Eşşək nə bilir ki, zəfəran nədir?! - Faiq QİSMƏTĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1391 | 2023-01-05 12:03

Dünyada Allah-Təala bütün insanları kamil və müdrik yaratmayıb. Yəni, birinə var-dövlət, ev-eşik, mülk verib, ancaq kamillik, müdriklik və insanlıq verməyib. Və elə bilməyin ki, dünyada yaşayan insanların hamısı eyni düşüncədə, eyni savadda və eyni qabiliyyətdədir. Hər insan özü də bir dünyadır və bu mürəkkəb dünyanın içində o insan çabalayır, döyüşür, mücadilə edir və axırda da haqqın yolundadırsa, düz yol tutur. Və düz yol tutmaq da, hər adama qismət olmur. Başqa sözlə demiş olsaq, insanlar düz yolla getmək üçün öncə Allahı tanımalı, cəmiyyətdə insan kimi yetişməli, oxumalı və tərbiyə almalıdırlar...

Amma bugünkü cəmiyyətdə ürək ağrısı ilə demək istəyirik ki, insan kimi yol tutub getmək hər adama qismət olmur. Yəni hər adam Allahını tanımır, kitab oxumur, qəzetləri gözdən keçirmir və ən nəhayət, düşünür ki, o, hər şeyi bilir və dünyanın bütün sirlərindən xəbərdardır. Əfsuslar olsun ki, belə düşünənlər, belə həyat tərzi yaşayanlar yüksək vəzifə də tutur, hətta gəlib bizə yol da göstərirlər. Onların Allahı da, Peyğəmbəri də vəzifədir, puldur! Bu adamlar bir dəfə olsun belə xalqın içinə çıxıb insanların hansı çətinliklər içində yaşadığını və hansı sıxıntılarla əhatə olunduğunu görməyiblər. Hətta hər şeyi görsələr də, bütün haqsızlıqlara və ədalətsizliklərə laqeydsizliklə yanaşıblar və fikirləşiblər ki, elə hər şey belə də olmalıdı...

Bizim hamımızın kifayət qədər tanıdığı, savadlı, istedadlı və vətənpərvər insanlar var. Bu gün o insanların çox az hissəsi müəyyən vəzifələrdə əyləşib. Elə az-çox da haqq, ədaləti və mərhəməti qoruyan həmin şəxslərdir. Amma onlara da yuxarıda əyləşən bəzi yüksək vəzifəli şəxslər rahatlıq vermirlər. Bəzən basıb haqq sözü dediyinə görə, onların gözlərini çıxarırlar. Haqqı eşitməyən adam kar, kor və laldır. Bu gün cəmiyyətimizdə belə kar, kor, lallar daha çoxdur. Və biz onların təsiri altında qalmışıq. Düzdü, onların bəziləri gec-tez öz cəzalarına çatır və vəzifədən azad olunurlar. Ancaq təəssüflər olsun ki, həmin şəxslərin yerinə təyin olunmuş bəzi yeni kadrlar da onlardan daha betər mövqe tutur, insanları get-gələ salır, incidir və bir çox halda da qəbula gələn o insanları adam yerinə qoymurlar...

Dahilərdən biri deyib: «Bütün dövrlərdə istedadlı, savadlı və vətənpərvər insanların taleyini cahillər, nadanlar həll ediblər». Bəlkə, yalan deyiblər! Belə deyilmi?! 1937-ci ildə Azərbaycanın ən böyük ziyalılarını, şairlərini, yazıçılarını, filosoflarını, ilahiyyatçı alimlərini kim güllələtdi?! Bunu ki, biz bilirik! Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi və digər böyük Azərbaycan şair və yazıçılarını güdaza verən də elə bu cahillər və nadanlar olublar. Bu gün də məmləkətimizdə belə cahil və nadanlar az deyil. Adam var ki, hər cür vəzifəsi var, nə Səməd Vurğunu tanıyır, nə Məmməd Arazı, nə də Bəxtiyar Vahabzadəni! Onlar bir şeyi yaxşı tanıyırlar: pulu və var-dövləti.

