adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əlindən öpdüyüm Həqiqət müəllimə - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2418 | 2023-04-03 16:00

…Deyirlər ki, bir Peyğəmbərin, bir də müəllimin əlindən öpmək olar. Çünki məktəb - Məkkə, müəllim isə Peyğəmbərdir. Allahdan sonra biz bu iki şəxsiyyətə həmişə hörmət bəsləmişik, ən azından ona görə ki, onlar bizə Allahın yolunu göstərib və düz yolda olmağımızı tövsiyyə edib. Bundan gözəl nə ola bilər?!

…Mənim ibtidai sinif müəlliməm, daha doğrusu, IV sinifdə dərs demiş Həqiqət müəllimə ömrüm boyu yadımdan çıxmır. Düzdü, mən onu yaddan çıxarmıram və o da bizi unutmur. Elə bir xeyrimiz-şərimiz olmaz ki, orada iştirak eləməsin. Allah ölənlərinizə rəhmət eləsin, qardaşım Elxanın il məclisində başım çox qarışıq idi. Qonaq-qaramız nəzərdə tutulduğundan da çoxuydu. Bir də gördüm ki, mamam oğlu Tehran başıalovlu məni axtarır. Axır ki, gəlib məni tapdı. Və dedi ki, ay rəhmətliyin oğlu, bayaqdan Həqiqət müəllimə səni gözləyir, hardasan?! Mən vaxt itirmədən qapının ağzında duran Həqiqət müəlliməyə yaxınlaşdım. Məni görən kimi gözləri doldu və bağrına basdı. Yəni, bu o demək idi ki, sənin ən ağır günündə qorxma, müəllimən yanındadı! Atam rəhmətə gedəndə də, anam dünyasını dəyişəndə də, böyük qardaşım haqq dünyasına qovuşanda da, bax beləcə məni bağrına basmışdı, ana məhəbbəti ilə dərdimə şərik olmuşdu. Mən də onu qucaqladım, ancaq əlindən öpdüm və əlindən öpməklə bir anlıq ömrümün düz IV sinifdə oxuduğum anlarına qayıtdım...

…Onda IV “a” sinfində oxuyurdum. Heç elə də yaxşı dərslərimə hazırlaşmırdım. Həqiqət müəllimə də həmin ili ali məktəbi yenicə bitirmişdi və ilk dəfə bizə dərs deyirdi. Çox tələbkar, intizamlı, odlu-alovlu və savadlı bir ziyalı idi. Həm də həddindən artıq gözəl idi. Müəllimə kimi, insan kimi və ən nərhayət anamız kimi gözəl idi. İlk dərsdən zəif uşaqları axtarıb, tapdı və o, zəif uşaqları qısa zamanda öyrətməyi bacardı. Ən zəif uşaqlardan biri də mən idim. Çox vaxt dərsə hazır gəlmirdim. Bu da müəlliməni çox əsəbləşdirirdi. Soruşurdu ki, niyə dərsə hazır deyilsən?! Deyirdim ki, müəllimə oxuyuram, yadımda qalmır. Müəlliməsə özünəməxsus bir təmkinlə bildirirdi: «Sən çalış, əziyyət çək, dediklərimi yadda saxla və görəcəksən ki, yavaş-yavaş hər şey öz yerinə qayıdır». Doğrudan da, birinci rübdə çox çalışdım, çox əziyyət çəkdim, gördüm ki, müəllimə düz deyirmiş, bütün dərslər yadımda qalır və birinci rübü 4-5-lə başa vurdum. Sonrakı rüblərdə isə əlaçı oldum…

