adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Xalqdan ayrı olanlar

FAİQ QİSMƏTOĞLU
1459 | 2021-10-29 12:30

...Bu gün məmləkətimizdə elə qurumların, elə təşkilatların və elə idarələrin rəhbərləri var ki, onların qəbuluna həftələrlə, aylarla, illərlə düşmək mümkün deyil. Bunu kim bilməsə də, həmin məmurların qəbuluna gedən Azərbaycan vətəndaşları hamıdan yaxşı görür və bilirlər. Onlar yaxşı bilirlər ki, filankəs məmurun qəbuluna düşmək kosmosa uçmaq qədər çətin bir məsələdir...

...İllah da ki həmin məmura sənin işin düşə. Elə ki, sənin o məmura işin düşdü, tay qanın getdi. Aylarla, illərlə onun qapısında sürünməli olacaqsan və o məmur da xidməti maşınında rahat işinə gəlir, mühafizəçilərin müşayiəti ilə kabinetinə qalxır və isti otaqda əyləşib, guya çox vacib məsələlərlə məşğul olur. Burda deyiblər ey: «Acın toxdan xəbəri yoxdur».

...Heç kimə sirr deyil ki, ölkəmizdə vicdanlı, namuslu, dövlətə, Prezidentə sədaqətli olan məmurlar da var. Amma gəlin səmimi danışaq ki, onlar o qədər də çox deyil. Əgər onlar çox olsaydı, əhali bu qədər onlardan KİV-lərə və eləcə də yuxarı orqanlara şikayət ünvanlamazdı. Məsələn, mən adam tanıyıram ki, (o, bizim redaksiyaya da müraciət edib) şəhid oğlunun adının əbədiləşdirilməsi üçün nə çox, nə az 5-6 dəfə icra başçısının yanında olub. Və o icra başçısı da ona kömək edəcəyini vəd edib. Amma bu şəhid ailəsi, bu şəhid atası aylarla gözləyib onun oğlunun adı düz bir ildir ki, hələ də əbədiləşdirilməyib. İcra başçısının vədinə və sözünə inanmayan şəhid atası yuxarı orqanlara da müraciət edib. Hələ də onlardan səs-soraq yoxdur...

...Sovet dönəmində raykomun, milisin, prokurorun qəbuluna düşmək çox asan idi. Və onda camaat indiki kimi əziyyət çəkmirdi. Uzaqbaşı həmin adam gəlirdi raykoma, birinci mərtəbədə onu qeydiyyata alırdılar və sonra bir gün keçməmiş raykom onu qəbul edirdi. Özü də nə problemi vardısa, həll olunurdu. İndi problem bir yana, vətəndaşlar icra başçısının qəbuluna düşmək üçün hansı çətinliklər yaşayırlar, onu bir Allah bilir. Və özü də icra hakimiyyətlərinin binası elə mühafizə olunur ki, heç ora yaxın düşmək belə mümkün deyil...

...Hətta elə icra hakimiyyətinin binası var ki, ora 15-20 metr qalmış post qoyulub. O postda da mühafizə xidmətinin əməkdaşları əyləşib. Başçının qəbuluna gələn adam həmin posta yaxınlaşmalıdır, dərdini ona deməlidir. O da telefon vasitəsilə icra hakimiyyəti ilə əlaqə saxlamalıdı. Hələ ona nə cavab veriləcək, verilməyəcək, bu, başqa söhbətin mövzusudur. Amma reallıq ondan ibarətdir ki, o maneəni keçib getmək və icra hakimiyyətinin binasına daxil olub dərdini demək çox çətin bir məsələdir...

...Ölkənin prezidenti cənab İlham Əliyevlə görüşmək olur, amma icra başçısı ilə görüşmək bir o qədər də asan deyildir. Çünki cənab Prezident öz sadə və səmimi münasibəti ilə həmişə xalq arasında çox böyük nüfuz qazanıb. Ona görə də bu xalq, bu millət Prezident İlham Əliyevi çox istəyir və onun yolunda ölümə belə getməyə hazırdı. Təəssüf ki, bu sözləri bəzi icra başçıları haqda demək mümkün deyil. Çünki onlar elə bir sədd çəkiblər ki, o səddi keçmək və aşmaq Çin səddinə bənzəyir. Balam, başa düşmək olmur, bu icra başçıları özünü kimdən və nədən qoruyur?

Sizi ora qoyublar ki, xalqa xidmət edəsiniz. Siz də bürokratik bir üsul yaratmaqla camaatın o binaya gəlib dərdini deməyə imkan vermirsiniz. Kimsə sizə dərdini deyəcəksə, 2-3 mühafizə xidmətindən keçməlidir, sonra da icra hakimiyyətinin binasına daxil olub qeydiyyata alınmalıdır.