Mənim yaxşı tanıdığım böyük şairlərin arasında Zəlimxan Yaqubun bu xalqın içində çox böyük hörməti, izzəti, sevgisi var. Çünki Zəlimxan Yaqub sevilən və seçilən, təpədən-dırnağa bayatı, qoşma, təcnis, dodaqdəyməz, dildönməzlə yoğrulmuş bir el şairidir. Onun saza, sözə o qədər hörməti olub ki, saz deyəndə onu müqəddəs çörəklə bir tutub. Və Zəlimxan Yaqub «Bu yaşıl ağacın altı bizimdir» deyəndə düşünüb ki, Allah-Təalanın verdiyi hər şeyə min şükürlər olsun! Bir də böyük şairi digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarət olub ki, o, klassik və müasir Azərbaycan şairlərinin əksəriyyətinin şeirlərini əzbər bilib. Və həmişə də bu xalqın, bu millətin arasında, içində olub. Kasıbların, kimsəsizlərin toy məclisinə gedib, orda iştirak edib, xeyir-dua verib və o kasıblar da ona böyük hörmətlə yanaşıb...

Bu yaxınlarda Zəlimxan Yaqub yaradıcılığını başdan-ayağa əzbər bilən və eləcə də Zəlimxan Yaqubun diliylə demiş olsaq, onun «Səyyar kitabxana»sı adlandırılan şair-publisist və 50 ildən çox pedaqoji fəaliyyət ilə məşğul olan, 32 il direktor işləyən, Prezident təqaüdçüsü Səməndər Məmmədov bir məclisə düşür. Tanışlarından biri xahiş edir ki, Səməndər müəllim, bir sağlıq de, biz arağımızı içək! O da gözəl bir sağlıq deyir və sonda da Zəlimxan Yaqubun möhtəşəm bir şeiri ilə fikrini tamamlayır. Məclisdə olan cahil və nadan adamlardan biri Zəlimxan Yaqubun adını eşidəndə ağzını büzür. Bu anı görən dostumuz və qardaşımız Səməndər müəllimin qanı bərk qaralır. Və gəlib hadisəni mənə danışdı. Mən də dedim ki, müəllim, dilxor olub eləmə, eşşək nə bilir ki, zəfəran nədir? Zəlimxan Yaqubu sevən yüz minlərlə Azərbaycan oxucusu var və ona Ulu Öndərimiz Heydər Əliyev və eləcə də Prezident İlham Əliyevə çox böyük qiymət verib. Bu qiymətdən sonra hansı nadan və cahil nə danışırsa, külək qayadan bir şey aparmadığı kimi, onun da danışığı sabun köpüyü kimi bir şeydir.

Gördüm ki, bu sözümdən sonra dostum və qardaşım Səməndər müəllim bir qədər toxtadı. Zəlimxan Yaqubun çox gözəl şeirləri, poemaları var. Təkcə «Peyğəmbər» poeması onu bu xalqın tarixində əbədi yaşadacaq! Çünki böyük Zəlimxan Yaqub həmişə Allahını tanımışdı, Peyğəmbərini tanımışdı və onlara da pənah aparmışdı. İndi o, sevdiyi Allahının və Peyğəmbərinin yanındadı. Məzarı nurla dolsun!

O ki, qaldı nadanlara, onlar yağışdan sonrakı göbələk kimi həmişə var və olacaq! Amma Zəlimxan Yaqub kimi böyük şairlərin, mütəfəkkirlərin, ziyalıların və şəxsiyyətlərin işığında onlar yoxa çıxacaqlar. O işıqda ancaq gül bitə bilər, çiçək bitə bilər və ən nəhayət, insanlıq və kamillik ola bilər...

TƏQVİM / ARXİV