adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Haqqa girmək...

FAİQ QİSMƏTOĞLU
846 | 2022-05-04 11:51

Ondan böyük günah yoxdur

 

...Bu gün kimin gücü nəyə çatır, onu da eləyir. Yəni kim güclüdürsə, arxalıdırsa, vəzifəsi, pulu varsa, düşünür ki, o hər şey eləyə bilər. O cür düşünməyə və fikirləşməyə o adamlar artıq vərdiş ediblər. Ən azından ona görə ki, bir çoxları nə qazanıbsa, haram yolla əldə edib. Varı-dövləti, pulu, evi-eşiyi, müxtəlif markalı avtomobilləri təbii ki, halal yolla almaq, alın təri ilə qazanılmış pulla əldə etmək mümkün deyil. Amma buna baxmayaraq, başqasının halal-hümmət malını, pulunu və haqqını ələ keçirən insanlar elə təsəvvür edirlər ki, onlar yaxşı iş görür və burda heç bir pis şey yoxdur. Ancaq onu fikirləşmirlər ki, balam, hər şeyin, hər qazancın, hər halalın və haramın da haqq-hesabı var. Özü də o dünyaya ehtiyac yoxdur. Elə bu dünyada kimin haqqını yemisənsə, mütləq onun cəzasını gec-tez alacaqsan...

...Birindən soruşurlar ki, donuz əti yemək günahdırmı? O da deyir ki, donuz əti yemək günahdır. Amma ondan da min dəfə böyük günah kiminsə haqqını yeməkdir. Və bundan böyük günah yoxdur. Bəziləri düşünürlər ki, əşşi, boş şeydir. Nəyin bahasına olursa olsun, mən filankəsin ev növbəsində evini əlindən alacam, halal yolla qazandığı pulları da birtəhər qopardacağam. Özü də dediyini eləyir. İki daşın arasında Allahdan və həmin adamın haqqından qorxmayaraq dolayı yollarla onun qismətini əlindən alır. Yəni mənzil növbəsinə girir, müxtəlif vasitələrlə hərəkət edir, puldan, pənədən, dostdan, tanışdan istifadə edərək başqasının haqqını əlindən alır. Əlbəttə, bütün bu deyilənlər heç də xəyal deyil və heç də ağıla gəlməyən hadisələr deyil.

Çox yox, hər kollektivdə, hər iş yerində başqasının haqqını yeyən, üstündən də su içən adamlar az deyil. Özü də o adamlar elə düşünürlər ki, düz edirlər. Söz-söhbət haqdan, ədalətdən düşəndə onlar arsız-arsız qızarıb bozarır və sonra da hırıldayırlar. Belələri nə Allahdan qorxur, nə də kiminsə haqqını yeməkdən. Belələri üçün nə qanun, nə qayda, pulları, adamları var, düşünürlər ki, nə desən eləmək mümkündür.

Ancaq  bir balaca Allah sevgisi olan, qəlbində və ürəyində mərhəmət yaşadan insan heç vaxt başqasının halal qismətini əlindən almaz. Ən azından gözləyər ki, həmin adam halal haqqını alsın, o da bundan sonra istəyinə çatsın. Təbii ki, bunu da hər adam eləmir. O adam eləyir ki, o Allahdan qorxur, balalarının qabağına çıxacaq bəlalardan çəkinir və ən nəhayət, qarşıdakı insana hörmətlə yanaşır.

Bizim nəsildə heç kəs kiminsə haqqını yeməyib, nə də heç kəs kiminsə aftafasını götürüb hansısa vəzifəli şəxsin yanını dəsmallamayıb. Amma bu gün o qədər aftafa götürən, işi düşən vəzifəli adamların yanını dəsmallayan, başqalarının haqqını yemək istəyən ləyaqətsiz və vicdansız adamlar var. Bayaq dedik axı. Onlar üçün haqq-ədalət, vicdan anlayışı yoxdur. Onlar üçün fürsətdən istifadə edib işlədiyi kollektivdə nəyisə əldə etməkdir. Elə çoxu da kollektivə bu məqsədlə gəlir. O məqsədlə gəlir ki, ağına-bozuna baxmadan kiminsə haqqına girəcək, ev alacaq, maşın əldə edəcək, bir az da kobud surətdə desək, vəzifə pilləsinə yüksələcəkdir.

Nədənsə belələri üçün həmişə «yaşıl işıq» yandırılır. Haqqı olan qalır qıraqda, haqqı olmayan işlədiyi üç-dörd il ərzində ev də alır, maşın da. İndi gəl bu haqsızlığa döz görüm, necə dözürsən. Heç uzağa getməyək, jurnalistlər üçün tikilmiş birinci və ikinci binada haqqı olanlardan çox haqqı olmayanlar ev aldılar. Elə adamlar ev aldılar ki, onlar heç mətbuatda işləmir, imzaları da tanınmır. 40-45 il Azərbaycan mətbuatında tər tökən, canını və həyatını qoyan, imzası tanınan jurnalistlər qaldı qıraqda, ictimaiyyətin tanımadığı və imzası bilinməyən adamlar iki otaqlı, üç otaqlı mənzillərə yiyələndilər. Hansı ki, onların çoxunun mənzilləri də vardı. Mən jurnalist tanıyıram ki, üç yerdə evi var, orda da mənzil alıb. Bax, haqqa girmək budur ha! Haqqını ala  bilməyən bəzi jurnalistlər də təbii ki, onların haqqını girənlərə heç vaxt halallıq vermir. Halallıq verilməyən yerdə isə heç vaxt, heç zaman rahat yaşamaq mümkün deyil. Məsələn, 40 ilin jurnalisti qalır kənarda, 5-6 il mətbuatda baş fırladan adam gəlib mənzil alır. Buna dözmək olarmı?

 Hələ ki, buna dözənlər var. Hələ ki, haqsızlığa göz yumanlar da az deyil. Bu isə o deməkdir ki, hələ bundan sonra da nə qədər adamın haqqı yeyiləcək. Ancaq bir həqiqət, görünən və görünməyən məqam var: haqqa girmək çox böyük günahdır!  O qədər böyük günahdır ki, Allah onu heç vaxt kiməsə bağışlamır, heç haqqı yeyilən adam da düz qiyamətə qədər onun haqqına girən adamı bağışlamayacaq. Ən azından ona görə ki, onun həyatı tar-mar olur, sevinci əbədi kədərlə, dərdlə əvəzlənir.

Ona görə də dostlar, yoldaşlar, qardaşlar, kimlərinsə haqqına girib onu yeməyin, mənimsəməyin! Bundan qorxun, qorxun ki, sizin qabağınıza çıxmasa da, haqqını yediyiniz insanların qarğışı balalarınızın, nəvələrinizin qabağına çıxa bilər. Nə məcburdur ki, imkanınız ola-ola, eviniz-eşiyiniz, maşınınız ola-ola başqa bir kasıb və imkansız adamın sonuncu ümidini əlindən alasınız. Bax, sonuncu ümidi əldən almaq çox ağır günahdır. Bu günaha girməyin! 

  

TƏQVİM / ARXİV