adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Səhv düşəndə yerimiz...

FAİQ QİSMƏTOĞLU
857 | 2021-11-15 12:47

Bu gün ölkəmizdə bir çox məmurların yeri səhv düşüb. Yəqin bunu o məmurlara işi düşən insanlar daha yaxşı bilirlər. Ən azından ona görə ki, belələrinin qəbuluna gedəndə və onlardan kömək istəyəndə az qala adamın ürəyi partlaya. Çünki onlar bu millət, bu xalq üçün deyil, özləri üçün xidmət edirlər. Xüsusən də özündən razı məmurlar olanda bu daha acınacaqlı nəticələr verir.

Kim nə deyir desin. Bu gün məmləkətimizdə 90 faiz məmur yerində deyil. Əgər onlar yerində olsaydı, bu qədər narazılıqlar, bu qədər giley-güzərlar, bu qədər söz-söhbətlər yaranmazdı. Belə ki, hər gün olmasa da, hər həftə bu cür məmurlarla üzləşən çoxlu sayda insanlar var. Və o insanlar öz dərdlərini çox vaxt gedib televiziya kanallarına, mətbuata bildirirlər. Xüsusən də imkansız adamlar daha çox süründürməçiliyə məruz qalırlar. Söhbət heç də hansısa məmurun ədalətsiz münasibətindən getmir. Söhbət ondan gedir ki, bu gün sözün həqiqi mənasında insanları süründürən, incidən, onların dərdinə əlac qılmayan çoxlu sayda vəzifəli şəxslər var. Bu şəxslərin də işi Allaha qalıb. Əgər belə olmasaydı, müxtəlif vəzifəli şəxslərin həbs olunması adi hala çevrilməzdi.

Heç kimə sirr deyil ki, səhiyyəmizdə vəziyyət daha acınacaqlıdır. Elə ki xəstəxanaya yolun düşdü, sənin başına olmazın müsibət gələcək. Bu yaxınlarda səhhətində problem yaranmış yaxın tanışlarımdan biri xəstəxanaya müraciət edir. Onu müayinə edirlər, analizlər verir, burdan ora, ordan bura ötürürlər. Axırda da bir həkim gəlib onu əli ilə qarın boşluğunu yoxlayır. Deyir ki, səndə opendisitdi. Gərək təcili əməliyyat olunasan. Xəstə də deyir ki, həkim, axı mənim kor bağırsağım ağramır. Mən bura əməliyyata gəlməmişəm, gəlmişəm ki, özümü müayinə elətdirim. Həkim deyir yox ey, sən əməliyyat olunmalısan. Xəstənin inadından sonra ikinci bir həkim gəlir, onu müayinə edir, bir daha qarın boşluğunu əli ilə yoxlayır. Və deyir ki, əməliyyata heç bir ehtiyac yoxdur. Əgər həmin xəstə inad etməsəydi və həkimlə razılaşmasaydı, bax, onu əməliyyata götürəcəkdilər. Nə var, nə var, 5-10 manat pul qazanmaq üçün sağlam adamı əməliyyat eləsinlər. Və hər bir həkim Hippokrata and içib. Əfsuslar olsun ki, bu gün bəzi həkimləri o and yox, xəstədən qazanacağı pul maraqlandırır. Çünki ölkəmizdə əksər həkimlər xəstələrə xəstə kimi yox, biznes marağı ilə yanaşırlar. Yəni ondan pul qoparmaq haqda fikirləşirlər. O qədər xəstə belə səhlənkarlıqların qurbanı olub ki.

Kimliyindən asılı olmayaraq, hamının müxtəlif vəzifələrdə çalışan məmurlara işləri düşür. Məmur vicdanlı olanda, ədalətli olanda həmin adam da öz problemlərini asanlıqla həll edə bilir. Və vay o günə ki, məmur tamahkar ola, vicdanını itirə. Bax, onda həmin insanın nələr gözlədiyini təsəvvür etmək çətin deyil. Çətini odur ki, gedib elə məmurların yanına düşməyəsən. Bizdə də vicdanlı, ədalətli məmurlar var. Amma ədalətsizlər daha çoxdur. Burda şair Qabilin bir beyti yada düşür:

 

Müsibət olduq biz,

Səhv düşəndə yerimiz...

TƏQVİM / ARXİV