Bilirsiniz, nəyin hesabına?! Hamısı Həqiqət müəllimənin zəhməti hesabına! Məni hamıdan yaxşı oxuyan mama oğlu Təbrizə tapşırmışdı. Demişdi ki, Faiq dərsini bilməsə, birinci səni çubuqla döyəcəm. O, da yalvarıb-yapışırıdı ki, dayı oğlu, məni Həqiqət müəlliməyə döydürmə! Amma bir-iki dəfə dərsimi bilmədiyimə görə, müəllimə onu çubuqla döymüşdü, sonra da məni çubuğun altına salmışdı və bu çubuq bizə elm öyrətdi, tərbiyə verdi, düz yol göstərdi və axırda da adam elədi, istədiyimiz ali məktəbə girib, seçdiyimiz ixtisasa yiyələndik…

…O, tək məni çubuqla döymürdü, dərsini bilməyən şagirdlərin hamısını o, çubuğa «qonaq» eləyirdi. Bacısı oğlu Baratı, Zülfüqarı, Əsgəri, Şakiri, Rəfaeli, Zakiri… ümumiyyətlə, dərsini bilməyən hər birimizi bu çubuqla qorxuzurdu. Bizim slinifdə Həqiqət müəllimənin dərs dediyi dövrdə 30 nəfərdən 25-i əlaçı çıxdı. Qalan o beş nəfər də 4-5-lə oxudu...

...Bu gənc pedaqoqun, ilk dəfə dərs deyən müəllimənin ən böyük uğuru, ən böyük hədiyyəsiydi. Onun çubuğuna, bizi vuran əlinə, bizi adam eləyən ürəyinə qurban olum!!! Bu sözləri tək mən demirəm ha, oxuduğumuz uşaqların hamısı deyir. O gün Zülfüqar əmioğluyula danışanda bir daha Həqiqət müəlliməni yada saldıq, xatırladıq və dedik ki, nə yaxşı belə böyük ziyalılar varmış və onlar olmasaydı, biz də ziyalı kimi yetişməzdik!..

...Atam rəhmətliyin bir sözü heç vaxt yadımdan çıxmır. İlk gündən Həqiqət müəlliməyə demişdi ki, bu uşağın əti mənim, sümüyü sənin, nə cəza verirsən, nə eləyirsən bilmirəm, buna görə sənə «gözün üstə qaşın var» demərəm. Təki mənim oğlum oxusun, savad alsın, adam olsun! Bu sözləri qardaşımın yas məclisində bir daha Həqiqət müəllimə yenidən xatırlatdı və bir daha başa düşdüm ki, Həqiqət müəllimə kimi ziaylılar gün işığı kimidir. Heç vaxt sönmür və heç vaxt hərartələri azalmır. Həqiqət müəllimə də deyir ki, Allaha and olsun mən də elə bilirəm, dərs dediyim uşaqların hamısı mənim balalarımdır. Müəllimə düz deyir, o, bizimlə müəllimə kimi yox, həmişə ana kimi görüşür və bağrına basır.

Bizi bağrına basan Həqiqət müəlliməni Allah qorusun və Allah onun mükafatını versin! Həqiqət müəllimə, biz səni anamız qədər, Vətənimiz qədər və ən nəhayət, Peyğəmbərimiz qədər çox istəyirik. Tək mən yox ey, sənin dərs dediyin bütün uşaqlar! Nə yaxşı ki, Sizinlə görüşdüm və əllərinizdən öpdüm, bu məni elə sevindirdi ki, ən azından ona görə ki, gəncliyinizin odunu-atəşini, nurunu, işığını bizə vermisiniz. Biz də o tşığı, nuru qaytara bilməsək də, heç olmasa sevgimizi əllərinizdən öpməklə bildiririk! Nə vaxta qədər ki, dünya var, günəş var, hava, su var, o vaxta qədər də müəllimlərimiz həmişə yaşayacaq, şagirdlərin qəlbində özlərinə əbədi heykəl quracaqlar. O heykəlin birini də bizim qəlbimizdə Həqiqət müəllimə yaradıb. Nə zamanın küləyi, yağışı, nə də dərdi, kədəri o əbədi heykələ heç bir şey eləyə bilməz. Bir daha mənim gözəl müəlliməm Həqiqət xanımı Allah qorusun!!!

TƏQVİM / ARXİV