adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yekə-yekə danışmayın ey...

FAİQ QİSMƏTOĞLU
895 | 2021-11-17 12:22

Yaxud «Azəristiliktəchizat» camaatı niyə aldadır?

 

Artıq oktyabrın axırlarından respublikamızda və Bakıda havalar soyuyub. Aydındır ki, havaların soyuması insanları çox narahat edir və onlar belə havalarda isti otaqlarda olmaq istəyirlər. Təəssüf ki, bu, bizdə mümkün deyil. Ən azından ona görə ki, oktyabrın axırlarından insanlar soyuqdan əziyyət çəkdiklərini və hətta buna dözməyib, xəstəliklərini bəyan etdilər. Amma bunu heç kəs diqqətə almadı.

Nə əlaqədar qurumlar, nə də «Azəristiliktəchizat» bir söz demədi. Məlum qurum iki ayağını bir başmağa dirəyib bildirdi ki, noyabrın 15-dən tez istilik verə bilməz. Hansı ki, ölkəmizdə pandemiya şəraitidir və belə bir durumda COVİD-19 virusu daha sürətlə yayılır. İlk növbədə Operativ Qərargah ciddi addımlar atmalı idi, bu addımlar da atılmadı. Gözlədilər noyabrın 15-i gəlsin və bundan sonra istilik sistemləri işə düşsün.

Bu, bizim «Azəristiliktəchizat»-ın işindəki olan qüsurlarla bağlı üçüncü yazımızdır. Əfsuslar olsun ki, məlum qurum öncədən qabaqlayıcı tədbirlər görmədi və nəticədə soyuq havalarda mənzillərin qızdırılmamasından çoxlu sayda insanlar xəstələndi. Bayaq dedik axı, noyabrın 15-dən mövcud qış rejiminə uyğun olaraq bütün yaşayış binalarına, məktəblərə, xəstəxanalara, uşaq bağçalarına istilik verilməlidir. Bu istilik verildimi?! Bu gün noyabrın 17-dir. Hələ də əksər məktəb, xəstəxana və uşaq bağçalarına istilik verilməyib. «Azəristiliktəchizat»-ın məsul şəxsləri bildirirlər ki, qazanxanalar işə düşüb, bütün yaşayış yerlərinə, xəstəxanalara və uşaq bağçalarına istilik veriləcək. Əcəba, əgər qazanxanalar işə düşübsə, bəs niyə Bakı şəhərində çoxlu sayda binalara bu günə qədər istilik verilməyib?! Hətta Əhmədlidə elə binalar var, onun sakinləri deyirlər ki, «Azəristiliktəchizat» yekə-yekə danışır ki, qışa hazırıq. Bunlar qışa necə hazırdılar ki, hələ indi qazıntı işləri görüb təmir aparırlar? Ola bilməz ki, bu təmiri yaz və yay aylarında görsünlər?! Biz evlərimizdə soyuqdan donuruq. Hətta paltoda otururuq. Əlaqədar qurumlar isə heç nəyi vecinə qoymur, öz vəzifələrini yerinə yetirə bilmirlər.

Deyirlər ki, qazanxanalar yavaş-yavaş güc toplayır. Güc toplayandan sonra istiliyin təzyiqi qalxacaq və bütün binalara istilik veriləcək. Vallah, adamı dəli bir gülmək tutur. Qazanxanaları zəhmət çəkib ayın 12-13-ü işə salmaq lazım idi ki, ayın 16-ı da hava soyuq keçəndə mənzillərə istilik veriləydi. Hamı yaxşı bilir ki, Bakıda noyabrın 16-da həm güclü külək əsdi, həm də temperatur 10 dərəcə aşağı düşdü. Belə şəraitdə evdə oturmaq mümkün deyildi. Elə bu sətirlərin müəllifi də həmin gün soyuqdan bərk xəstələnib. Amma hansı ki, «Azəristiliktəchizat» hətta vermədiyi istiliyin pulunu belə camaatdan tələb edir. Qardaş, istiliyini ver, pulunu tələb elə!

Məsələn, bizim yaşadığımız Suraxanı rayonunun Yeni Günəşli massivinin 13 nömrəli binasına «Azəristiliktəchizat» 2014-cü ildən istilik verir. Amma camaatdan 2012-ci ildən pul toplayır. Başa düşmək olmur, əhaliyə verilməyən istiliyin pulunu məlum qurum niyə tələb edir? Onların ağzında «şirə» yeri qalıb ey! Bir vaxtlar Hüseyn Arabulun vaxtında Bakıda əhaliyə işlətmədiyi işığa görə külli miqdarda borc pul yazmışdılar. Həmin pulu Hüseyn Arabul aldı və aradan çıxdı. İndi də həmin «təcrübədən» «Azəristiliktəchizat» bəhrələnir. Qoy, hüquq-mühafizə orqanları araşdırma aparsınlar və aydınlaşdırsınlar ki, məlum qurum niyə əhalini aldadır, işlətmədiyi istiliyin pulunu almaq istəyir?

Bu gün də 13 nömrəli binaya istilik verilməyib. Hətta binanın sakinləri noyabrın 16-da bu barədə aidiyyatı qurumlara da müraciət ediblər. İnsanlar həmin günü soyuqdan evdə güclə oturublar. Kimi üstünə yorğan atıb, kimi də əyninə palto geyib evdə əyləşib. Tanınmış ziyalı və prezident təqaüdçüsü Səməndər Məmmədov deyir ki, həmin günü soyuqdan yorğana bürünmüşdüm. Özüm də xəstə adamam. Mənzilləri elektrik sobası ilə qızdırmaq mümkün deyil. Amma istilik olsa, o dəqiqə evlər qızır.

Bizim binamızın yaxınlığında yerləşən 282 nömrəli məktəbə də noyabrın 16-da istilik verilməyib. Müəllimlər və şagirdlər soyuqdan əziyyət çəkiblər. Elə buna görə də məktəbin neçə-neçə müəllim və şagirdi soyuqdan koronavirusa yoluxublar. Amma məktəbin direktoru Camal müəllim isə öz kabinetində, sağında və solunda elektrik sobaları qoyub otağını qızdırıb. Bəs onda sinif otaqlarında tir-tir əsən müəllimlər və şagirdlər başlarına nə əlac qılsınlar?! Görünən odur ki, həmişə bir qayda olaraq istilik sistemləri noyabrın 15-də işləmək əvəzinə noyabrın 20-21-i işə düşür. O da çox aşağı təzyiqlə. Nəticədə soyuq havada insanlar xəstələnirlər. İndi isə soyuqlama tək sətəlcəmlə bitmir. Bu həm də koronavirusa çevrilir.

Çox təəssüf ki, bunu «Azəristiliktəchizat»-ın məsul şəxsləri nəzərə almırlar. Onlar ancaq əhalini boş vədlərlə yola vermək, «bu gün sabah istilik veriləcək» deməklə öz işlərini bitmiş hesab edirlər. Amma əhali isə daha «Azəristiliktəchizat»-ın bu cür vədlərinə inanmırlar. Çünki insanlar deyilənlərə yox, gördüklərinə və şahid olduqlarına inanırlar. Gördükləri və şahid olduqları budur ki, bu gün noyabrın 17-i olsa da, Bakıda əksər mənzillərə, məktəblərə, xəstəxanalara və uşaq bağçalarına istilik verilməyib.

TƏQVİM / ARXİV