənəvi dəyərlərimizi bərpa etməliyik. “Saz”la “caz” arasında tərəddüdə son qoyulmalı, hər kəs öz ruhuna yaxın olanı sərbəst seçə bilməlidir.

Bir sözlə, çalışmalıyıq ki, çoxluq sözünü etdiyim piramidanın sonuncu qatına çatmağa həvəs göstərsin, özünü dərk etməyə nail olsun. Bax bir çox problemlərin açarı məhz özünü dərk etməkdədir.

Vüqar Abbasov. Niderland.

TƏQVİM / ARXİV