adalet.az header logo
  • Bakı -°C

Niderlandda yeni kabinet - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
301 | 2026-02-25 12:03
A- A+

Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış son yazımı “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid: https://www.en-a.de/politik/the_new_cabinet-93108/

 

Niderland 23 fevral 2026-cı ildən etibarən yeni hökumətlə idarə olunur. Yettenin (Rob Jetten) kabineti Kralın iştirakı (Paleis Huis ten Bosch) ilə rəsmi and içərək fəaliyyətə başlayıb.

Koalisiya D66, VVD və CDA partiyalarından ibarətdir və ümumilikdə 18 nazir və 10 dövlət katibindən təşkil olunub. D66 partiyası 7 nazir və 3 dövlət katibi ilə təmsil olunur. VVD 6 nazir və 3 dövlət katibi postu əldə edib. CDA isə 5 nazir və 3 dövlət katibi ilə hökumətdə yer alıb. Dövlət katibi Palmen isə hər hansı siyasi partiyaya mənsub deyil.

Rob Yettenin baş nazir kimi and içməsi ilə Niderland siyasi tarixində yeni səhifə açılıb. O, 38 yaşında ölkə tarixinin ən gənc baş naziri olmaqla yanaşı, eyni zamanda açıq şəkildə homoseksual olduğunu bəyan edən ilk baş nazirdir. LHBTİ təşkilatları bu hadisəni müsbət qarşılayaraq bərabərlik istiqamətində mühüm addım kimi qiymətləndiriblər. Bununla yanaşı, onlar bu sahədə görüləsi işlərin hələ də davam etdiyini vurğulayıblar.

Sabiq baş nazir Dik Sxof (Dick Schoof) səlahiyyətlərini Rob Yettenə təhvil verib və videomüraciətində Niderland xalqına təşəkkür edib. O bildirib ki, baş nazirlik fəaliyyəti karyerasındakı ən asan iş olmasa da, ən maraqlı və ən zövqlü vəzifə olub.

Yeni kabinet geniş və iddialı proqram təqdim edib. Siqaret və elektron siqaretlərin satışı üçün minimum yaş həddi 21-ə qaldırılır. Aşağı gəlirli ailələr üçün əlavə kirayə mənzillər tikiləcək və tələbələr üçün staj dövründə məcburi ödəniş tətbiq olunacaq. Müdafiə sahəsinə əlavə vəsait ayrılacaq. Təhsil üçün 1,5 milyard avro, azot emissiyalarının azaldılması tədbirləri üçün isə 20 milyard avro vəsait nəzərdə tutulub.

Bununla yanaşı, hökumət qənaət tədbirlərini də elan edib. İşsiz qalan şəxslərə verilən müavinətin müddəti bir illə məhdudlaşdırılacaq. Səhiyyə sahəsində şəxsi ödəniş məbləği 385 avrodan 460 avroya qaldırılacaq.

Yetten kabineti azlıq hökumətidir və parlamentdə sabit çoxluğa malik deyil. Bu isə o deməkdir ki, hər bir qanun layihəsi üçün digər partiyaların dəstəyi tələb olunacaq. Hökumətin bu dəstəyi davamlı şəkildə təmin edib-edə bilməyəcəyi isə qarşıdakı zamanda bəlli olacaq.

Vüqar Abbasov.

Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

[email protected]

  • Yanvar:
  • 30

TƏQVİM / ARXİV