Axı o adamlar rayon mərkəzinə ucqar kəndlərdən, yaşayış məntəqələrindən gəlirlər. Üstəlik də, rayon mərkəzinə gəlib qayıtmaq üçün nə qədər yolpulu xərcləməlidirlər. Hələ biz yemək pulunu demirik...

...Görünən odur ki, bəzi icra başçıları hələ də köhnə inzibati amirlik metodundan əl çəkə bilmir. Özünü «kiçik padşah» kimi aparır və gözü ayağının altını görmür. Təbii ki, gözü ayağının altını görməyən icra başçısının insanlara olan laqeyd münasibətini o rayon camaatı yaxşı görür. Amma intəhası, o icra başçıları düşünür ki, bu kasıb təbəqənin adamlarının şikayətinə kimdi məhəl qoyan. Ancaq elə deyil. Günlərin bir günündə onlar vətəndaşlara olan bu münasibətlərə görə cavab verirlər. Necə ki, 5-6 rayonun icra hakimiyyətinin başçısı həbs olundu və cinayət məsuliyyətinə cəlb edildi...

...Həmişə vəzifədən gedənə vəzifə başına yeni gələn onun ölənlərinə rəhmət oxutdurur. Yəni camaat fikirləşir ki, təzə gələn vəzifəli şəxs köhnənin metodu ilə işləməyəcək, insanlara daha diqqətli olacaq. Təəssüf ki, əhali bir çox halda bunun əksini görür və köhnə vəzifəli şəxsin ölənlərinə təzələrə baxıb rəhmət oxuyurlar.

Bu yaxınlarda Gəncədə bir şəhid ailəsinin üzvü ona göstərilən laqeyd münasibətdən dərman içərək intihar etmək istəyib. Onun dediyinə inansaq, iş üçün dəfələrlə Gəncə şəhər icra hakimiyyətinin başçısının qəbuluna gedib. Ancaq onu qəbul etməyiblər. Nəticədə get-gəldən bezən həmin xanım çıxış yolunu intihar etməkdə görüb. Gəncə şəhər icra hakimiyyətindən bu məsələyə aydınlıq da gətirilib. Onların bildirdiyinə görə, xanımın vəziyyəti icra hakimyyətində pisləşib və onu təcili xəstəxanaya çatdırıblar. Hətta Gəncə şəhər icra hakimiyyətinin başçısı onu xəstəxanada ziyarət edib. Bu barədə fotogörüntülər də var.

Bir faktı qeyd edək ki, artıq insanların bəzi vəzifə sahiblərinə inamı və ümidi qalmayıb. Həmin hadisəni izləyən çoxlu sayda insanlar deyirlər ki, əgər icra başçısı vaxtında şəhid ailəsinə kömək etsəydi, onun dərdinə əlac qılsaydı, həmin xanım da xəstəxanaya düşməzdi. İndi, görün ölkədə nə qədər insan icra hakimiyyəti başçılarının qəbuluna gedir və ordan narazı qayıdır. Narazılığa səbəb isə, həmin adamların qəbul olunmaması, ya da qəbul olunub probleminin həll edilməməsidir. Çünki elə icra başçısı var ki, qəbuluna gələn adamları dinləsə də, onun problemini həll etmir, yalan vədlər verir, həmin adamı ötür-ötür oyununa salır. Və həmin insan da bezib ya intihar edir, ya da əsəbləşib başqa bir formada xəstəxanaya düşür.

Bəzi məmurlar elə düşünürlər ki, bu vəzifədə həmişəlik əyləşəcəklər. Və o kabinetə, o vəzifəyə atasının mirası kimi baxır. Düşünür ki, bu icra başçısıdırsa, onun qılıncının qabağı da, dalı da kəsməlidir. Heç kim ona söz deyə bilməz, irad tutmağı bacarmaz. Təəssüf ki, bu yanlış düşüncə həmin vəzifəli şəxsləri uçuruma aparır və nəticədə camaat, kütlə arasında böyük narazılıq yaranır. Bu narazılığın səsi hətta yuxarı instansiyalara qədər gəlib çatır. Və həmişə də yuxarıdan onlara deyilib ki, siz əhalini incitməyin, insanlara diqqətlə yanaşın və onlara xidmət eləyin. Bəli, bu yuxarıların tövsiyyəsidi.

Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, vəzifə kreslosunda əyləşibsə, o özünə, qohum-əqrəbasına yox, bu xalqa, bu dövlətə, bu millətə xidmət eləməlidir. Əgər həmin xidməti eləmirsə, bu vəzifəli şəxsdən narazılıq yaranacaq, giley-güzar olacaq. Bu narazılıqların, giley-güzarın qarşısını almaq üçün məmurlar cənab Prezident İlham Əliyev kimi sadə və səmimi olmalıdır. Xalqdan özünü heç kim ayrı təsəvvür etməməlidir. Özünü xalqdan ayrı təsəvvür edənin heç vaxt axırı yaxşı olmur.

TƏQVİM / ARXİV